Seçkilərdə nəticə əldə edən 4 təşkilatdan üçü müzakirələri sürətləndirib, HDP kənarda qalıb Zərdüşt Əlizadə: «Partiya rəhbərləri Ramazandan sonra kəskin qərarlar qəbul etməyə məcbur olacaqlar»
Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni tərkibdə ilk iclası 23 iyunda toplanacaq. İclas zamanı millət vəkilləri and içəcək, bundan sonra ölkə prezidenti ən çox səs toplamış partiyanın sədrinə hökuməti qurmaq vəzifəsini verəcək.
Bir neçə gündən sonra Yüksək Seçim Kurulu tərəfindən seçkilərin yekun nəticələri açıqlanacaq. Bu arada siyasi partiyalar koalisiya hökumətinin qurulması istiqamətində müzakirələri sürətləndiriblər. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu müddətdə "yol xəritəsi"ni təyin edib. Baş nazir Əhməd Davudoğlu hökuməti qurma vəzifəsini boynuna götürdükdən sonra koalisiya görüşlərini icra etmək, Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyası (MHP) ilə təmaslarda olmaq üçün bir komissiya yaradacaq. Bu məqsədlə CHP və MHP ilə görüşmək üçün ayrı iki heyət müəyyənləşdiriləcək.
Partiyalarda koalisiya qurulmasını müzakirə edəcək şəxslər də yavaş-yavaş müəyyənləşməyə başlayıb. Bunlar AKP sədrinin köməkçiləri Mehmet Ali Şahin, Mustafa Şentop, əmək və sosial müdafiə naziri Faruk Çelik, AKP-nin digər üzvü Salih Kapusuz və ümumi katib Haluk İpəkdir.
AKP-nin təklifləri heyətlərin vasitəçiliyi ilə iki partiyaya çatdırılacaq. Eyni zamanda, partiyaların təklifləri də dinləniləcək, qeyd ediləcək. Təmasların ardından heyətlərin əldə etdikləri məlumatlar Baş nazir Davudoğluna təqdim ediləcək. Komissiyalar qurulması mümkün ola biləcək bir koalisiya protokolu hazırlayacaq.
Heyətlərarası təmasın ardından Davudoğlu da siyasi partiya liderləri ilə görüşəcək. Ardından Baş nazirin başçılığı ilə bir qiymətləndirmə yığıncağı reallaşdırılacaq. Bu yığıncaqda hansı partiya ilə koalisiya qurulması barədə qəti qərar veriləcək. Əgər bütün variantların müzakirəsi nəticəsində koalisiya hökuməti qurulması mümkün olmazsa, təkrar seçkilərin keçirilməsi qaçılmaz olacaq. Əsasən kürdlərin partiyası olan və terror təşkilatı PKK-nın sivil üzü sayılan Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş da koalisiya hökumətinə dəstək verəcəklərini açıqlayıb. O, bu dəstəyin yalnız hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyası (CHP) onların şərtləri ilə razılaşacağı təqdirdə veriləcəyini deyib.
"Bizim üçün vacib olan məsələ problemlərin öz həllini tapmasıdır. Ona görə də bizim tələblərimiz də nəzərə alınsa, koalisiya hökumətinə kənardan dəstək verə bilərik. Birlikdə hökumət qursaq, bu, Türkiyə üçün də yaxşı olar, eyni zamanda iqtisadi təhlükəsizlik və sabitlik təmin olunar. HDP bəyan edib ki, həll prosesində hər cür güzəştə hazırdır. Cəmiyyət özü də bir koalisiya nümunəsidir. Müxtəlif fikirli insanlar bir yerdə yaşaya bilirsə, siyasətdə də fərqli düşünənlər ölkəni birlikdə idarə edə bilər" - deyə S.Dəmirtaş şərtini açıqlayıb.
Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu iki gün əvvəl müxalifət partiyalarının hökumət qurmasının mümkün olmadığını desə də, dünən MHP-yə sürpriz təkilf edib. "Müxalifət partiyalarının hökumət qurmalı olduğuna inanırıq, amma bu, asan deyil, çünki MHP-nin HDP ilə bağlı mövqeyi ortadadır. CHP üzərinə düşən bu tarixi məsuliyyəti anlayır. Vəziyyət ortadadır. Türkiyəni düşünmək məcburiyyətindəyik. Bütün variantları yoxlayacağıq". İyunun 18-də belə bir bəyanatla çıxış edən Kılıçdaroğlu dünən Baxçalıya "Birlikdə hökumət yaradaq, Baş nazir sən ol" çağırışı edib.
Qeyd edək ki, MHP rəsmiləri HDP-nin olacağı heç bir koalisiyada iştirak etməyəcəklərini açıqlayıblar. "Seçki nəticələri onu göstərdi ki, 258 deputatla bu millət AKP-yə səs verdi. Amma təkbaşına iqtidarı da əlindən aldı. Sən artıq tək başına gedə bilməzsən dedi. Lakin AKP-nin kənarda qaldığı bir koalisyon hökumət qurmaq mümkün deyil" - deyən Millətçi Hərəkat Partiyasının sədr müavini Mövlud Karakaya AKP-MHP koalisiyasını istisna etməyib.
Türkiyədəki koalisiya danışıqlarını "Bizim Yol" qəzetinə şərh edən politoloq Zərdüşt Əlizadə hesab edir ki, hələlik mövqelər çox kəskindir. "Təbii ki, siyasətdə hər kəs öz xeyrini axtarmağa çalışır və buna uyğun mövqe təqdim edir. Ərdoğanın və AKP-nin məqsədi hakimiyyəti bu partiyanın əlində saxlamaqdır. Bunun üçün də onlar seçkinin nəticələrindən asılı olaraq, hansısa partiyanı özlərinə müttəfiq seçməlidirlər. Erkən seçimlər heç bir partiyaya xeyir vermir. Parlamentə düşən hər bir partiya bu seçkini özü üçün uğur sayır və buna görə də erkən seçimləri istəmirlər. Hökuməti qurmaq üçün yaradılacaq koalisiya üçün hərənin öz şərti, öz xeyrini gerçəkləşdirən məqsədi var. Buna görə də hələ sövdələşirlər, alver, müəyyən siyasi manevrlər edirlər. Alınacaq, ya alınmayacaq bunu bilmək olmaz. Məsələn, CHP-nin məqsədi təkpartiyalı azlıq hökumət qurub, digər iki partiya ilə uzlaşmış islashatlara getməkdir. Əgər onlar Türkiyənin xeyrini, demokratik seçki istəyirlərsə, bu, real təklif deyil. Digər partiyalar buna getməzlər. Çünki demokratik islahatlar hər birinə müəyyən itki gətirə bilər" - deyə Z.Əlizadə bildirdi.
Politoloq hesab edir ki, AKP həqiqətən də koalisiyaya getmək istəyir: "Onların əsas məqsədi indiki vəziyyəti saxlamaq, üstəlik, mövqelərini gücləndirmək, Ərdoğana istədiyi hakimiyyəti verməkdir. Buna görə də, sərf edən istənilən koalisiyaya getməyə hazırdır".
Z.Əlizadənin fikrincə, HDP ilə koalisiya qurulmayacaq. "Məsələn, HDP ilə AKP koalison hökumət qura bilərdi. Amma bu, HDP-ni gələn seçkilərə qədər xeyli gücləndirəcək. Belə bir durum AKP-nin zəifləməsinə səbəb olar. Unutmayaq ki, HDP-nin aldığı mandatlar CHP və MHP-nin yox, məhz AKP-nin itirdiyi səslər hesabınadır. Ona görə də belə bir şəraitdə HHD ilə koalisiya sərfəli deyil. Həm də HDP-nin şərtləri daha aydındır - kürd azlığı üçün daha çox imtiyazlar istəyir. Bundan artıq imtiyazlarla razılaşmaq AKP üçün ölümə bərabərdir. Qaldı ki, CHP və MHP ilə alyansa, onların da öz şərtləri var və kifayət qədər ağırdır. Nəzərə alaq ki, heç bir partiya erkən seçimlərlə razılaşmır, kifayət qədər vaxt var. Məncə Ramazan ayı ərzində mülayim danışıqlara gediləcək, Ramazandan sonra isə partiya rəhbərlikləri hansısa kəskin qərarlar qəbul etmək məcburiyyətində qalacaqlar.
Qeyd edək ki, 7 iyunda keçirilən seçkilərdə 10 faizlik baryeri 4 partiya keçib. AKP-nin yeni parlamentdə 258, CHP-nin 132, MHP və HDP isə hərəsinə 80 millət vəkili yeri var. Hökumət qurmaq üçün azı 276 səs tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə olaraq təkbaşına hökumət formalaşdırmaq şansını itirib. Bu səbəbdən də ya koalisiya hökuməti qurulmalı, ya da yeni seçkilər keçirilməlidir.
Rəşad VAQİFOĞLU