Nemət Pənahlının çempion oğlu danışdı: “Atam həbsdə olmasaydı...” - FOTOLAR

16-06-2015, 18:06   
Nemət Pənahlının çempion oğlu danışdı: “Atam həbsdə olmasaydı...” - FOTOLAR


Hazırda Qobustan həbsxanasında cəza çəkən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının oğlu Orxan Pənahlının Respublika çempionu olması barədə xəbər vermişdik. Məhbus siyasətçinin oğlu MMA (Mixed Martial Arts – Qarışıq Döyüş İncəsənəti) üzrə qalib olub.

Orxan Pənahlı qələbə təəssüratlarını musavat.com ilə bölüşdü: “İdmanla uşaqlıqdan məşğul oluram. Buna görə də atama minnətdaram. Uşaq yaşlarımızdan atam bizə idmanın önəmini başa salıb. Biz səhlənkarlıq edəndə, daim idmana məcbur edib. Müəyyən yaşdan sonra idmanın önəmini özüm də anladım. Ümumiyyətlə, kişi üçün fiziki hazırlıq çox önəmlidir. Dünya səviyyəsində bir millətin təmsilçisi olmaq, vətənini, millətini dünyada tanıtmaq çox vacibdir. 5 yaşımdan idmanın müxtəlif növləri ilə məşğul olmuşam”.



Məhbus siyasətçinin çempion oğlu idmandakı uğurlarından da danışdı: “İndiki qələbəm ilk uğurum deyil. Bundan əvvəl, bir dəfə Kikboks üzrə respublika çempionu olmuşam, Avropa yarışlarında isə üçüncü yeri tutmuşam. İnamsız yarışa girmək olmaz. Mən ilk növbədə müəllimlərimə, onların mənə verdikləri qiymətə, sonra isə özümə güvənmişəm. Müəllimlərim mənə başqalarından fərqli olduğumu deyəndə, Allahdan idman sahəsində xüsusi istedad verildiyini söyləyəndə gücüm, inamım artıb. Uğur yer tutmaq, medal qazanmaq deyil. Sözsüz ki, çox çətinliklərim var. Amma bu gün fiziki hazırlığımla məşğul ola, seçilə bilirəmsə, bu, ən böyük uğurumdur. Atam həbsdə olmasaydı, maddi imkanlarım olsaydı, daha yüksək mərtəbələrə qalxardım. Məndən daha vacib olan dövlət və ölkəmin uğurudur. Amma təəssüf ki, bu gün reallıq başqadır”.



Orxan Pənahlı çempion olduqdan bir gün sonra həbsxanada atası ilə görüşündən də söz açdı: “Atam idmanla bağlı uğurlarımıza çox önəm verir. Nailiyyətimə görə çox sevindi. Düşünürəm ki, qələbəm elə də böyük uğur deyil. Atam da bunu dedi. Bilirəm ki, qələbəm həbsdə olan atam üçün bir fərqli oldu. Bilirdim ki, atam dörd divar arasındadır, qalib gəlsəm, çox sevinəcək. Bunu düşünüb, uduzmağı ağlıma belə, gətirmirdim. Bəlkə də, onun qəlbində keçirdiyi hissləri, onun qədər anlaya bilmərik. Amma daim çalışmışam ki, həbsxanada xoş xəbərlərimizi eşitsin”.



Orxan Pənahlı Avropa Çempionatına buraxılmaması barədə isə bunları dedi: “Mənim adımı boks üzrə yığmaya salmışdılar. Müəllimim mənə güvəndiyini və Avropa Çempionatında birincilik qazana biləcəyimi deyirdi. Qızğın məşqlər keçirildiyi günlərin birində mənə dedi ki, daha gəlmə... Heç bir səbəb yox idi. İndiyə qədər də nə yığmanın rəhbəri, nə də müəllim bununla bağlı mənə izahat verməyib. İdman sahəsindəki uğur elə bir şeydir ki, təkcə insanın özü üçün deyil, eyni zamanda, dövlət üçündür. Bu gün qazandığım uğur üçün ali təhsil aldığım Slavyan Universitetinin adına sevinirəm. Soruşanda deyirəm ki, oranın tələbəsiyəm. Bunun nəyi pisdir ki..?"



Orxan Pənahlı idmanın siyasətə qarışdırılmamasının vacibliyini də vurğuladı: "Hesab edirəm ki, idmanın siyasətə heç bir dəxli yoxdur. Amma təəssüf ki, bu gün belə deyil. Çox vaxt belə şeyləri yaltaqlanmaq üçün edirlər. Qorxu da ola bilər. Mənə elə gəlir ki, ölkə prezidenti bunu bilsəydi, qarşı çıxardı. Əminəm ki, yarışlara qatılsaydım, uğur qazanardım. Sözsüz ki, qalib olsaydım, bayrağımız yüksələcəkdi. Yerimə kimsə göndərilməli idi. O şəxsə uğurlar arzulayıram. İnşallah qalib olar. Kimin olmasından asılı olmayaraq, Azərbaycan adı varsa, uğura sevinmək lazımdır. Şəxsən mən belə tərbiyə almışam. Nə olursa-olsun, insan dövlətçiliyə sadiq olmalıdır və onu uca tutmalıdır. Müxalifətdə və ya hakimiyyətdə olmasından asılı olmayaraq...”

Cavanşir ABBASLI



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar