Kremldən İrəvana Qarabağ şantajı - Bakı üçün yeni fürsət?

30-06-2015, 07:57   
Kremldən İrəvana Qarabağ şantajı - Bakı üçün yeni fürsət?
Rusiya işğalçı ölkəni işğal da edə bilər; bunun üçün hərbi müdaxiləyə lüzum yox - Gümrüdəki baza yetərlidir; şimaldan gələn “7 rayon vədi”nə inanmaq olarmı...
Ermənistandakı etirazlar Rusiyanın Güney Qafqaza yönəlik siyasətinin mahiyyətini yenidən anlamaq üçün təzə fon yaratdı. Hadisələrə Kreml rəsmilərinin ilkin reaksiyası əgər təmkinli xarakter daşıdısa, Rusiyanın ekspert dairələri sərt yanaşma ortaya qoydular, bəzi analitiklər isə dərhal uzaqgedən mülahizələr səsləndirdilər və indi də səsləndirməkdədirlər.


Aydın məsələdir ki, Moskvanın Cənubi Qafqazda yeganə və əvəzsiz forpostu olan, bölgədə özünün yeganə legitim hərbi bazasını yerləşdiyi Ermənistanda qarışıqlığın və xaosun yaranması ən çox şimal qonşumuza sərf etmir. Kremlə yaxın siyasi şərhçilərin (Sergey Markov və s.) qonşu ölkədəki proseslərə reaksiyasından bu narahatlığı görmək çətin deyil. Məsələn, Markovun iddiasına görə, hazırda Ermənistanda baş verənlər bilavasitə ABŞ xüsusi xidmət orqanlarının işidir.

Belə çıxır, Ermənistan Rusiyanın ovucunun içində ola-ola, Amerika ora müdaxilə eləməyi, narazı xalqla işləməyi, oranı qarışdırmağı bacarır. O halda ABŞ xəfiyyəsi daha çevik və güclüdür, demək. Lakin Moskvadan verilən qiymətləndirmələr blef də ola bilər. Ayrı sözlə, bu qəbildən dəyərləndirmələrlə Rusiyanın Ermənistana hərbi müdaxiləsi üçün, bu ölkəni tam işğal eləməsi üçün zəmin və bəhanə yaratmaq niyyətinin güdüldüyü istisna deyil.

Hərbi müdaxilədən ötrü isə cırtdan Ermənistana, tutaq ki, Ukrayna kimi ordu yeritməyə ehtiyac yoxdur. Gümrüdəki müasir hərbi texnika və sursatla təchiz olunmuş 102 saylı 5 minlik baza kifayətdir. Onu da yaddan çıxarmayaq ki, Ermənistanın xarici sərhədlərini də (Türkiyə, İran) rus silahlıları qoruyur...

***



Artıq işğal variantının anonsları incə çatdırışlar şəklində səslənməkdədir. Məsələn, moskvalı politoloq Konstantin Fedorenko bəyan edib ki, “Rusiya Ermənistandakı situasiyaya qarışa bilər” (axar.az). Sitat: “Hələlik Kreml İrəvanda baş verən etirazları təmkinlə izləyir. Hesab edilir ki, Ermənistanda yaşananlar ABŞ-ın növbəti zərbəsidir. Ancaq etiraz edənlərin tələbləri ictimai-iqtisadi tələblərlə məhdudlaşır. Əgər siyasi tələblər ön plana çıxarsa, Rusiya mütləq Ermənistana öz təsirlərini artıracaq. Moskva Ermənistana Dağlıq Qarabağ vasitəsilə təzyiq göstərə bilər”.

Bu, elə haqqında danışılan hədələrdən biridir. Rəsmi Moskva onu açıq dilə gətirməsə də, rusiyalı ekspertlər yetərincə sərbəst bəyan etməyə başlayıblar. Bununla bir daha təsdiqlənmiş olur ki, Qarabağ konfliktinin indiyədək həll olunmamasının əsas baiskarı məhz Kremldir. Çünki bu münaqişə ona Ermənistanla Azərbaycanı öz təsir dairəsində saxlamaq üçün hava-su kimi vacibdir.



Odur ki, rəsmi Bakı bizə şirnikləndirici görünən bu kimi açıqlamalara və hədələrə maksimum diqqətli yanaşmalı, Dağlıq Qarabağ problemindən sırf Rusiya maraqları naminə istifadəyə razı olmamalıdır. Bir amil də ciddiyə alınmalıdır ki, Kreml Ukraynadakı “səhvini” balaca Ermənistanda, özü də ona müttəfiq olan bir ölkədə əsla təkrarlamayacaq, əksinə, ehtimal böyükdür ki, Ukraynaya görə Ermənistanda Qərbdən siyasi revanş götürməyə çalışacaq.

***
Sözsüz ki, Ermənistanın zəifləməsi, Qarabağı geri almaq üçün yeni fürsətlərin yaranması Azərbaycana sərf edir. Ancaq bu zaman Rusiya amilini bütün ciddiliyi ilə nəzərə almaq zorundayıq. Yoxsa elə olmasın ki, Kreml Dağlıq Qarabağ hesabına əvvəlcə Ermənistanı cəzalandırsın, Ermənistanı ram edəndən sonra isə analoji üsulla - Qarabağ kartı hesabına Azərbaycana yeni sağalmaz zərbələr vursun.



Hər halda, hazırkı mərhələdə Moskvanı konfliktin nizamlanması deyil, onun vasitəsilə iki Güney Qafqaz ölkəsini, faktiki surətdə isə bütöv bölgəni öz siyasi-hərbi çətiri altında saxlamağı düşünür. Ən yaxşı halda Rusiyadan belə bəyanatlar səslənir ki, guya Dağlıq Qarabağ ixtilafının həlli Azərbaycan da Ermənistan kimi Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına qoşulandan sonra mümkünləşə bilər.

Təbii ki, ilğımdır. Ona görə ki, Azərbaycan SSRİ tərkibində bu variantın perspektivsizliyinə azı, bir dəfə əmin olub. Yəni nəticəsi olmayan yol bir dəfə artıq keçilib. Bu yerdə həmçinin həmin o Sergey Markovun Azərbaycanın 7 rayonunun azad edilməsi vacibliyi haqda söylədikləri yada düşür. Rəsmi Bakıya xoş gəlmək üçün son zamanlar buna bənzər açıqlamalar bəzi rusiyalı deputatların dilindən də eşidilib.

Belə bəyanatlara inanmaq olarmı, əgər Kreml rəsmiləri bu barədə heç nə söyləmirlərsə?
Yəqin ki, yox. Biz hələ onu demirik ki, Moskvanın rəsmi zəmanətinin özü də hələ hər şey demək deyil. Necə ki, Rusiya 1994-cü ildə “nüvə silahı əvəzinə Ukraynanın müstəqilliyi və suverenliyi” aktına (Memoranduma) imza atsa da, 20 il sonra - 2014-cü ildə Krımı işğal eləməklə öz yazılı zəmanətinə (!) xilaf çıxdı. Rusiya 20 il gözləməyə də bilər.

Siyasət şöbəsi/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.