Ancaq problem 20 il öncə harada idisə, hələ də ordadır; amerikalı keçmiş həmsədr nədən narahatdır? Ekspert: “Ən azı 7 rayonun geri qaytarılması məsələsində ortaq baxış formalaşıb...”
2015-ci ilin az qala tən yarısı başa çatmaqdadır. Bu müddətdə Dağlıq Qarabağa dair danışıqlarda demək olar, heç bir ciddi hərəkətlilik qeydə alınmayıb. Yalnız ATƏT-in Minsk Qrupunun regiona səfərləri və onların münaqişə tərəflərinin rəsmiləri ilə görüşləri haqda ümumi növbətçi bəyanatlar, problemin həllinə ümid ifadə edən ənənəvi açıqlamalar eşitməli olmuşuq.
Doğrudur, Ukrayna böhranı Qarabağ mövzusuna öz neqativ təsirini göstərib və göstərməkdədir. İstənilən halda belə getsə, 2015 nizamlama tarixinə ən sönük il kimi düşəcək. Yenə müəyyən ümid qığılcımı yaranmışdı ki, hərbi əməliyyatlardan qaçmaq və danışıqlar prosesini dalandan çıxarmaq üçün növbəti əlverişli bir şans yaranıb. I Avropa Oyunları ilə bağlı Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Azərbaycan paytaxtında bir araya gəlməsinə bəslənən ümidlər nəzərdə tutulur.
Məlumdur ki, üç prezident Bakıda ikitərəfli formatda görüşlər keçirib. Ölkə başçıları iki və çoxtərəfli əlaqələrin mövcud durumundan məmnunluq ifadə edib, bu əlaqələri daha yüksəyə qaldırmağın zəruriliyini bəyan ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bakıda Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Qarabağ münaqişəsinə də toxunulduğunu söyləyib.
Lakin əfsus ki, Bakı fürsəti də postsovet məkanının ən “uzunömürlü” münaqişəsinin həllini yaxınlaşdırmaq üçün istifadə olunmadı. Hər halda, kənardan, görüşlərlə bağlı verilən açıqlamaların yaratdığı ilkin təəssürat belədir ki, məsələyə yanaşmada şimal qonşumuzun yanaşmasında prinsipial dəyişiklik yoxdur.
***
Bəzi siyasi şərhçilər hesab edir ki, son vaxtlar Rusiyanın Dağlıq Qarabağ məsələsinə təsir imkanları artıb. Belə hesab edilir ki, Kreml konfliktin həllində indi daha ciddi rol oynaya bilər, nəinki digər həmsədr ölkələr. Belədirmi? Belədisə, o zaman Rusiya əlindəki imkanlardan niyə yararlanmır və yaxud yararlanmaq istəmir?
Bu xüsusda ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri və Amerikanın Özbəkistandakı sabiq səfiri Cozef Presselin maraqlı yanaşması var. Musavat.com xəbər verir ki, onun qənaətincə, problemin həllində işıq ucu görünmür və bunun da mühüm səbəbi həm münaqişə tərəflərinin, həm də Rusiyanın mövqeyi ilə bağlıdır.
“Təəssüf ki, 20 il öncə mən həmsədr olarkən situasiya necə idisə, indi də olduğu statusda qalıb. Bura onu əlavə etmək olar ki, zaman keçdikcə hər şey pisləşib, hər iki tərəfdən insanlar öz mövqelərində möhkəm durublar və heç nəyi dəyişmək istəmirlər. Minsk Qrupu çərçivəsində mən Azərbaycan və Ermənistanı yaxınlaşdırmağa çalışırdım ki, tərəflər arasında şəxsi əlaqələr yaransın, onlar bir-birini daha yaxşı tanısınlar. Hazırda bu iki ölkə arasında belə əlaqələr yoxdur” - deyib Pressel.
Onun sözlərinə görə, hazırda Rusiya konfliktdə əsas oyunçudur ki, bu da çox pis haldır: “Həmçinin də Ukraynadakı olaylar səbəbindən bütün postsovet məkanında situasiya ağırlaşmaqdadır. Əfsus ki, Donbasdakı hadisələr Qarabağ məsələsində hər hansı irəliləyiş olacağına nikbinlik yaratmır”. Sabiq həmsədr ixtilafın həllinin Minsk Qrupu formatından və ya həmsədrliyə yeni dövlətlərin gətirilməsindən daha çox münaqişə tərəflərinin iradəsindən asılı olduğunu xüsusi qeyd edib: “Minsk Qrupu sehrli düymə deyil ki, ona basmaqla konflikt nizamlansın və ya hansısa nəticə əldə edilsin. Qarşılıqlı iradə ortada yoxdursa, münaqişə nizamlanmayacaq”.
Keçmiş diplomat habelə Güney Qafqazda vəziyyətin tədricən pisləşdiyini vurğulayıb: “Təəssüf ki, belədir. Nə eləmək olar bununla? Yalnız onu deyə bilərəm ki, bu - kiçik dövlətlərin problemidir. Onlar fəlakətdən qaçmağı bacarmalıdır. Həllə o zaman nail olmaq mümkündür ki, ilk növbədə ölkə özü dəyişikliklərə hazır olsun. Qarabağ məsələsinə gəlincə, tərəflərdən hər biri 100 faiz haqlı mövqedə olduğunu bəyan edir, heç kim güzəştə getmək istəmir. Nə vaxta kimi belə davam edə bilər? Siz konflikti beləmi həll etmək istəyirsiniz?”
Rusiyanın mövqeyindən danışan eks-diplomat əmindir ki, Kreml Dağlıq Qarabağ məsələsini yoluna qoymaq istəmir. “Bu həqiqətən belədir. Əgər Azərbaycan və Ermənistan Sovet İttifaqını bərpa edib onun tərkib hissəsi olmaq istəyirsə, o zaman heç bir həldən söhbət getməyəcək. Çox pis haldır ki, belə tendensiyalar var. Ancaq mən Kremlin yerinə qərar verə bilmərəm” - deyə eks-vasitəçi Moskvanın Qarabağ probleminin həllini necə görməsi ilə bağlı suala cavab verərkən vurğulayıb.
***
Ancaq Rusiyanın Qarabağla bağlı güddüyü hədəflər zatən bəlli. Bu barədə çox danışılıb. Bəs Qərbin özü məsələdə rəsmi Kremldən daha ədaləti mövqe sərgiləyə bilirmi, bilmirsə, buna kim və nə mane olur - Rusiya, yoxsa?..
Çoxillik müşahidələr göstərir ki, Qərb də ədalətli ola bilmir. Ən isti nümunə: ötən ay Riqada keçirilən Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində tərəfdaş ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunsa da, sənəddə Rusiya kimi Ermənistandan da öz qonşusuna qarşı işğalçılıq hərəkətlərinə son qoyulması tələbi əksini tapmadı. Üstəlik, işğalçı Ermənistan AB-nin “Şərq Tərəfdaşlığı” Proqramının 6 üzvündən biridir.
Absurdluq da ondadır ki, bir “tərəfdaş” dövlət başqa bir tərəfdaş dövlətin ərazisini işğal edib və 25 ildir nəzarətdə saxlayır. Di gəl, Rusiyanın Krımı ilhaq eləməsinə görə Moskvaya qarşı bütün sanksiyalar dolağını işə salan Qərb Ermənistana gələndə tamamilə əks siyasət yürüdür, təcavüzkarın başını tumarlayır, Qarabağın separatçı liderlərinin Amerikada, Avropa dövlətlərində sərbəst gəzib-dolaşmasına şərait yaradır, onlara siyasi-maliyyə yardımları göstərir. Görəsən, niyə?
Bax bu suala obyektiv cavab verilməyincə, Qarabağ məsələsində AB və ABŞ-ın Rusiyadan daha obyektiv, daha ədalətli olduğuna kimsə inanmayacaq. Ən azından Azərbaycanda. Demək, Azərbaycanın Qərbə inteqrasiya prosesi də heç vaxt Qərbin umduğu tempdə olmayacaq.
***
Qayıdaq Rusiyanın problemə təsir imkanlarına. Bu imkanları fərqli, nikbin dəyərləndirənlər də var. Məsələn, politoloq Qabil Hüseynliyə görə, Azərbaycan-Rusiya arasında Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi danışıqlar gedir və xeyli irəliləyiş də var (axar.az): “Ən azından 7 rayonun geri qaytarılması məsələsində ortaq baxış formalaşıb. Düzdür, prosesdə Minsk Qrupunun həmsədrləri də iştirak edəcək, ancaq əsas məsələ iki ölkə arasındakı razılaşmadan keçir. Sözsüz ki, prezidentlərin Bakı görüşündə məsələnin bu və ya digər məqamlarına toxunulub. Yaxın aylarda - sentyabrdan sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağı gündəmdədir. Görüş zamanı Ermənistan tərəfinin bir növ nəbzi yoxlanılacaq, bununla da baş verən proseslərə İrəvanın reaksiyası aydın surətdə ortaya çıxacaq”.
Moskvanın gec-tez yola gələcəyini və ortaq bir nöqtənin tapılacağını deyən politoloq çox önəmli məqamlara aydınlıq gətirib: “Putin yaxşı başa düşür ki, ölkəsi arzuolunmaz vəziyyətdədir və yalnız Türkiyə ilə Azərbaycan ona əl uzadıb. Rusiya lideri Azərbaycanla münasibətlərdə tərəqqi əldə edə bilsə, o, bir çox şeyə nail olacaq. Məsələn, hər iki dövlətin birgə maraqlarına toxunulmadan Avropa ilə razılaşdırılmış qaz siyasətini həyata keçirmək mümkün olacaq. Bundan əlavə, Moskva bu gün şimal dəmir və şose yolu dəhlizi üzərində işləyir. Qərb isə Azərbaycandan keçən, Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars qaz dəmir yolu layihəsini başa çatdırmaq üzrədir. Bunun yaratdığı üstünlükləri öz xeyrinə dəyişdirmək üçün Rusiya bir növ Azərbaycandan keçməklə İranın Bəndər-Abad dəniz portunu birləşdirəcək böyük şimal nəqliyyat dəhlizinin işə salınmasını nəzərdə tutur ki, bu da Azərbaycansız mümkün deyil”.
Politoloq onun da bildirib ki, Rusiya bu gün üzünü Azərbaycan və Türkiyəyə çevirsə, daha çox uda, hətta indiyədək itirdiklərinin yerini doldura bilər: “Moskvanın Azərbaycan və Türkiyənin Avrasiya İttifaqına və Gömrük Birliyinə daxil olması barədə öz istəyini bildirməsi əbəs yerə deyil. Bir sözlə, Kreml Qarabağ probleminin həllində səy göstərməyə, Bakı və Ankara ilə iqtisadi əlaqələr qurmağa məcburdur. Çünki bu, onun da işinə yarayır. Belə olan tərzdə Rusiya həm iqtisadi problemlərini həll etmək imkanı qazana, həm də bu ölkələri birliyə qoşmaqla dünyadan təcridolunma siyasətini bir növ kompensasiya edə bilər”.
Q.Hüseynli Qərbin mövcud sanksiyalarından qurtulmaq üçün Kremlin daha böyük planının olduğunu da açıqlayıb: “Moskva cənuba can atır, müsəlman dünyası ilə əlaqələri genişləndirmək istəyir, xüsusilə də Dubaya - azad ticarət zonasına çıxmaqla Qərbin sanksiyalarını heçə endirməyi planlaşdırır. Bunun fonunda Dağlıq Qarabağ və yaxud Ermənistanla strateji müttəfiqlik Rusiya üçün elə də mühüm əhəmiyyət kəsb etmir. Çünki Moskva böyük Dubay planı ilə hər iki məsələdən qat-qat çox divident qazanacağını çox yaxşı bilir...”