Ermənistan fəlakətin bir addımlığında; Rusiya hərbi əməliyyatların ilk 3 saatında gözləmə mövqeyi tutarsa, işğalçı ordu layiqli cavabını ala və ağıllana bilər; Kreml satqınlığa meylli Sərkisyanın “qulağının kəsilməsində” niyə maraqlıdır? Dünya birliyi getdikcə daha yaxşı anlayır ki, Qafqaz kimi vacib bir regionda Azərbaycan, özündən qat-qat zəif və zəlil Ermənistana torpaqlarını heç bir halda güzəştə getməyəcək...
Avropa Oyunları ərəfəsi cəmiyyətdə Ermənistanın bu mötəbər yarışa xələl gətirmək üçün cəbhədə təxribatlar törədə biləcəyi ilə bağlı narahatlıq vardı. Amma hələ bir neçə ay əvvəldən cəbhə xəttində üstünlüyü ələ alan Azərbaycan ordusu düşmənin təxribatlarına imkan vermədi. Avropa Oyunlarının açılış məşəlinin yandırılmasının torpaqlarımızın müdafiəsində gözünü itirmiş qazi İlham Zəkiyevə etibar edilməsi dünyaya bir mesaj oldu.
İyunun 25-də Silahlı Qüvvələr günü ilə bağlı hərbi hissənin açılışında çıxış edən dövlət başçısı İlham Əliyev Ermənistan rəhbərliyinə növbəti dəfə sərt bəyanat verdi: “Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər”.
Prezident çıxışında münaqişənin həllinin uzandığını və dünya güclərinin Qarabağ məsələsində tutduğu gözləmə mövqeyini də sərt tənqid edərək “nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik” deyib. İ.Əliyev əlavə edib ki, Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər. Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov da Avropa Oyunlarından sonra Azərbaycanın Ermənistana gücünü göstərəcəyi ilə bağlı xüsusilə erməni mətbuatında yazılan məlumatlarla bağlı elə həmin gün sensasion bir bəyanat səsləndirib.
Bəyanatı olduğu kimi təqdim edirik: “Düşmən Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatları görür. BU YAXINLARDA ONLAR DAHA BÖYÜK İŞLƏRƏ ŞAHİDLİK EDƏCƏKLƏR (seçdirmə bizimdir). Məhz bu istiqamətdə aparılan uğurlu işlər artıq onlarda qorxu yaradır. Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir. Qoy gözləsinlər, biz sözümüzü deyəcəyik. Xatırladım ki, möhtərəm cənab prezident deyib ki, əgər erməni əsgər ölmək istəmirsə, onda onun AĞDAMDA, FÜZULİDƏ (seçdirmə bizimdir) nə işi var? Mən onlara məsləhət görərdim ki, bundan yararlansınlar. Yoxsa nəticəsi pis olacaq”.
Avropa Oyunlarının davam etdiyi günlərdə Ermənistanda siyasi sabitliyin pozulması, İrəvanda sosial tələblərlə başlayan mitinqlərin əyalətlərə də yayılması, bu etiraz aksiyasına övladları “yad torpaqda” - Qarabağda ölən əsgər analarının da qoşulması düşmən ölkənin hər mənada çöküşünü göstərdi. Həm iqtisadi, həm hərbi gücünü son illər daha da artıran Azərbaycanın miskin bir ölkəyə çevrilmiş Ermənistanla haqq savaşına başlayacağı getdikcə daha real görünür. Əlbəttə, beynəlxalq güclər indi Qafqazda müharibə olmamasına çalışırlar, Rusiya Ermənistanın arxasından çəkilməyib.
ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik İrəvana son səfərində bildirib ki, əgər Qarabağda genişmiqyaslı müharibə başlayarsa, münaqişəni dinc yolla həll etmək mümkün olmayacaq. Erməni mətbuatı Uorlikin bu bəyanatına xüsusi diqqət çəkərək “artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri səviyyəsində genişmiqyaslı münaqişə barədə bəyanat verilir” - deyə, narahatlıqlarını bildiriblər. Ermənistan mətbuatı yazıb ki, Uorlik İrəvana ona görə gəlib ki, Ermənistan hakimiyyətinə gözlənilən fəlakət barədə xəbərdarlıq etsin.
Ermənistanın müdafiə nazir Seyran Ohanyan da “armenpress”ə müsahibəsində ölkəsinin qorxularını dilə gətirib. O deyib ki, Bakıda keçirilən Avropa Oyunları başa çatdıqdan sonra Qarabağda təmas xəttində vəziyyət kəskin şəkildə gərginləşə bilər. Təkcə həmsədrlər deyil, dünya birliyi də getdikcə daha yaxşı anlayır ki, Qafqaz kimi vacib bir regionda Azərbaycan özündən qat-qat zəif, iqtisadiyyatı bərbad və regionda xeyirsiz bir dövlətə çevrilmiş Ermənistana torpaqlarını heç bir halda güzəştə getməyəcək.
“Qarabağın açarı”na sahib olan Rusiya ilə rəsmi Bakının xüsusən Avropa Oyunlarında nəzərəçarpacaq yaxınlaşması da ermənilərin qorxusunu artırıb. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin, bağlanış mərasimində isə Dövlət Dumasının sədri Sergey Narışkinin iştirakı aydındır ki, erməniləri narahat edib.
Ermənistan hakimiyyəti ehtiyat edir ki, ölkədəki gərgin siyasi vəziyyətdən, əhalinin Sərkisyan rejiminin illərdir mənasız müharibə ritorikasından bezdiyi bir vaxtda Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasın.
Əslində hələ İrəvandakı etiraz aksiyalarından əvvəl Ermənistanda ciddi narahatlıq var idi ki, Azərbaycan Avropa Oyunlarının başa çatmasından sonra Qarabağda hücum əməliyyatlarına başlaya bilər. Ermənistanda bunun sübutu kimi Azərbaycan ordusunun son aylarda dalbadal döyüş şəraitinə maksimum yaxınlaşdırılmış təlimlər keçirdiyini göstərirdilər. Şübhəsiz ki, Azərbaycanın son aylar qardaş Türkiyə ilə intensiv hərbi təlimlər keçirməsi də düşmənin canına qorxu salıb.
Bəzi ekspertlər iddia edir ki, Avropa Oyunlarında öz gücünə bir daha əmin olan Azərbaycan yaxın günlərdə fəal hərbi əməliyyatlara başlaya bilər. “İldırım sürətli” bu əməliyyatlarda ermənilərin hərbi qüvvə yerləşdirməyə canlı qüvvəsi belə çatmayan Ağdam və ya Füzuli istiqamətindəki işğaldakı torpaqlarımızda Azərbaycan bayrağı sancıb danışıqlar prosesində üstünlüyü əla ala bilər. Mümkündür ki, Azərbaycan ordusu arsenalında olan silah-sursatla cəmi bir neçə saata bu torpaqları azad etsin. Dünya birliyi, xüsusilə həmsədr ölkələr toplaşıb bəyanat verənədək Azərbaycan danışıqlarda status-kvonu birmənalı şəkildə öz xeyrinə dəyişə bilər.
Məhz bundan sonra Ermənistan nəhayət ki, tutduğu qeyri-konstruktiv mövqedən çəkilə bilər. Burada yeganə məsələ Azərbaycanın haqq işinə Rusiyanın mövqeyinin necə olacağı sualıdır. Bu yöndə iddialara görə, Rusiya yalnız “ildırım sürətli” müharibənin ilk 3 saatında gözləmə mövqeyi tutarsa, Ermənistan ordusu layiqli cavabını ala və ağıllana bilər.
İndi İrəvandakı aksiyaların arxasındakı oyunlarda Rusiyanın da nə dərəcədə barmağı olduğu maraqla izlənir.
Belə ehtimal var ki, Rusiya bugünlərdə Sərkisyana 200 milyon dollarlıq kredit verib silah satmaqla qorxuya düşmüş Ermənistan rəhbərliyini qismən sakitləşdirməyə çalışıb. Amma Kreml Ermənistan rəhbərliyinin satqınlığa meylli olduğundan da xəbərdardır. Sərkisyan iki il əvvəl Avropa Birliyi ilə danışıqlarda Rusiyanın forpostu olan Ermənistanın bu qurumla ciddi əməkdaşlığına tərəfdar idi. Hətta daxili resurslarını işə salaraq İrəvanda anti-Rusiya, anti-Putin aksiyaları təşkil etdirmişdi. Amma Putinin intiqamı ağır oldu və Ermənistan prezidenti Kremlin qarşısında diz çökdürüldü, Avropa Birliyi ilə əməkdaşlığa son qoyuldu, ölkə Avrasiya Birliyinə üzv edildi. Bu mənada Rusiya da indi Ermənistanın qulağının kəsilməsində maraqlı ola bilər və mümkün müharibədə Azərbaycanın irəliləməsi Sərkisyanı birdəfəlik siyasi səhnədən silə bilər....
“Yeni Müsavat”