Bakı-Moskva əməkdaşlığı İrəvanın yuxusunu qaçırıb

19-06-2015, 08:25   
Bakı-Moskva əməkdaşlığı İrəvanın yuxusunu qaçırıb

Putinin Bakı səfərinin ardınca ordumuz düşmənə aman verməyəcək müasir sistemlər alıb; ekspert: “Azərbaycan regionda Rusiya ilə daha önəmli oyunçudur, nəinki Ermənistanla...”
Rusiyalı generaldan erməniyə acı cavab: “Azərbaycan müstəqil dövlətdir, ona Rusiyanın silah satmasında qeyri-adi heç nə yoxdur...”Rusiyalı generaldan erməniyə acı cavab: “Azərbaycan müstəqil dövlətdir, ona Rusiyanın silah satmasında qeyri-adi heç nə yoxdur...”

Rusiya Avrasiya Birliyinin üzvü olmasa da, fakt budur ki, iki ölkə arasında təkcə iqtisadi-ticari sahədə deyil (ötən illə müqayisədə qarşılıqlı mal dövriyyəsinin həcmi 12 % artıb), hərbi-texniki sferada da əməkdaşlıq inkişaf edir. Bunun ən bariz təzahürü tərəflər arasında silah ticarəti ilə bağlı çoxmilyardlıq anlaşma və bu anlaşmanın hər il uğurlu yerinə yetirilməsidir.

Məsələn, dünən bəlli olub ki, Azərbaycanın Rusiyaya sifariş verdiyi 9K123 “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksinin ilk partiyası da artıq Bakıya təhvil verilib (anspress).

Bu barədə “Armiya-2015" forumunda iştirak edən ”AzeriDefence"nin əməkdaşına Kolomen Maşınqayırma və Konstruktor Bürosundan bildirilib.

Hazırda tərəflər arasında sifarişin həcminin artırılması istiqamətində danışıqlar davam edir. Azərbaycan Ordusunun bu maşınları istifadə edəcək heyətinə istehsalçı müəssisə tərəfindən təlim və treninqlər də keçirilib.



Qeyd edək ki, “Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnala idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır.

****
Sözsüz ki, Azərbaycanın öz halal haqqı olaraq və təcavüzə məruz qalan tərəf kimi hərbi parkını geniş iqtisadi imkanları hesabına gücləndirmək üçün müasir döyüş maşınları əldə eləməsi işğalçı Ermənistanı ciddi narahat edir. Bu işin Rusiya hərbi texnikası hesabına aparılması isə düşməni ikiqat əndişələndirməkdədir.

Bu narahatlıq dünən təşkil edilmiş Moskva-Astana-İrəvan telekörpüsündə (mətbuat konfransında) bir daha özünü göstərib. Belə ki, erməni tərəfinin təmsilçilərindən biri bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bordyujaya konkret sual ünvanlayıb, bu əməkdaşlığın İrəvan-Moskva müttəfiqliyi və dostluğuna xələl gətirdiyini qeyd edib.



Bordyuja isə cavabında Rusiyanın Azərbaycana silah satışında paritet prinsipinə əməl etdiyini söyləsə də faktiki olaraq, erməni tərəfi pəjmürdə edən acı cavab verib.

Sitat: “Azərbaycana silah satışı Rusiya rəhbərliyinin qərarı əsasında və prioritet gözlənilməklə həyata keçirilir. Rusiya Azərbaycana silah satır, ancaq Ermənistana da satır. Azərbaycan müstəqil dövlətdir. Ona Rusiyanın silah satmasında qeyri-adi heç nə yoxdur”.

Yəni rusiyalı general bununla erməni tərəfinə bir daha xatırladıb ki, o, Güney Qafqaza, Azərbaycana yönəlik siyasətində Ermənistanla müttəfiqliyi ciddiyə almaq niyyətində deyil və ən əvvəl öz maraqlarından çıxış edir.

Mətbuat konfransında Bardyuja ilə bağlı bu mövzudan dolayı qalmaqal da yaşanıb. Bildirilir ki, telekörpüdə erməni jurnalistin KTMT sədrinə sualı zalda gərginlik yaradıb. Belə ki, jurnalist ondan Azərbaycana bu quruma üzvlük üçün müraciət etməsinin izahatını tələb edib.



Nikolay Bordyuja isə cavabında erməni jurnalistin özündən izahat tələb edib: “Əslində mən sizdən izahat istəyirəm. Mən nə zaman üzvlüklə bağlı Azərbaycana müraciət etmişəm? Heç yadımda deyil. Ancaq etiraf etməliyəm ki, bu barədə Ermənistan mətbuatında çox xəbərlər oxumuşam. Sizin mətbuata qalsa, mən çox şey demişəm. Halbuki bunlardan özümün xəbərim yoxdur. Ancaq bununla belə, Azərbaycanın üzvlüyü ilə bağlı, hər halda, fikrimi bildirmək istərdim. KTMT bütün dövlətlərlə əməkdaşlığa hazırdır. Əgər Azərbaycan tərəfi bizə üzvlüklə bağlı müraciət etsə, bütün üzvlərimiz bunu dəyərləndirməyə hazırdır”.

*****
Göründüyü kimi, Ermənistan əslində Rusiyanın boğazında ilişib qalan xırda sümüyə bənzəyir - Rusiya onu nə çıxarıb ata bilir, nə də uda. Ümumiyyətlə isə son vaxtlar Bakı ilə Moskva arasında ən yüksək səviyyədə siyasi təmasların artması, ələlxüsus da Rusiya prezidenti Putinin I Avropa Oyunlarının açılış mərasimi ilə bağlı Bakıya səfər edərək iki gün Azərbaycanda qalması, öz azərbaycanlı və türkiyəli həmkarları ilə geniş müzakirə aparması işğalçı tərəfin yuxusunu əməlli-başlı qaçırıb.

“İki dövlət arasında tərəfdaşlıq əlaqələrinin dərinləşməsi faktı müşahidə olunur və bu fürsətdən istifadə etməmək mümkün deyil”. Bu barədə politoloq Fikrət Sadıqov deyib (axar.az). O bildirib ki, Moskvanın son zamanlar Bakıya meylliliyi İrəvanı özündən çıxarır: “Valdimir Putinin nümayəndələri də etiraf etdi ki, görüşlər Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə nəticələnib. Yaxın zamanlarda hansısa radikal dəyişikliklər olmasa da, ortada çox önəmli faktlar var. Rusiya son zamanlar Azərbaycan yönlü addımlar atmaq fikrindədir və hətta Moskvanın bunu gizlətməməsi Ermənistanı qıcıqlandıran bir amilə çevrilib. Hiss olunur ki, İrəvan bundan çox narahatdır. Çünki regionda Azərbaycan Rusiya ilə daha önəmli oyunçudur, nəinki Ermənistanla. Yaranmış hazırkı geosiyasi qarşıdurma zəminində Azərbaycana bir meyllilik var. Düşünürəm ki, görüşlərdə Dağlıq Qarabağla bağlı ciddi müzakirələr olub. Zənnimcə, qarşıda bunun nəticələri aydın olacaq”.

*****
Bir çox təhlilçilərə görə, Bakı-Moskva yaxınlaşması həm də Qarabağ zonasında yeni, daha dağıdıcı, nəticələri proqnoz edilməyən müharibə ehtimalını azaltmağa yönəlib. Başqa sözlə, Rusiya Azərbaycana müasir silahlar satsa da, müharibə də arzulamır, sadəcə, bununla eyni zamanda Ermənistanı xofda saxlayır, Azərbaycanı isə özündən silah asılılığına salır, maliyyə qazanır.



“Qarabağ münaqişəsinin hərbi yolla həlli yolu yoxdur”. Bunu da Nikolay Bardyuja həmin mətbuat konfransında deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat bu münaqişəyə müdaxilə etmək səlahiyyətində deyil: “Ancaq bununla belə, hər gün cəbhə zonasındakı hadisələrdən xəbər tuturuq. Münaqişənin həlli üçün Minsk Qrupu yaradılıb. Onlar problemi yoluna qoymalıdırlar. Digər beynəlxalq təşkilatlar prosesə müdaxilə etməməlidirlər. KTMT olaraq biz onların fəaliyyətini dəstəkləyirik”.

O, əlavə edib ki, MDB məkanında mövcud olan münaqişələrdə müharibə başlasa, uzun müddət davam edəcək, çoxlu qan töküləcək: “Bunu Rusiya yaxın qonşusu olan Ukraynanın simasında gördü...”

//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.