Abbas Abbasov doğmalarını çıxılmaz vəziyyətə salıb

30-06-2015, 08:04   
Abbas Abbasov doğmalarını çıxılmaz vəziyyətə salıb
Sabiq vitse-primyerin deputat oğlunun da həbs edilə biləcəyi deyilir
“Nadir Abbasovun həbsindən sonra Abbas Abbasovun deputat oğlu Aydın Abbasova da həbs təhlükəsi yaranıb. İddialara görə, hakimiyyət Abbas Abbasova sarsıdıcı zərbə vurmaq üçün Aydın Abbasovun da həbsini nəzərdən keçirir”.

Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Abbas Abbasovun qardaşı Nadir Abbasovun həbsi həm də Azərbaycan hakimiyyəti ilə baş nazirin sabiq birinci müavini arasındakı gərginliklə bağlıdır. Qeyd edək ki, “Milyarderlər İttifaqı”nı Kremlin məkrli layihəsi hesab edən hakimiyyət özünə yönəlik bu projedə Abbas Abbasovun da əsas rol almasını ona bağışlamır. Abbas Abbasov dəfələrlə ölkə başçısı İlham Əliyevə sadiq olduğunu bəyan etsə də, hakimiyyət onun səmimiliyinə inanmır.

Qeyd edək ki, ötən həftə A.Abbasovun qardaşı Nadir Abbasov Azərbaycan Beynəlxalq Bankından götürdüyü 10 milyon dollar krediti ödəyə bilmədəyi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü və pulu vaxtında ödəyə bilmədiyi üçün saxlandığı bildirilir.



Hələ ki bu xəbər nə rəsmi qurumlar, nə də A.Abbasovun yaxınları tərəfindən təkzib olunmayıb. Hətta Abbas Abbasovun deputat oğlu Aydın Abbasov da məsələyə reaksiya verməyib. Dünən də A.Abbasovla danışmaq cəhdimiz nəticə vermədi. Deputat telefonu açmadığından onun özünün həbs təhlükəsi ilə üzləşdiyi barədə iddialara münasibət öyrənə bilmədik. Düzdür, deputatın həbs olunması elə də sadə məsələ deyil.

Bunun üçün Milli Məclisin toplanması, baş prokurorun təqdimatı əsasında onun mandatdan məhrum edilməsi gərəkdir. Üstəlik, A.Abbasov bir neçə gün öncə AŞ PA-nın sessiyasında iştirak etməkdən ötrü Azərbaycan nümayəndə heyətinin tərkibində Strasburqda olub. A.Abbasov özü də atası ilə bağlı açıqlamalarında kifayət qədər korrekt davranmağa üstünlük verir. Əmisi N.Abbasovun həbsi barədə sualın cavabında isə o, xəbəri nə təsdiq, nə də təkzib edib.

Əlavə edək ki, mətbuatda bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun həyat yoldaşının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunduğu barədə də xəbər verilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə “Yeni Müsavat”a açıqlamasında yayılan bütün xəbərləri təkzib edib. O, əməkdaşımızın suallarına “yayılan məlumatların heç bir əsası yoxdur” deməklə kifayətlənib.

Vüqar MURAD
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.