Həftənin krimxronikasının acı yekunu və altından qırmızı xətlə çəkiləcək xəbəri Gəncədən gəldi. Axar.az-ın hazırladığı statistikada iki körpəsini qətlə yetirən ananın qandonduran əməli baş kriminal hadisədir. Belə ki, iyunun 20-də Gəncə sakini Ramal Əliyevin arvadı iki azyaşlı övladını bıçaqlayıb. Biri ölüb, digərinin isə ağır vəziyyətdə olduğu bildirilir. Uşaqların doğma anası olan Sədaqət cinayəti etiraf edib. Hələlik səbəbi açıqlanmayıb. *** Bakıda da qətl hadisəsi baş verib. Hadisə Xətai rayonu ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Ağdam rayonundan məcburi köçkün olan 1960-cı il təvəllüdlü Xoştərov Malik Abdulla oğlu aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən M. Xoştərov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. *** Bakıda 16 yaşlı qız isə özünü dənizə atıb. Gecə saat 01 radələrində Beyləqan rayonu, Yuxarı Çəmənli kənd sakini, 1999-cu il təvəllüdlü Əliyeva Aysu (ad və soyad şərtidir) Dənizkənarı Milli Parkda Saat Qülləsinin yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib. 16 yaşlı qız FHN-nin əməkdaşları tərəfindən xilas olunub. İlkin araşdırmalardan sonra məlum olub ki, 16 yaşlı qız bir neçə gün əvvəl yaşadığı rayonda ailə-məişət münaqişəsi zəminində atası və qardaşı tərəfindən döyülüb. Bundan sonra o, Bakıya qaçıb və özünü öldürməyə çalışıb. Faktla bağlı araşdırmalar aparılır.