Hakimiyyətdaxili qruplaşmalar «Arif Məmmədov kartı»ndan bir-birlərinə qarşı istifadə etməyə başlayıb
«Üsyankar səfir» İlham Əliyevə açıq məktubunda nələr yazıb?
Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi, diplomat Arif Məmmədov ölkə başçısı Ilham Əliyevə açıq məktubla müraciət edib. Arif Məmmədovun facebook səhifəsində yaydığı müraciəti təqdim edirik:
“Cənab prezident, Azərbaycanın təxribatçı və təlxəyi Eynulla sahiblərindən növbəti sifarişi alaraq yaxşıca maliyyələşən qəzetciyəzinin səhifəsinə səfirlərin Sizə qarşı saxta qəsdi barədə yeni çirkli ifşalar və ”dərin fikirlərini" töküb.
Bir vaxt Sizə yazdığım məktubda bildirmişdim ki, Prezident Administrasiyasında müəyyən çevrə özlərinin faydasız gərəkliliyinə bəraət qazandırmaq üçün Qərbin, Avropa Şurasının, Avropa Birliyinin, bu dəfə isə səfirlərin güya qəsd hazırladığını uydururlar.
Bu adamların bacardığı yeganə iş təxribatdır. Onlar bütün Azərbaycan xalqına, ağıllı və baracıqlı adamlara nifrət edir, çünki bu adamlarda öz gərəksiz varlıqlarına təhlükə görürlər.
Cənab prezident, cəsarətli qərar verib ölkəni bu əclaflardan qorumağın vaxtıdır. Bu adamlara bütün Azərbaycan nirət edir. Onlar imicinizə zərbə vurur və qəsdən dünyada ölkənin neqativ imicini formalaşdırır. Bu, ölkənin xərçəng şişidir. Siz bu adamları çox gözəl tanıyırsınız. Onlar komandanızın sonuncu ən yaxşı kadrlarına hücum edirlər.
Bu gün onlar hədəf kimi xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını seçiblər. Təcili addımlar atmasanız, onlar dayanmayacaq.
Azərbaycan xalqı Sizin düzgün qərarlar verəcəyinizə ümid edir".
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Arif Məmmədovla bağlı məsələ artıq hakimiyyət daxilində qrup savaşına çevrilib. Qeyd edək ki, Arif Məmmədov “Fcebook”dakı tənqidi qeydlərinə görə hədəfə gəlmişdi. Hakimiyyətdaxili qruplaşmalardan birinin nəzarətində olan media orqanı Arif Məmmədovun yazdıqlarından çıxış edərək Xarici Işlər Nazirliyində ölkə başçısı Ilham Əliyevə qarşı qiyam hazırlandığı barədə həyəcanlı məlumatlar yaymışdı. O zaman Arif Məmmədov “mən bilirəm bunları kimlər edir” deyərək hakimiyyətdə hansısa qruplaşmanın hədəfində olduğuna işarə vurmuşdu. Onun dünənki bəyanatında da həmin qruplaşmaya eyham edilir. Arif Məmmədovu “üsyankar səfir” qismində cəmiyyətə təqdim edən media qurumlarının onu Azərbaycanın Serbiyadakı səfir Eldar Həsənova və baş nazirin sabiq müavini Abbas Abbasova bağlaması bu məsələnin artıq iqtidar daxilində qruplararası savaşa çevrildiyini göstərir. Uzun illərdir Eldar Həsənovla aralarında ziddiyyətlər olan qüvvələr indi Arif Məmmədov kartı ilə onu vurmağa çalışır. Yeri gəlmişkən, Arif Məmmədovun Eldar Həsənova bağlanması üçün yeganə arqument Serbiyadakı səfirin vaxtilə Gəncədə işləməsi və “üsyankar səfir”in həmin vaxt orada çalışmış atası ilə münasibətlərinin olmasıdır.
Onu da qeyd edək ki, bəzi mülahizələrə görə, hakimiyyət Arif Məmmədov məsələsindən parlament seçkiləri ərəfəsində yeni “çevriliş şousu” düzəltməyi planlaşdırır və bu “şouda” bəzi yüksək rütbəli məmurlar “vurula” bilər. Lakin bu versiya o qədər də inandırıcı deyil.