Həcər Pənahlı: “Kaş ki, ölkədə siyasi məhbus olmayaydı”
Türkan Hüseynova: “Ledi Qaqa müğənnidir, belə çağırışlara ciddi yanaşmıram”
Xəbər verdiyimiz kimi, “Haqlar naminə İdman” Beynəlxalq hüquq müdafiə təşkilatları koalisiyası bir həftə əvvəl Bakıda Avropa Oyunlarının açılışında iştirak etmiş məşhur pop ulduzu Ledi Qaqaya məktub göndərib.
Koalisiya müğənninin insan hüquqlarının ciddi şəkildə pozulduğu bir ölkədə çıxış etməyə razılaşmasından təəssüflərini bildirir.
“Biz sizi bu çox böyük səhvi düzəltməyə çağırırıq. Əgər sizin bir qayda olaraq insan haqları və bərabərlik uğrunda səsinizi ucaltdığınızı nəzərə alsaq, ehtimal edə bilərik ki, siz Azərbaycandakı vəziyyətdən xəbərdar deyilsiniz”, deyə məktubda qeyd edilir. Müraciətdə həmçinin Azərbaycanda ölkədə onlarla siyasi məhbus yaranmasına gətirib çıxaran "vətəndaş cəmiyyətinin təqibi və məhvi faktları" da yada salınır.
Müəlliflər müğənnini U2 qrupunun başçısı Bono-dan nümunə götürməyə çağırırlar. O, 12 və 13 iyunda Monrealdakı konsertlərində bizim məhbus edilmiş azərbaycanlı həmkarlarımız barədə hüsn-rəğbətli bir müraciət səsləndirib. “Biz sizi də səsinizi ucaldaraq Azərbaycanda insan haqları üzərinə hücumu pisləməyə, ölkənin məhbus edilmiş jurnalist və insan haqları müdafiəçilərinin azad edilməsi üçün çağırış etməyə səsləyirik”, deyə məktubda bildirilir. Müraciət müəllifləri Ledi Qaqanı Bakıdakı çıxışına görə aldığı qonorarını (2 mln. dollar) Bakıda siyasi məhbus ailələrinə verməyə çağırırlar.
“Bütün dünyaya göstərin ki, səsinizi satın almaq mümkün deyil”, deyə bəyanatda bildirilib.
Maraqlıdır, siyasi məhbus ailələri bu müraciətlə bağlı nə düşünürlər? Müğənninin bu çağırışa reaksiya verəcəyini düşünürlərmi?
Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı dedi ki, Azərbaycanda siyasi məhbusların olmamasını arzu edərdi: “Kaş ki, ölkəmizdə siyasi məhbus olmayaydı və heç bir beynəlxalq təşkilat da belə çağırış etməyəydi”.
İntiqam Əliyevin qızı Nərmin Əliyeva bildirdi ki, sözügedən təşkilatın çağırışı əslində xoş bir təşəbbüs olub. Amma Ledi Qaqa dünya tərəfindən tanınmış bir müğənnidir və Azərbaycana gəlməzdən qabaq ölkədəki insan haqlarının vəziyyətini öyrənə bilərdi: “Xatırlayırsınızsa, Loren də Azərbaycana gəldi və ölkədəki siyasi vəziyyətlə maraqlandı. İndi də hər zaman siyasi məhbuslara dəstək olur. Ledi Qaqadan da bir müğənni kimi bunu gözləmək olar. Amma fakt budur ki, müğənnidir, dəvət ediblər. Dövlət çapında isə utandırıcı bir şeydir ki, bir neçə dəqiqəlik çıxış üçün bir müğənniyə 2 milyon dollar pul verilir”.
İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova da inanmır ki, Ledi Qaqa bu çağırışa müsbət cavab verəcək: “Belə bir fikri olsaydı, açılışa qatılmazdı. Ona görə də heç nə gözləmirəm”.
NİDA-çı siyasi məhbus Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova isə hesab edir ki, müraciətə ciddi tonlar yükləmək lazım deyil: “Lady Gaga müğənnidir, gəlib oxuyub, qonorarını alıb gedib. Bu tip müraciətlərə ciddi yanaşmıram”.
Sevinc TELMANQIZI