Beynəlxalq Bankda saxta “brilyant işi”

2-07-2015, 07:34   
Beynəlxalq Bankda saxta “brilyant işi”
Talanmış bankla bağlı yeni sensasion xəbərlər; Bankın filialından götürülən külli miqdarda kredit Artur Rəsizadənin qohumu olan nazir müavininin karyerasına son qoya bilər; ABB ilə bağlı araşdırma artıq iri fiqurlara çatıb...;
Avropa Oyunlarından sonra Beynəlxalq Bank işi ilə bağlı iqtidarın yeni qərarlar verəcəyi xəbərləri təsdiqlənir. Məlumatlara görə, iqtidar Beynəlxalq Banka rəhbərliklə bağlı bütün namizədləri nəzərdən keçirir və bugünlərdə son qərarı verəcək. Məlum olub ki, İdarə Heyətinə rəhbərliyin “PAŞA Bank”ın sabiq rəhbəri Fərid Axundova həvalə edilməsi baş tutmayıb.


Bankın rəhbərliyinin F.Axundova həvalə edildiyi Cahangir Hacıyevin istefasından bir neçə gün sonra-aprel ayının 2-dən yayılmışdı. F.Axundovun Beynəlxalq Banka sədr təyin edilməsi barədə xəbəri hətta “PASHA Bank”dan da təsdiqləmişdilər. Bu həftə isə “PASHA Bank”da Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr vəzifəsi öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımova həvalə edilib. Maraqlıdır ki, F.Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam edəcək. Bu isə o deməkdir ki, F.Axundovun Beynəlxalq Banka rəhbərlik edə biləcəyi iddiası nöqtələnib. Beynəlxalq Bankın səhmdarlarının toplantısının keçirilməsi artıq 4 aya yaxındır ki, yubanır.

Qeyd edək ki, “Banklar haqqında” Qanunun tələblərinə əsasən, İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aiddir. İdarə Heyətinin sədri vəzifəsini isə hələ də müvəqqəti olaraq Emil Mustafayev icra edir. O isə Beynəlxalq Bankda kredit qalmaqalı ilə bağlı başlanmış istintaqda əsas rol oynayır və borclu oliqarxlarla bağlı bank sənədlərinə məsuldur.




***
Beynəlxalq Bank işi ilə bağlı daha bir sensasion məlumat banka rəhbərlik uğrunda mübarizə aparanlardan birinin xanımının məlum millətdən olması ilə bağlıdır. Redaksiyamıza verilən xəbərə görə, araşdırma zamanı bankın rəhbərliyində çalışanlardan birinin elə bankda işləyən xanımının anasının məlum millətindən olduğu üzə çıxıb. O da məlum olub ki, həmin rəhbər şəxsin Moskvada yaşayan və bank sistemində çalışan ermənilərlə sıx əlaqələri varmış. Maraqlıdır ki, məhz banka rəhbərlik uğrunda mübarizə aparanlar sırasında həmin adamın da adı çəkilirdi.

Xəbərə görə, bankın filiallarında da bir müddətdir ki, ciddi araşdırma gedir. Məlumdur ki, əvvəllər Beynəlxalq Bankın baş direktoru olan, daha sonra bankın Dubay şöbəsinə rəhbərlik edən Adil Hüseynov (“Qara polkovnik” Fətullah Hüseynovun oğlu) ötən ay Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs edilib. A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. A.Hüseynov Beynəlxalq Bankın Dubay şöbəsi üzərindən yüz milyonlarla dolların müxtəlif şirkətlərə kredit kimi verilməsini təşkil etməkdə ittiham olunur. Həmin kreditlər isə geri qaytarılmayıb. Bu məbləğ 318 milyon dollardır...



Bankın Gəncə filialında da araşdırma başlanması barədə xəbərlər yayılıb. Gəncə filialının müdiri Sabit Fətizadə maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin qardaşı oğludur. Xəbərlərdə deyilir ki, bank rəhbəri brilyanta oxşar daşları brilyant adı ilə rəsmiləşdirib, Beynəlxalq Banka girov qoyaraq qohumlarının adına külli miqdarda kredit götürüb (qafqaznews.az). Bu yolla əlində milyonlarla pul cəmləşdirən Sabit Fətizadə Gəncə və Bakı şəhərlərində xeyli sayda mülk sahibi olub. Onun bu posta təyinatında əmisinin böyük rolu olduğu iddia edilir. Gəncə filialında yoxlama başladığı və yoxlamaya gələnlərin S. Fətizadəni yaxına buraxmadıqları da iddia olunur.

İddialara görə, S.Fətizadənin Çexiyada hoteli belə var. Çexiyadakı hoteli ilə maraqlanmaq üçün filial müdiri hər üç aydan bir Avropaya gedirmiş. Bu iddialarla bağlı bankın Gəncə filialına zəng etsək də, heç kimlə əlaqə yarada bilmədik.



Qeyd edək ki, İlqar Fətizadənin kürəkəni Elmir Həbibullayev də Beynəlxalq Bankda fiziki şəxslərlə iş üzrə məsul baş direktordur. Eyni zamanda fiziki şəxslərə kreditlərin verilməsi onun nəzarəti altında həyata keçirilir. Elmir Həbibullayev Cahangir Hacıyevin ən yaxın adamlarından biri olub. Uzun müddət kredit komitəsinin sədri vəzifəsində çalışıb. İri kreditlərin rəsmiləşdirilməsi onun nəzarəti altında aparılıb. Cahangir Hacıyevin biznesinin kreditləşməsinin icrasına da birbaşa o nəzarət edib.



İlqar Fətizadə

Nazir müavini İ.Fətizadənin adı son vaxtlar medianın gündəmə tez-tez gəlir. Hələ AXC iqtidarı dövründə - 1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini işləmiş İ.Fətizadə həmin ilin dekabr ayında Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1999-cu ildən isə maliyyə nazirinin birinci müavinidir.

Heydər Əsədovun kənd təsərrüfatı naziri təyinatından sonra İ.Fətizadə Hesablama Palatasının sədri olmaq istəyirmiş. Amma maliyyə naziri Samir Şərifova yaxınlığı ilə tanınan nazir müavininin namizədliyinə yuxarıdan “yox” deyildi. Və bu vəzifəyə Vüqar Gülməmmədov təsdiqləndi. İ.Fətizadənin baş nazir Artur Rəsizadənin yaxın qohumu olduğu barədə də xəbərlər var. Onun məhz A.Rəsizadənin dəstəyi sayəsində yüksək vəzifə tutduğu deyilir.

Belə görünür ki, Beynəlxalq Bank işi artıq iri fiqurlara çatıb və araşdırmaların sonunda bir neçə nəfər vəzifəsini, hətta azadlığını belə itirəcək...

“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.