Hakim partiya namizədlərini müxalifətdən sonra açıqlamağı düşünür; Gülağa Aslanlı: “Deməli, onlar Müsavatın 2010-cu ildəki taktikasını tətbiq etmək istəyirlər”
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Trend”ə müsahibəsində deyib ki, parlament seçkilərinə hazırlıqla əlaqədar proseslər gedir. YAP funksionerinin sözlərinə görə, rayon və şəhər seçki qərargahlarının yaradılması və texniki təchizatı, orada fəaliyyət göstərəcək şəxslərin seçilməsi və onlara təlimlərin keçirilməsi prosesi də gedir.
“Bundan əlavə, hər bir dairənin ərazisində seçicilərin kateqoriyaları, əhalinin məşğuliyyəti, oradakı problemlər və digər məsələlərlə bağlı araşdırma aparılacaq. Avqust ayının 1-dək bu proseslər də həllini tapmalıdır”-S.Novruzov deyib. YAP funksioneri əlavə edib ki, bütün seçki dairələrində namizəd irəli sürdükləri üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, hər bir dairə və məntəqəyə bir nəfər məşvərətçi səs hüquqlu üzv və bir nəfər müşahidəçi təyin etmək hüququna malikdirlər. Bu baxımdan həmin şəxslərin də müəyyənləşməsi və seçilməsi prosesi gedir. “Həmçinin namizədlərimiz üçün imza toplayacaq şəxslərin müəyyənləşdirilməsi prosesi gedir. Çalışırıq ki, hər bir dairə üçün təxminən 10 nəfər imza toplayan şəxs müəyyən edək ki, imzatoplama kampaniyası uğurla başa çatsın. Bundan sonra isə qalan proseslərə seçkiyə start verildikdən sonra başlanılacaq”.
S.Novruzovun sözlərinə görə, hər bir dairə və namizədlər üzrə araşdırmalar aparılıb: “Yəni fəaliyyətdə olan deputatların və gələcəkdə deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin fəaliyyəti ilə əlaqədar dairələrdə araşdırmalar aparılıb...Yeni Azərbaycan Partiyası öz araşdırmalarını yekunlaşdırıb. Biz hər bir dairədən öz namizədlərimizi irəli sürəcəyik. Digər partiyaların hansı dairələrdən kimlərin namizədliyini irəli sürəcəyini gözləyirik. Ola bilər ki, bizdə hansısa operativ yerdəyişmələr olsun”.
YAP təmsilçisi parlamentin gəncləşəcəyi barədə fikirləri təkzib edib: “Gənclərlə bağlı konkret bir məsələ yoxdur. Yəni kimin yaşlı, kimin gənc olması məsələsi yoxdur. Təbii ki, Azərbaycanda kifayət qədər yaxşı təhsil almış, dövlətçiliyə sədaqətli, Azərbaycanı layiqincə təmsil edə biləcək yeni nəslin nümayəndələri yetişib. Əvvəl bələdiyyə seçkilərində gənclərin sayı dörd faiz təşkil edirdisə, son bələdiyyə seçkilərində artıq bu rəqəm 30 faizdən yuxarı oldu. Bunu əsas müəyyən edən seçicidir. Əgər seçici səs verəcəksə, layiq biləcəksə, deməli, o insanlar orada təmsil olunmalıdır”.
S.Novruzov müxalifətin imkanları, seçki hazırlıqlarından da danışıb: “Müxalifət partiyaları heç bir araşdırma aparmadan, dairələrin yerli xüsusiyyətlərini öyrənmədən namizəd müəyyənləşdirməyə çalışırlar. Müxalifətdə bu təhlil yoxdur, elə təxminən deyirlər ki, mən filan yerdən namizədliyimi verəcəyəm, amma dəfələrlə sübut olunub ki, müxalifət ”liderləri" son 20 ildə hər dəfə öz dairələrini dəyişiblər. Yəni bu onun göstəricisidir ki, onlar konkret araşdırma aparmırlar". O deyib ki, müxalifətin heç bir sosial bazası yoxdur. İnsanlar artıq onlara etibar etmirlər.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı YAP funksionerinin dediklərinə öncə belə reaksiya verdi: “Əvvəla, sual yaranır, əgər hakimiyyət öz namizədlərini müəyyənləşdirirsə, onları niyə elan etmir? Deməli, onlar Müsavat Partiyasının 2010-cu ildə tətbiq etdiyi taktikanı tətbiq etmək istəyirlər. Bu, seçki kampaniyası dövründə tətbiq olunan metodlardan biridir. Hər bir partiya özünün namizədini seçki elan olunanadək müəyyən qədər gizli saxlamağa çalışır. Bu da onunla əlaqədardır ki, yadınızdadırsa, 2010-cu ildə Müsavat başqanı İsa Qəmbərin namizədliyi 15-ci seçki dairəsindən veriləndən sonra o dairədən hakim partiyanın namizədləri digərləri ilə əvəz olundu. Bu, həmişə hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi metoddur”. G.Aslanlı qeyd etdi ki, Müsavat da öz namizədlərini müəyyənləşdirməyə çoxdan başlayıb: “Rayon təşkilatları namizədlərlə birlikdə hansı dairədən kimin daha çox səs qazana biləcəyi imkanlarını öyrəndikcə namizədləri müəyyənləşdirirlər. Bu baxımdan da Müsavat Partiyası artıq 70-dən çox dairədə müəyyənləşdirib. Digər dairələrdə də işlər gedir. Seçki qanunvericiliyinə uyğun olaraq MSK seçkinin gününü təyin edən kimi Müsavat Partiyası da özünün nizamnaməsinə uyğun olaraq Məclisini çağıracaq və dairələr üzrə namizədlər təsdiqlənəcək”.
İddialar var ki, Qərb təşkilatları Azərbaycan hakimiyyətini müxalifətin müəyyən sayda mandat sahibi olmasına imkan yaratmağa razı salmaq üçün çalışır. Bəs müxalifət necə, əvvəlki illərdə də dolaşan bu cür şayiələrə inanırmı? G.Aslanlı: “Hələ ki Azərbaycan hakimiyyətindən belə bir jest hiss olunmur. Azərbaycan hakimiyyəti daha dərin avtoritarizm xəttini götürüb. Özlərinin dili ilə desək, Azərbaycanı dünyaya tanıtmaq üçün keçirilən Avropa Oyunları ərəfəsində belə, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus, vicdan məhbusu hesab olunan şəxslərin həbsdən buraxılması, yaxud vəziyyətinin yaxşılaşdırılması üçün, demokratiyaya doğru heç bir addım atmadısa, indi seçkidə hansısa müsbət addım atacağını söyləmək xeyli çətindir. Amma təbii ki, ağıllı addım olar ki, hakimiyyət demokratik seçki keçirmək haqqında qərar versin. Əgər bu siyasi iradəni ortaya qoyarsa, təbii ki, onda seçki komissiyaları da artıq əvvəlki kimi yox, azad seçki keçirməkdə qərarlı ola bilər. Hakimiyyət istəsə, demokratik seçki keçirə bilər. Beləliklə də seçki ilə bağlı Azərbaycan hakimiyyətinə yönəlmiş iradlar aradan qalxar. Nəticədə həm Azərbaycan xalqı, həm də hakimiyyəti bundan udar”.
Avropa Şurası Parlament Assambleyası parlament seçkilərini müşahidə edəcəyini bəyan edib. Müşahidəçilərin gəlişi barədə gözləntilərini bölüşən Müsavat funksioneri dedi ki, Avropa Şurasının müşahidəçiləri ötən seçkidə ən azı orta xətt götürdülər: “Burada ATƏT-in müşahidəçiləri daha düzgün qiymət verdilər və bundan artıq nəsə edə bilməzdilər. ”Məntəqələrdə 57 faiz səslərin sayılması pis və daha pis şəkildə təşkil olunmuşdu, keçirilirdi" yazılması o demək idi ki, ölkədə azad, demokratik seçki keçirilməyib. Beynəlxalq təşkilatlar gəlib bizim əvəzimizə nə səs verməyəcək, nə də seçki komissiyalarının işini görməyəcəklər. Beynəlxalq təşkilatların Azərbaycan hakimiyyəti qarşısında hansısa tələb qoymaq imkanları yoxdur. Hakimiyyət sadəcə bundan nəticə çıxartmalıdır və normal seçki keçirmək üçün ortaya siyasi iradə qoymalıdır".
Cavid TURAN