Nadir Abbasovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü bildirilir
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun da adı da Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda hallanır. Bu barədə “Azadlıq”a daxil olan məlumata görə, artıq Nadir Abbasov bu məsələ ilə bağlı DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Onun həbsi barədə qərar verilib-verilmədiyi dəqiq bilinmir. Məlumatda deyilir ki, Nadir Abbasovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü iddia olunur. Məlumatı nə DIN, nə də Abbasovlarla dəqiqləşdirmək mümkün olub.
Xatırladaq ki, Abbas Abbasov “Milyarderlər Ittifaqı” yaranandan sonra Azərbaycan hakimiyyətinin hədəfinə gəlib. Hazırda Rusiyada olan Abbas Abbasovun ölkəyə gəlməsi onun üçün təhlükəyə çevrilib. Bildirilir ki, baş nazirin sabiq müavini Azərbaycana gələcəyi təqdirdə həbs oluna bilər. Hakimiyyət mediasında ona qarşı aparılan kampaniya da Abbas Abbasovun qələminin qırıldığını deməyə əsas verir. Bundan başqa onun Azərbaycandakı biznesinin çökdürüldüyü, yaxınlarının təqib olunduğu barədə məlumatlar var.