Kəmaləddin Heydərov Baş Nazir olacaq

29-06-2015, 08:16   
Kəmaləddin Heydərov Baş Nazir olacaqAzərbaycan Konstitusiyasına dəyişikliklərdən sonra Baş Nazir vəzifəsinin səlahiyyətləri də genişləndi və Prezidentdən sonra dövlətdə ikinci şəxs oldu. O zamandan Baş nazirliyə adı hallanan və adını hallandıranların da sayı çoxaldı. Vaxtaşırı olaraq müxətlif adamların baş nazir təyin ediləcəyi bildirildi. Lakin mahir siyasətçi, uzaqgörən strateq, Azərbaycanın müdrik Prezidenti, İlham Əliyev hələlik Artur Rəsi-Zadənin fəaliyyətindən razıdır və onu dəyişməyə tələsmir. Amma buna baxmayaraq növbəti baş naziirn kimliyi məsələsi yenidən gündəmə gəlib. Bu dəfə də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Baş Nazir təyin edilməyə real namizəd olduğu iddia olunur. Bu barədə Strateq.az saytı geniş məqalə ilə çıxış edib. Məqalədə belə bir fikir xüsusi ilə diqqəti çəkir : “Hazırda mediada, cəmiyyət arasında indiyədək bu posta adı hallanan və hallanmayan, hətta ehtimal olunan iddiaçıları soyuq başla saf-çürük etdikcə, mövcud şəraitdə Prezident tərəfindən hökumətin başına gətirilə biləcək texnokrat-menecer kimi, daha çox bir nəfərin – Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adı diqqəti cəlb edir.”

Yenilik.Az həmin yazını dərc etməklə yanaşı qeyd edir ki, FHN naziri Kəmaləddin Heydərova cəmiyyətdə münasibət heç də yazıda qeyd olunduğu kimi birmənalı deyil.

İslahatçı hökumətə doğru: Prezident İlham Əliyev “O mənimlədir” mesajını kimə və niyə ünvanladı? – Təhlil

Bakıda keçirilən 1-ci Avropa Oyunları artıq başa çatır. Dünyanın və eləcə də bütün ölkənin diqqətini çəkən bu böyük idman yarışlarından sonra, 26 günlük taym-autun ardından, növbəti siyasi mövüsmə start veriləcək. Avropa Oyunları ərəfəsində baş verən hadisələrin əks-sədası, ictimai-siyasi proseslərin, hakimiyyətin verəcəyi qərarların xarakterinə təsiri qarşıdakı mərhələdə daha aydın hiss ediləcək.

Prezidentin ilk mesajı: “Dəyişikliklərə hazır olun!”

Əminliklə söyləyə bilərik ki, qarşıdakı mərhələ bütün siyasi spektrdə, iqtisadi sektorda, daxili siyasi proseslərin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə yol açacaq mühüm qərarların verilməsi ilə əlamətdar olacaq. 1-ci Avropa Oyunları ərəfəsində vətəndaşlarımızın faciəli surətdə həlak olmasıyla nəticələnən Binəqədidəki yanğın hadisəsi, Bankdan götürlən kreditlər, “Dostluq” parkında villaların sökülməsi ilə bağlı məsələlərdə səslənən bəyanatlar, atılan addımlar Prezident İlham Əliyevin cəmiyyətə və komandasına, bütövlükdə siyasi elitaya ilkin mesajları oldu. Bu mesajlar göstərdi ki, dövlət başçısı indiyədək xarici siyasət məsələlərində tutduğu prinsipial, inadkar və qətiyyətli mövqeni daxili siyasi proseslərin tənzimlənməsində, xüsusən də öz komandasına münasibətdə də tətbiq və nümayiş etdirmək niyyətində, əzmindədir.

Beləliklə, dövlət başçısı cəmiyyətə, öz komandasına “dəyişikliklərə hazır olun” mesajını verməklə, mümkün dəyişikliklərin xarakterinə də işarə vurdu. “Toxunulmaz adam yoxdur”, – deyən Prezident bu mühüm bəyanatının ardından çox əhəmiyyətli açıqlama ilə diqqəti çəkdi – ictimai nəzarətin əhəmiyyətini vurğuladı və növbəti mesajını verdi: “İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Əlbəttə ki, dövləti idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə, dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir…”.

Bu fikirlərin söyləndiyi tarixə isə mütləq diqqət yetirmək gərəkdir: Prezident məhz 28 mayda – Respublika Günü münasibətilə keçirilən tədbirdə bir daha diqqəti islahatlara yönəltməyi vacib bilmişdi… Yəni, əgər Prezidentin 19 mayda baş vermiş yanğın hadisəsi ilə bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirləri bəziləri həddən artıq gərginləşmiş vəziyyətdən yaranan emosional ovqatın təsiriylə izah etməyə çalışırdılarsa, 28 may çıxışı sübut edtdi ki, əksinə, Prezident islahatların aparılması istəyində sistemli və artıq müəyyənləşmiş sabit xətt seçib.

Prezident cəmiyyəti və komandasını hansı proseslərə hazırlayır?

Dövlət başçısının ard-arda dəyişikliklər, islahatlar, mühüm qərarlar qəbul ediləcəyi ilə bağlı açıqlamalar verməsi təsadüf ola bilərmi? Əminliklə deyə bilərik ki, əsla yox! Prezident İlham Əliyevin artıq 12 illik dövrü əhatə edən Birincilik postundakı fəaliyyətinin təhlili göstərir ki, o, populist siyasətçi deyil və sözlərinin arxasında durmağı da hər kəsdən yaxşı bacarır, məhz bu cür də qəbul edilməsinə çalışır. Xüsusən, özünün gündəmə gətirdiyi məsələlərdə onun necə ardıcıl və qətiyyətli olduğunu cəmiyyət dəfələrlə müşahidə edib. Təkcə nəhayətsiz təsir imkanlarına malik beynəlxalq güclərin birbaşa diqqəti altında olan Dağlıq Qarabağ məsələsində tutduğu güzəştsiz, prinsipial və qətiyyətli mövqeyə, bu yöndə yayılan rəsmi və qeyri-rəsmi məlumatlara nəzər salmaq kifayət edir ki, faktların nə dediyi haqda aydın təsəvvür yaransın. Qısaca desək, Prezident prinsipial hesab etdiyi məsələlərdə son dərəcə qərarlı, qətiyyətli və əzmkardır…

Bəs, Prezident cəmiyyəti və komandasını hansı proseslərə hazırlamaq istəyir? Mümkün dəyişikliklərin xarakteri necə olacaq?

Bu suallara cavab tapmaq üçün son zamanlar ölkədə və dünyada baş verənləri dərindən təhlil etməyə ehtiyac var.

Təhlillərə əsasən, demək olar ki, mümkün dəyişikliklərin xarakteri, ilk növbədə, daha çox iqtisadi amillərlə şərtlənəcək. Neftin qiymətinin aşağı düşməsi nəticəsində neft gəlirlərinin azalması, milli valyutanın 34% devalvasiyası ölkədə yeni iqtisadi gerçəklik yaradıb. Real mənzərəni görmək üçün sonuncu iqtisadi rəqəmlərə ötəri baxış kifayətdir ki, ölkə iqtisadiyyatında sürətli islahat və dəyişikliklərin nə dərəcədə vacib və zəruri olduğu tam çılpaqlığı ilə aydınlaşsın: Azərbaycan təkcə xam neftin satışından 2015-ci ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən, 4,2 milyard dollar az qazanıb. Səbəb dünya bazarında neftin qiymətinin ucuzlaşmasıdır. Ekspertlər hasilatın aşağı düşməsini də nəzərə alaraq, ümumi qiymət azalmasının Azərbaycan üçün 40%-dən də yüksək ola biləcəyini vurğulayırlar. Dövlət Neft Fondunun gəlirlərinin 93%-dən çoxunu “Azəri-Çıraq-Günəşli” yataqlarından satılan mənfəət neftinin daxilolmaları təşkil edir. 2011-ci ildə bu blokdan Neft Fonduna daxil olan gəlirlər 19,03 milyard dollar olmuşdusa (gəlirlərin pik həddi), 2014-cü ilin yekunlarına görə, bu göstərici 15,1 milyard dollara qədər azalıb. Cari ilin ilk rübü ərzində isə “Azəri-Çıraq-Günəşli” yataqlarından Azərbaycan çatan mənfəət nefti 2 milyard dollardan bir qədər artıq olub…

Bu cür statistik göstəriciləri daha çox sadalamaq olar. Lakin buna ehtiyac yoxudur və hamı üçün aydındır ki, neft gəlirləri hiss olunacaq dərəcədə azalır və yaxın perspektivdə qiymətin əvvəlki səviyyəyədək yüksəlməsi ilə bağlı hətta ehtimal belə, yoxdur.

Şübhəsiz, belə bir yeni iqtisadi gerçəklik adekvat addımları, islahatları gündəliyə gətirir. Bu da aydındır ki, islahatların uğurla və sabitlik prioriteti çərçivəsində həyata keçirilməsi, avtomatik olaraq, kadr dəyişikliklərini və hökumətin indiki tərkibinə yenidən baxılmasını zəruri edir.

Kadr dəyişikliklərini təkcə hökuməti təmsil edən hazırki nazirlərin buraxdığı səhvlər, maliyyə fırıldaqları və s. yanlışlıqlar şərtləndirmir. Bu, həm də və daha çox yeni iqtisadi şəraitin diktə etdiyi vazkeçilməz tələbdir. İndi Azərbaycanda daha heç kimə sirr deyil ki, yüksək neft gəlirlərindən qaynaqlanan şişirdilmiş büdcələrlə işləyən, idarəetmə bacarıqları yalnız sel kimi axıb gələn pulların xərclənməsi/bölüşdürülməsi ilə bağlı sərəncam verməklə məhdudlaşan nazirlər, komitə rəhbərləri, yüksək vəzifəli bürokratlar yeni iqtisadi gerçəkliyə adekvat deyillər. Uzun illərdir ki, hakim komandanı təmsil edən şəxslərin böyük bir hissəsi cavabdeh olduqları sahələrdə işin səmərli və keyfiyyətli qurulması ilə yox, neft pullarının cəlb edilməsi uğrunda mübarizəylə diqqət çəkiblər. Əksəriyyəti hətta çox böyük inzibati resurslar müqbilində belə, effektiv işləyə, dövlət sifarişləri olmadan ayaq üstdə qala biləcək biznes qurmağa qabil olmayıblar. 34% devalvasiya, bank sektorunda baş verənlər bir daha göstərdi ki, bu iqtisadi komanda ilə mürəkkəb situasiyalarda uğur qazanmaq problematik və hədsiz dərəcədə risklidir.

Digər tərəfdən, Binəqədidə yaşayış binasının yanması hadisəsi zamanı aşkarlanan həqiqətlər həm də onu göstərdi ki, kritik anlarda məsuliyyət məsələsində komanda üzvlərinin əksəriyyəti Birinci şəxsin ön plana çıxmasına çalışırlar. Çox azsaylı istisnalarla, Birinci şəxsdən sipər kimi istifadə olunmaması səyləri artıq komandanın davranış formasına çevrilməkdədir. Prezident 28 may Respublika günündəki çıxışında məhz buna açıq işarə vurdu…

Ən optimal variant: Baş nazirliyi texnokrat-menecerə həvalə etmək

Qeyd edək ki, bu mesaj yeni iqtisadi gerçəkliyə adekvat komanda formalaşdırılması istiqamətində prezident islahatlarının xarakteri barədə də fikirlər irəli sürməyə imkan verir.

Hazırkı reallıqlar çərçivəsində ən optimal variant dövlət başçısının siyasi iradəsi çərçivəsində işlək, çevik, ən əsası isə, Prezidentə şəxsi sədaqəti ilə sınaqdan çıxmış, məsuliyyəti üzərinə götürə bilən texnokrat-menecerin rəhbərliyi ilə hökumətin qurulması ola bilər. Belə texnokrat-menecerin rəhbərliyi ilə hökumət Prezidentin siyasi iradəsi və sabitlik prioriteti çərçivəsində, hakmiyyət piramidasının özəlliklərini nəzərə almaqla, sürətli zəruri islahatları apara bilər.

Əlbəttə ki, burada hökumət rəhbərinin, texnokrat-menecerin kimliyi, şəxsiyyəti, özəl keyfiyyətləri və hakim komandadakı mövqeyi ön plana çıxır. Axı söhbət həm də ölkədə Konstitusiyaya görə, Prezidentdən sonra ikinci ən mühüm postu tutacaq, Baş nazir olacaq şəxsdən gedir.

Şübhəsiz ki, bu şəxs, ilk növbədə, dövlət başçısına şəxsi sədaqəti ilə sınaqdan çıxmaqla yanaşı, bacarıqlı menecer, qarşıya qoyulacaq vəzifələrin öhdəsindən gələ biləcək, fəaliyyətində uğurlu nümunələr ortaya qoymuş, ən əsası isə, məsuliyyəti öz götürməkdən çəkinməyən, hamının yalnız tutduğu kürsüyə görə deyil, həm də özəl keyfiyyətləri baxımından hesablaşacağı fiqur olmalıdır. Bu fiquru, həmçinin cəmiyyət də anlayışla qəbul etməli, onun bacarıq və uğurlu kadr olduğuna gerçəkdən də inanmalıdır.

Eyni zamanda, Prezidentin iradəsi çərçivəsində, münasibətdən sui-istifadə etməyəcək həddə qəti addımlar atacaq qədər cəsarətli və mübarizədən çəkinməyən şəxs olmaldır. Çünki istənilən islahat həm də müqavimətin qırılması və bir çox hallarda qeyri-populyar addımların atılması deməkdir…

Komandada beləsi varmı?

Hazırda mediada, cəmiyyət arasında indiyədək bu posta adı hallanan və hallanmayan, hətta ehtimal olunan iddiaçıları soyuq başla saf-çürük etdikcə, mövcud şəraitdə Prezident tərəfindən hökumətin başına gətirilə biləcək texnokrat-menecer kimi, daha çox bir nəfərin – Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adı diqqəti cəlb edir.

Heydərovlar ailəsinin Əliyevlər ailəsinə və şəxsən prezident İlham Əliyevə sədaqəti hətta onların ən qatı əleyhdarlarının da müzakirə mövzusu deyil. Hamı üçün bir həqiqət gün kimi aydındır: Kəmaləddin Heydərovu və atası Fəttah Heydərovu nədə desən suçlaya bilərsən, ancaq Əliyevlərə sədaqətlərinə şübhə etmək böyük insafsızlıq sayılar…

Kəmaləddin Heydərov Fövqəladə Hallar naziri kimi, – bundan əvvəl isə Gömrük Komitəsinin sədri olaraq, – menecerlik qabiliyyətini məharətlə nümayiş etdirib, çox uğurlu biznes layihələrə imza atıb, xalq arasında isə comərd, səxavətli adam kimi tanınır. Hər zaman təmkini ilə bərabər, mübarizlik nümunələri də ortaya qoyub və çətinliklərdən qorxmadığını göstərib, yeni çağrışlara adekvat reaksiyası, adaptasiya bacarıqları ilə diqqəti çəkib.

Kəmaləddin Heydərov hakimiyyətin ən üst səviyyədə ona həvalə etdiyi siyasi layihələri də uğurla həyata keçirib və yaxşı nəticələr nümayiş etdirib. Koloritli kimliyi ilə yalnız siyasi, iqtisadi çevrələrdə deyil, mədəniyyət, idman və s. sahələrdə də gerçək nüfuz qazana bilib…

Doğrudur, hər bir insan kimi, o da səhvlərdən, nöqsanlardan xali deyil və opponentləri Heydərovun elə biz saydığımız qədər də mənfi cəhətlərinə diqqət çəkə bilərlər. Ancaq bu bir həqiqətdir ki, yuxarıda onun haqqında sadalananlar gerçəklikdir və bunu danmaq yalnız ifrat qərəzli və qeyri-professional yanaşmanın təzahürü kimi ortaya çıxa bilər.

Digər tərəfdən, onun əleyhinə irəli sürülə biləcək arqumentlər Kəmaləddin Heydərovun texnokart-menecer olaraq potensialı, hakim komandanın üzvü kimi bu vaxta qədərki sədaqətli xidməti fonunda heç o qədər də işıq saçmaz, əksinə, parıltıda itib-batar…

İndiyədək Heydərovun hakim komandada özüməxsus iş üslubu, özəl keyfiyyətləri, bacarıqları ilə fərqlənən, Prezidentin siyasi iradəsinin müəyyənləşdirdiyi çərçivədən azacıq da olsa sapmayan, Birinci tərəfindən müəyyənləşdirilən oyun qaydalarına sonadək sadiq qalan fiqur kimi, Baş nazir postuna namizədliyi zaman-zaman gündəliyə gətirilib. Amma bu məsələ daha çox məhz rəqiblərinin “xeyirxahlığı” nəticəsində aktuallaşdırılıb. Yəni, Heydərovu məhz vurmaq və Prezident komandasında iddialı şəxs imicində təqdim etmək, “adı hallandısa, demək ki, olmayacaq” məntiqi və məqsədiylə ən yaxşı siyasi gediş kimi istifadə olunub. Bu məsələ ətrafında mətbuatda kimlərin necə şövqlə və hansı cinahlardan kampaniyalar apardığını da elə biz – media təmsilçiləri daha yaxşı bilirik…

Ancaq təhlilçilər üçün aydın idi ki, neft gəlirlərinin yüksək olduğu zaman Heydərov kimi şəxsin başçılıq edəcəyi Nazirlər Kabineti reallıqlara və münasibətlər sisteminə cavab verməzdi. Heç yəqin ki, K.Heydərov da “toy generalı” olmaq istəməzdi, yaxud dövlət başçısı da bunu ona rəva görməzdi…

İndi isə, yuxarıda qeyd edildiyi kimi, tam fərqli mənzərə yaranıb və artıq yeni çağrışlara adekvat reaksiya verilməsi üçün “toy generalları”nın poqon parıltısına ehtiyac yoxdur – zər-zibalı general mundirini döyüşçü əsgər formasıyla əvəzləyib, qolları çırmalamaq və ölkəni gözləyən iqtisadi böhrandan sağ-salamat çıxarmaq üçün “bataqlıqda bələdçilik” etmək lazımdır…

Heydərov kimin çətri altındadır?

Elə son zamanlar Kəmaləddin Heydərova qarşı yönəlik hücumların əsas səbəbi də ona məhz bu missiyanın həvalə edilmək ehtimalının böyüklüyü ilə bağlıdır. Bir qədər də obrazlı desək, Ali Baş Komandan tərəfindən komandanı bataqlıqdan yan keçirmək üçün Heydərovun yaxşı bələdçi olduğunun nəzərə alınaraq bu mühüm tapşırığın da ona verilə biləcəyini hesablayanlar indiki mərhələdə “bələdçinin” sıradan çıxarılmasına daha çox can atırlar.

Üstəlik, görünən budur ki, əvvəllər Heydərovun rəqibləri arxa fonda qalmağa üstünlük verərdilərsə, hazırda heç buna da ehtiyac duymur, hər fürsətdən yararlanmağa çalışırlar. Misal kimi, elə son olay zamanı – Binəqədidəki yanğından sonra bu rayonun İcra Hakimiyyətinin başçısı Xaləddin İbrahimovun yaşayış binasının yanmasında məsuliyyət daşıyan qurumlardan biri olaraq israrla FHN-i nişan verməsini göstərə bilərik. Təbii ki, sıradan icra başçısı hakimiyyət piramidasında nazir Heydərovla müqayisədə olduqca kiçik fiqurdur. Bununla belə, onun təşəbbüs göstərərək hətta bir “müxalifət qəzeti”nə çıxıb (?!) müsahibə verməyədək “cəsarətlənməsi” təkcə bu cəsarətin qaynağına yox, həm də çox mətləblərə işıq salır. Halbuki, Kəmaləddin Heydərov və çevrəsi yanan bina ilə bağlı məsuliyyət məsələsində heç bir konkret ünvan göstərməmişdi. Ən azı, KİV müstəvisində bu, müşahidə olunmadı…

Əksinə, belə təsəvvür yarandı ki, sanki, Kəmaləddin Heydərov məqsədli şəkildə provakasiyaya və savaşa çəkilir. Çox güman ki, Avropa Oyunlarından dərhal sonra və qarşıdakı mərhələdə belə “kamikadze təşəbbüsləri”nin sayı daha da artacaq və Kəmaləddin Heydərovun təmkini hələ çox sınağa çəkiləcək.

Ancaq o da çoxları üçün sirr deyil ki, Heydərovun düşmənləri qədər, dostları da çoxdur və onun fəaliyyəti ən yüksək mərtəbədə təqdir olunur. Heydərovun texnokrat-menecer, sadiq komanda üzvü kimi potensialının yeni iqtisadi gerçəklikdə hansı fayda gətirəcəyi, onun mümkün dəyişikliklərin lokomotivi olaraq verə biləcəyi töhfə hər zaman nəzərə alınır. Yəqin, bir detala ağıllı adamlar həmişə diqqət yetiriblər: Kəmaləddin Heydərova qarşı kampaniyalar genişlənəndə, provakasiya cəhdləri intensivləşəndə onun kimin çətiri altında olması açıq şəkildə nümayiş etdirilir. Bu dəfə də istisna olmadı: Avropa Oyunları zamanı, bütün dünyanın diqqətinin ölkəmizə yönəldiyi bir vaxtda Prezident İlham Əliyev Heydərovun da özüylə bərabər mükafatlandırma mərasimində iştirakına icazə verməklə, faktiki, fövqəlnaziri hədəf seçən bütün qüvvələrə növbəti mesajını ötürdü: “O, mənimlə birgədir!”…/Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.