Avropa Şurası Azərbaycan hakimlərini qəbul etmədi

17-06-2015, 08:46   
Avropa Şurası Azərbaycan hakimlərini qəbul etmədi

Qurumun yay sessiyasında ölkəmizdə demokratiya məsələsi müzakirə olunacaq

Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçki komitəsi Azərbaycan hökumətinin Avropa Məhkəməsində hakimliyə namizədliyini irəli sürdüyü şəxsləri qəbul etməyib. Bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞPA) məlumat yayıb.

Məlumatda deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçki komitəsi iyunun 9 -10-da Parisdə keçirilən toplantısında Azərbaycan, Ermənistan, Latviya, Lüksemburq və Monako hökumətlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə hakimliyə namizədliyi irəli sürülmək üçün təqdim etdiyi şəxslərin ixtisas qiymətləndirməsini aparıb.

Beləliklə, komitə Ermənistan, Latviya, Lüksemburq və Monakonun irəli sürdüyü şəxslərdən hakimliyə namizəd irəli sürülmək üçün bir nəfəri müəyyən edib.

Komitə Azərbaycandan namizədliyi irəli sürmüş Azərbaycan hökümətinin Avropa Məhkəməsində nümayəndəsi Çingiz Əsgərovu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanı, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışovanı kifayət qədər yaxşı kvalifikasiyalı hesab etməyib və siyahını rədd edib.

AŞPA Azərbaycan hökumətindən yeni namizədlərin irəli sürülməsini xahiş edəcək (contact.az).

Bu arada AŞPA-nın 22-26 iyunda keçiriləcək yay sessiyasının gündəliyi də açıqlanıb. Müzakirə olunacaq mövzular arasında Monitorinq Komitəsi məruzəçilərinin “Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında” hesabatı da olacaq. Hesabata iyunun 23-də baxılacaq.

Sessiyada müzakirə olunacaq mövzular arasında Ukraynadakı vəziyyət, RF nümayəndə heyətinin səs hüququ, Macarıstandakı vəziyyət və s. də var.

Azərbaycanla bağlı məruzəyə gəlincə, hesabatda Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi, ölkədə məhkəmə sisteminin vəziyyəti, noyabrda keçiriləcək parlament seçkiləri fonunda seçkilər problemi qiymətləndirilir.

Sənəddə qeyd edilir ki, Venesiya Komissiyasının seçki qanunvericiliyində islahatlarla bağlı əvvəlki tövsiyələrinə ölkə hakimiyyəti məhəl qoymayıb.

Məruzə müəllifləri ölkədə ifadə və toplaşmaq azadlığı hüquqlarına riayət olunmaması, məhkəmə sisteminin icra hakimiyyətindən asılılığı faktlarını qeyd edirlər.

“Monitorinq Komitəsi insan hüquqları sahəsində vəziyyətin pisləşməsindən və müstəqil QHT və hüquq müdafiəçilərinin fəaliyyəti üçün imkan olmamasından, müstəqil KİV-in təqib olunmasından ciddi narahatlığını bildirir”.

Həmçinin, sənəddə hökumətə “bu sistemli təqiblərə və hakimiyyəti tənqid edənlərin boğulmasına son qoyulması” çağırışı yer alır.

Məruzədə həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin bütün əvvəlki tövsiyə və qərarlarının tətbiq edilməsi və ölkədə real hakimiyyət bölgüsünün, ifadə və toplaşmaq azadlığının təmin edilməsi zərurəti vurğulanır (contact.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.