AKP MHP ilə anlaşdı; 8 nazirlik milliyyətçilərə verilir

21-06-2015, 18:53   

İki həftədir Türkiyədə gərgin koalisyon hökumət müzakirləri gedir. 7 iyun parlament seçkisində yetərli səs ala bilməyən AKP səs faizinə görə ondan sonra gələn partiyaların biri ilə – CHP, MHP və ya HDP ilə koalisiya qurmalıdır. Koalisiya qurulmayacağı təqdirdə isə 45 gün ərzində təkrar seçkiyə getməlidir. Bu günlər ərzində yerli mətbuatda bir neçə koalisiya variantı gündəmə gətirilib. Amma hələlik onlardan heç biri rəsmi təsdiqini tapmayıb.

Razılaşmanın şərtləri

Son məlumata görə, MHP AKP-nin koalisiya təklifinə razılıq verib. Razılaşmaya əsasən qurulacaq koalisyon hökumətdə 8 nazirlik MHP-yə həvalə olunacaq. «Posta» qəzetinin məlumatında razılaşmanın tablosu aşağıdakı kimi göstərilib:
- Böyük Millət Məclisinin sədri MHP-dən olacaq.
- «Çözüm mərhələsi»nin adı «Demokratikləşmə mərhələsi» ilə əvəzlənəcək. Qarşıdurmasız, savaşsız ortamın təminatı üçün addımlar atılacaq. Terror başlayarsa, qətiyyətlə cavab veriləcək.
- AKP 17-25 dekabr «Böyük rüşvət əməliyyatı»nın ali səviyyədə mühakiməsinə mane olmayacaq.
- Prezident Ərdoğan Konstitusiyanın verdiyi səlahiyyətlər daxilində qalacaq. MHP Ərdoğanın Ağ Saraydan çıxıb Çankayadakı iqamətgaha qayıtmasına israr etməyəcək.
- MHP-yə 8 nazir «postu» veriləcək. Onlardan ikisi baş nazirin müavini, biri Xarici İşlər Nazirliyi, biri Daxili İşlər Nazirliyi, biri İqtisadiyyat Nazirliyidir. MHP-nin XİN rəhbərliyinə Əkmələddin İhsanoğlunu, DİN rəhbərliyinə Murat Başesgioğlunu, İqtisadiyyat Nazirliyinə Durmuş Yılmazı təklif etdiyi bildirilir.

Xatırladaq ki, seçkidən əvvəl və seçkidən sonrakı ilk günlərdə MHP AKP ilə koalisiyaya qurmayacağını bildirirdi. Milliyyətçilərin partiyası «qırmızı xətlərinin» olduğunu bildirərək yalnız onların qəbul ediləcəyi təqdirdə, AKP ilə koalisiyaya razılıq verəcəyini deyirdi.
Şərtlərdən biri belə idi ki, «Çözüm mərhələsi» adlanan, əslində isə MHP-nin xəyanət mərhələsi kimi dəyərləndirdiyi qərar ləğv edilməlidir. İkinci şərtə görə, Ərdoğan hazırkı Konstitusiyada ona verilmiş səlahiyyətlərlə kifayətlənməli və tərəfsiz qalmalıdır. Üçüncüsü, məlum «Böyük rüşvət əməliyyatı» da daxil olmaqla 13 illik AKP hökuməti dönəmində üstü qapadılan bütün rüşvət dosyeləri yenidən açılmalıdır. MHP bəyan edirdi ki, işin ucunun kimlərə gedib çıxmasından asılı olmayaraq sonadək araşdırma aparılacaq.

Ərdoğan üçün məcburi çıxış yolu?

Baş nazir Əhməd Davudoğlu isə son açıqlamalarının birində MHP başqanı Dövlət Baxçalının «qırmızı xətt» yanaşmasını tənqid etmişdi. Bu cür yanaşmanın siyasətin təbiətinə uyğun gəlmədiyini bildirən Davudoğlu «mən heç diplomatiyada da bu sözü işlətməmişəm» demişdi. Əslində Baxçalının qoyduğu şərtlər Ərdoğan üçün qəbuledilməz idi. Çünki Ərdoğan hazırkı Konstitusiyanın verdiyi prezident səlahiyyətləri ilə kifayətlənmək istəmir, ikincisi də MHP başqanının israrla tələb etdiyi «rüşvət dosyelərinin açılması» ona qətiyyən sərfəli deyil. Ən azı ona görə ki, bu dosyelərin birində Ərdoğanın keçmiş 4 nazirinin adı hallandırılır. Üstəlik həmin işin ilkin araşdırılması zamanı istintaqa çağırılanlardan biri də oğlu Bilal Ərdoğan olmuşdu. MHP onu da bəyan etmişdi ki, hökumətə gələcəkləri təqdirdə, ilk işləri sözügedən nazirlər – Müəmmər Gülər, Egemen Bağış, Zəfər Çağlayan və Ərdoğan Bayrakdarla yanaşı, Rəcəb Tayyib Ərdoğanın da vətənə xəyanət və korrupsiya ittihamları üzrə istintaqa cəlb edilməsini təmin etmək olacaq. Bütün bunlardan sonra AKP həqiqətən də MHP ilə koalisiyaya gedirsə, demək, CHP və HDP ilə müqayisədə bu, ən uğurlu variant və ya məcburi çıxış yoludur. MHP-nin isə verdiyi sözlərdən hansının üzərində duracağı AKP ilə koalisiya qurandan sonra bəlli olacaq.

Gültəkin
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.