"Tezadlar.az" saytının ötən buraxılışında Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının tələbəsi Kənan Abdullayevin qan donduran intiharı hadisəsi barədə məlmat vermişdik. Redaksiyaya məlumat verən mənbə iddia edirdi ki, tələbə müəllimin istədiyi 100 manat pulun bezdirici tələbindən bezərək özünü asıb…
Bərdə rayon Polis Şöbəsində aparılan istintaqdan niyə narazılıq var?
Qəzetin elektron poçtuna daxil olan, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Baş prokuror Z.Qaralova və daxili işlər naziri R.Usubova ünvanlı məktubun müəllifi isə olduqca dəhşətli bir məsələni qeyd edir. Məktubda Bərdə rayon Polis Şöbəsinin rəisi Hikmət Quliyevin və Bərdə rayon Prokuroru əvəzi Allahverdi Abuzərovun barəsində bəzi sərt ittihamlar olduğundan həmin epizod üzrə tərəfimizdən hələki dəqiqləşdirmə aparılır, qarşı tərəfin rəyi öyrənilir… Lakin məktubda digər məsələlər də var ki, diqqətə çatdırılmasını məqbul hesab edirik.
Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Baş prokuror Z.Qaralova və daxili işlər naziri R.Usubova ünvanlı məktubda intihar etmiş tələbə Kənan Abdullayevlə bağlı qaldırılmış cinayət işinin istintaqından ciddi narahatlıq ifadə olunan məktubda deiyilir: «Azərbaycan Prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Baş prokuroru Z.Qaralova!
Azərbaycan daxili işlər naziri R.Usubova!
Biz, intihar etmiş Kənan Abdullayevin yaxınları olaraq bildiririk ki, Azərbaycan Müəllimlər İnstitutunda təhsil alan Kənan Abdullayev həmişə sessiyalar vaxtı bu fililaldakı pulyığdıdan danışırdı, hətta pul verdiyini, tələbələrin hər sessiyada pul yığmasını eşidirdik. Bu dəfə isə onun həmin pulu ödəyə bilməməsi səbəbindən intihar etməsi bizi sarsıtdı. Artıq bu faciə baş verib. Lakin bəlkə də, bundan betəri odur ki, bu işdə taqsırkar olan filialın direktoru Mətanət Fərzəliyeva istintaqın istiqamətini başqa səmtə yönələtmək istəyir. Onun Bərdə rayon Prokurorluğunda olaraq prokuror əvəzi Allahverdi Abuzərovla, Bərdə Rayon Polis Şöbəsinin rəisi Hikmət Quliyevlə görüşəndən sonra istintaqçıların ağzından başqa avaz gəlir. Biz indidən ciddi narahatıq ki, Bərdə Rayon Polis Şöbəsinin rəisi bu işdə Mətanət Fərzəliyevanı təmizə çıxarmaq, intiharın səbəbini başqa motivlə bağlamaq istəyir. Odur ki, filial direktoru rəis Hikmət Quliyevi bunlara razı salınmaq üçün danışıqlara başlayıb... Direktor onsuz da intihar edən tələbənin valideynlərinə onun nə üstündə intihar etdiyini gizlətməyi, pul məsələsinin üstünə gəlməməyi xahiş edib. Valideynlərinə deyiblər ki, ifadələrində bildirsinlər ki, guya uşaq dinə meyilli olub və s. Xahiş edirik, bu işin istintaqı obyektiv aparılsın, əsil günahkarlar cəzalandırılsın".
Məsələyə dair Bərdə Rayon Polis Şöbəsinin rəisi Hikmət Quliyevlə əlaqə saxlamaq cəhdimiz hələlik baş tutmayıb… Odur ki, Bərdə Rayon Polis Şöbəsinin rəis müavini Natiq Hüseynov la əlaqə saxladıq. N.Hüseynov K.Abdullayevin özünü öldürməsi faktını təsdiq etdi və hadisə ilə bağlı cinayət işinin açıldığını, istintaqın getdiyini bildirdi: «İntihar hadisəsi ilə bağlı cinayət işi açılıb, istintaq gedir. Ancaq bu haqda hələlik heç nə deyə bilmərəm».
Cinayət işinin istintaqının rəis Hikmət Quliyev tərəfindən başqa istiqamətə yönəldilməsi cəhdinə gəlincə, N.Hüseynov qeyd etdi ki, mərhumun valideyninin belə bir məsələdən yapışması təbiidir, amma bu cinayət işi prokurorluğun nəzarətindədir və prokurorluq tərəfindən aparılır…
«Bəs rəisin qeyd olunan digər məsələlərlə bağlı mövqeyini necə öyrənə bilərik?» - sualına rəis müavinin cavabı belə oldu:
- Rəis Hikmət Quliyev işdə yoxdur…
***
Hazırda qeyd olunanlarla bağlı Ağcabədi və Bərdə rayon Prokurorluqları ilə də əlaqə saxlamağa çalışırıq.
- Bəs Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının direktoru Mətanət Fərzəliyevanın evini «silib-süpürüb» Türkiyəyə qaçan qadın kimdir?
- Türkan adlı həmin qadın niyə axtarışa verilməyib?
Bütün bu və ya digər suallarla bağlı daha geniş yazı çapa hazırlanır…Əlavə məlumat veriləcək.
«Təzadlar»ın Araşdırma Qrupu