Qovulmuş səfir prezidentin ətrafını hədəf aldı; Arif Məmmədovla Abbas Abbasovun və nəqliyyat nazirinin yaxın münasibətləri haqda ilginc məlumatlar; sabiq səfirin atasına Nəqliyyat Nazirliyində kim vəzifə verib?; Avropa Oyunları ərəfəsində şəhər nəqliyyatındakı külli-miqdarda paydan məhrum edilən Məmmədovlar əsas vəzifə kürsüsünü də itirə bilərlər
İslam Konfransı Təşkilatının Avropa Birliyindəki səfiri Arif Məmmədov postundan uzaqlaşdırılmasından sonra böyük siyasətə qoşulması barədə bəyanatına daha birini əlavə edib. Siyasət meydanına radikal müxalifətçi obrazında gələn Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
Arif Məmmədov sosial şəbəkələrdə paylaşdığı müraciətində bəzi KİV-lərdə səfirlərin dövlət başçısına qarşı sövdələşməsi ilə bağlı məlumatlara toxunub. Sabiq səfir bu məlumatları “Prezident Administrasiyasındakı bir sıra məmurların uydurması adlandırıb: ”Provokasiya bu adamların qadir olduğu yeganə şeydir. Onlar bütün Azərbaycan xalqına, ağıllı və qabiliyyətli insanlara nifrət edirlər, özlərinin səbatsızlığına bununla haqq qazandırmağa çalışırlar. Cənab prezident, cəsarətli qərarlar qəbul etmək və ölkəni bu çirkabdan təmizləmək lazımdır. Bu adamları Azərbaycan xalqı sevmir. Onlar sizin imicinizə zərbə vurur, dünyada ölkəmiz haqqında mənfi imic yaradırlar. Bu adamlar ölkənin xərçəng şişidir. Siz onları yaxşı tanıyırsınız. Bu cür adamlar sizin komandanızdakı sonuncu yaxşı kadrlara hücum edirlər".
Arif Məmmədov ad çəkmədən bildirir ki, həmin məmurlar xarici işlər naziri başda olmaqla, ən yaxşı diplomatları hədəfə alıblar: “Siz təcili qərarlar qəbul etməsəniz, onlar dayanmayacaqlar. Azərbaycan xalqı Sizin doğru qərar verəcəyinizə inanır”.
Qeyd edək ki, ölkəni böhran vəziyyətindən çıxarmaq üçün qarşıdakı 10 ili əhatə edən proqram üzərində işlədiyini bəyan edən A.Məmmədov bir neçə gün əvvəl prezidentliyə namizəd olacağını da açıqlamışdı.
“Yeni Müsavat” ötən saylarında Arif Məmmədovu müxalifətçiyə çevirmək planı olduğu barədə bir neçə məqalə yazıb. Yazılarda vurğulanırdı ki, A.Məmmədovun “İbrahimbəyov ssenarisi” kimi, əvvəl ayrı-ayrı məmurları, sonra dövlət başçısının ətrafını, nəhayət, prezidenti hədəfə alacağı gözləniləndi. A.Məmmədov addım-addım “müxalifətçilik yolunda” irəliləyir...
O, “İbrahimbəyov variantına” - yəni onu canı-dildən müdafiə edən Milli Şuraya həmsədrliyə gətiriləcəyi və Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla çox yaxın münasibətləri olması barədə xəbərlərə nədənsə reaksiya verməyib. Halbuki ölkə mediasını diqqətlə izləyən sabiq səfir barəsində yazılan ən xırda detallara dərhal öz şəxsi facebook səhifəsində reaksiya verməyə çalışır. Bu dəfə isə nədənsə susur və Abbas Abbasov da hələ ki özünü “ələ vermir”.
A.Məmmədovla A.Abbasovun və nəqliyyat naziri Ziya Məmmədovun yaxın münasibətləri haqda daha ilginc məlumatlar da var.
Belə ki, Arif Məmmədovun atası Zahid Məmmədov uzun illər Abbas Abbasovun himayəsi altında işləyib. Əslən Gürcüstandan olan Zahid Məmmədov Gəncə Alüminium Zavodunda sex rəisi vəzifəsini tutub, Abbas Abbasov isə həmin zavodun direktoru olub. Səfirin atasının 1989-1991-ci illərdə Gəncə Lokimotiv Deposunun rəisi vəzifəsində işləyən indiki nəqliyyat naziri Ziya Məmmədovla da dostluğu o zamandan yaranıb.
Bu dostluq uzun illər davam edib. Ziya Məmmədov nazir təyin olunan zaman Zahid Məmmədovu işlədiyi Gəncə Ət Kombinatından işdən çıxarıblar. Ziya Məmmədov dostunu dəstəksiz buraxmayıb. Onu Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinə məsul vəzifəyə gətirib. Zahid Məmmədov xeyli müddət Z.Məmmədovun rəhbərlik etdiyi nazirlikdə məsul vəzifədə çalışıb.
Qeyd edək ki, Ziya Məmmədovla Abbas Abbasovun yaxın dost və biznes ortağı olması yeni informasiya deyil. 2013-cü il prezident seçkisi ərəfəsi Kremlin yaratdığı “Milyarderlər İttifaqı”nın əsas siması olan Abbas Abbasov təkcə özünü deyil, onunla yaxın münasibətləri olan Telman İsmayılovu, eləcə də bu ikilinin yaxın dostu Ziya Məmmədovu da hər hansı formada, ittifaqa qoşmağa cəhdlər göstərmişdi.
A.Abbasovla Z.Məmmədovun prezident seçkiləri ərəfəsi telefon danışıqlarının deşifrə olunması barədə mətbuatda yayılan iddiaları nə nazir, nə A.Abbasov təkzib etmədi. Məlumatlara görə, Avropa Oyunları ərəfəsində şəhər nəqliyyatındakı külli miqdarda paydan məhrum edilən nəqliyyat nazirinin ətrafı “dışlandığını” hiss edərək, A.Abbasovla daha da yaxınlaşıb.
Z.Məmmədovun oğlunun amerikalı milyarderlə şərikli mehmanxana-apartamentinin açılışının müəmmalı şəkildə ləngiməsi nazirin mövqeyinin zəiflədilməsi, Məmmədovlara inamın itməsi kimi izah edilir. İkinci bir tərəfdən, nazir oğlunun uzun illər milyonlar xərclədiyi Amerika siyasəti də artıq iflasa uğramış sayılır. Çünki ikinci ildir ki, rəsmi Vaşinqtonla Bakı az qala “müharibə” həddindədir və A.Məmmədovun rəhbərlik etdiyi Amerika-Azərbaycan Alyansı faktiki situasiyanı dəyişmək üçün heç nə edə bilmir.
İndi qalmaqallı səfirlə bağlı da xəbərlərin ortaya çıxması, Arif Məmmədovun bəyanatlarının arxasından yenə Abbas Abbasovun silutenin görünməsi, üstəlik, Ziya Məmmədovun da “qiyamçı” ilə ailəvi dostluğunun üzə çıxması hakimiyyəti nəqliyyat naziri ilə bağlı daha sərt qərar verməyə sövq edə bilər.
“Yeni Müsavat”