Xoşqədəmin "ölü"yə ismarışı, Təranənin Nazəninin ərinə mesajı - HƏFTƏBECƏR

15-06-2015, 23:23   

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (31-ci say) təqdim edir.

Müğənni Nazəninlə həmkarı Təranə Qumralın davasının səs-sorağı belə getsə, Haaqa məhkəməsinə qədər gedib çıxacaq. Nazənin bu dəfə müsahibəsində deyib ki, Təranə Qumralın onun həyat yoldaşına yazdığı intim mesajları şəxsən oxuyub. Təranə Qumral da qarşı tərəfin bu sözlərinə cavab verməyi hüquqi nümayəndəsi Vüqar Səfərliyə həvalə edib. İntəhası, mən burada bir məsələni başa düşmədim. Məgər həmin mesajları Nazəninin həyat yoldaşına Vüqar Səfərli yazıb? Təbii ki, əgər sözügedən mesajlar, doğrudan da, mövcuddursa.

ANS telekanalında yayımlanan "İncə maraqlar" verilişi bağlanıb və proqramın aparıcısı Elnarə Təhməzova efirdən uzaqlaşdırılıb. Buna səbəb isə Təhməzovanın bir müddət öncə aparıcısı olduğu verilişdə inanclı insanlar barədə işlətdiyi xoşagəlməz ifadədir. Hətta buna görə telekanalın baş direktoru Mirşahin Ağayev və aparıcı Elnarə Təhməzova tamaşçılardan üzrxahlıq ediblər. Məncə, təqdir ediləcək addımdır.

Xoşqədəm Hidayətqızını yenə əsəbləşdiriblər. O, bu dəfə aparıcısı olduğu "Sən tək deyilsən" verilişində hirslənib. Deməli, bir qadın probleminin həlli üçün verilişə üz tutub. Deyib ki, ailə qurduğu Türkiyə vətəndaşı onu aldadıb və uşaqlarının alimentini vermir. Sonra da əlavə edib ki, həmin şəxslə rəsmi nikahı olmayıb. Xoşqədəm Hidayətqızı da ona yardım üçün müraciət edən xanımı o ki var qınayıb, tənqid-töhmət edib. Deyib ki, xanım, sizin aldadılmağınızın Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Görürsünüz, mən də Türkiyə vətəndaşı ilə ailə qurmuşam və sair. Yeri gəlmişkən, Doğuş son vaxtlar gözə dəymir. Hə, bəstəkar Faiq Sücəddinov da etməyib tənbəllik, qoşulub Hidayətqızına. Qadını o ki var danlayıblar. Verilişin ekspertləri və tamaşaçılar da baxıb feyziyab olublar. Yaşadığım qəsəbədə bir çinli ilə ailə quran qadın var. Gərək onu da kömək adıyla birtəhər göndərək həmin verilişə, qoy Xoşqədəm xanım onu da danlasın. Qadın ərindən narazılıq edir ki, bəs səkkizinci uşağımız olur, amma kişi doyub-dolanmaq bilmir. Soruşuram ki, neynəyirik bu qədər usağı? Çinli kişi də deyir ki, zalım balası, Çində bir uşaqdan artığına icazə verilmir. Ona görə də özümə burada gün ağlayıram. Yeri gəlmişkən, Hidayətqızı bir nəfərə də efir vasitəsilə ismarış göndərib. Deyib ki, kimsə onun verilişinə gələn qonaqlara deyir ki, "Sən tək deyilsən"ə getməyin:

"Allah sənə ağıl versin. İşin-gücün yoxdur? Kül başına, bədbəxt!!! O zəng etdiklərin, görüşə çağırdıqların kişi paltarı geyinən arvadlar deyil. Kişidirlər və sənin kimilərini eşitməzlər. Necə ki, görüşə çağırdıqlarının bəziləri verilişimdə iştirakı ilə kişiliyin nə olduğunu sənin kimilərə sübut etdilər. Get intriqalarınla, şantajlarınla məşğul ol. Mən öz işimlə məşğulam. İnan ki, sən, ya bir ölü, mənim üçün fərqi yoxdur".
Sağ ol Xoşqədəm xanım, ölülərin də dilini bilir e. Canlı yayımdan ölü dediyi adama göndərdiyi ismarışa bax. Əhsən!

Bir müğənni var. "Həftəbecər"də adını çəkib ikinci dəfə reklam etmək istəmirəm. Bir həftə öncə mənə verdiyi müsahibədə səsləndirdiyi fikirləri danır. Hətta çıxıb açıqlama verib ki, bir də belə hal təkrarlansa, məni məhkəməyə verəcək. Qulağıma çatan xəbərlərə görə, "Həftəbecər" layihəsini dayandırmaqla da hədələyib məni. Bu yerdə deyirlər ki, Allah adamın ağlını alınca canını alsa, ondan yaxşıdır.

Nadir Bayramlı sənət aləminin abırlı, qalmaqalsız, neytral isimlərindəndir. İndiyə kimi bu sənətçinin kiminləsə söz-söhbətini görməmişəm. Amma onu da dilə gətiriblər. Deyib ki, bir müddət meydandan kənarda qalıb və görüb ki, ortalıq doludur üzdəniraqlarla. Ay rəhmətliyin nəvəsi, heç ortalıqda düz-əməlli adam var ki? Günün günorta çağı əliçıraqlı gəzirsən, beş nəfər əməlli adam tapmaq olmur.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.