İyunun 7-də Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Həsənovanın və onun həyat yoldaşı Vəfadar Həsənovun qətlindən sonra Zakir Fərəcovun vəziyyəti daha da ağırlaşıb.
Məhkəmə prosesində aydın olub ki, cinayəti törədən Fədail Hüseynov Vəsilə Həsənovanın həm sürücüsü olub, həm də onun tapşırıqlarını yerinə yetirirmiş. Və qətlin törədilməsində əsas amilin torpaq satışı ilə bağlı olması prosesdə daha bir isimin ortaya çıxmasına səbəb olub. Bu Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ismidir.
Xatırladaq ki, cinayətin törədilməsindən bir müddət sonra mətbuatda bu məsələ ilə bağlı maraqlı faktlar ortaya çıxardılmışdı. Belə ki, cinayəti törədən Fədail bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işlədiyi, Z.Fərəcovun Abşeron rayon İcr Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir olduğunu yazmışdılar.
Bu haqda iddiaları portalımıza rayon icra hakimiyyətində olan mənbələr tərəfindən də təsdiqini tapmışdı.
Artıq hadisənin üstündən günlər keçməsinə baxmayaraq, bu qətl hadisəsi ətrafında müxtəlif fərziyələr dolaşmaqdadır. Əsas məlumatlardan biri də baş verənlərdən sonra Zakir Fərəcovun vəziyyətinin heç də ürəkaçan olmamasıdır.
Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən dindirilən Z.Fərəcovu artıq yuxarıların da qoruyacağı sual altındadır. Çünki, Z.Fərəcovun torpaq alveri və bu qanunsuz hərəkətdən qazandığı milyonlar şikayət qutularında onunla bağlı şikayət ərizələrinin çoxalması ilə nəticələnib. Bununla yanaşı belə bir hadisənin baş verməsi və icra başçısının bulaşdığı korrupsiya əməlləri yuxarıları da ciddi narahat etməkdədir.
Artıq mövcud vəziyyətin onun üçün heç də yaxşı olmadığını görən icra başçısı, özünü qorumaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır.
Güman etmək olar ki, Avropa Oyunlarının bitməsinin ardından Zakir Fərəcovun getməsi məsələsi yenidən baxılacaq. Çünki prezident İlham Əliyevin məmurlar üzərində qoyduğu öhdəliklərə əməl etməyən Z.Fərəcovun özünü bu vəziyyətə salması hakimiyyət daxilində də ciddi narazılıqlara səbəb olub.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mənbə: http://azxeber.com/news/90363