Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, 91 saylı Ucar Seçki Dairəsindən deputat seçilmiş Elton Məmmədovu tanımayan yoxdur. Çünki ara-sıra onun və oğlu Aynar Məmmədovun adı mətbuatda bir sıra məsələlərdə hallandırılıb. Əldə etdiyimiz bilgilərə görə, 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuş Elton Məmmədov hazırda böyük biznes şəbəkəsinə sahibdir.
Onun Tomsk İnşaat Mühəndisləri İnstitutunun avtomobillər və avtomobil təsərrüfatı fakültəsini bitirdiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Ziya Məmmədovun qardaşı 1978-ci ildə "Azərətbalıq" sənaye birliyində maşinist işləyib: "Elton Məmmədov 1979-cu ildə "Tomlessurs" birliyində maşinist, Tomsk idman və tamaşa kompleksinin xidmət rəisi, baş mühəndisi və direktoru olub. 1989-cu ildə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyinin avtomobillərin təmiri zavodunda mühəndis, "Bakavtobusservis" birgə müəssisəsinin direktoru işləyib. 1992-ci ildə "Auditor" elm-istehsal firmasının direktoru, "Simvol" firmasının direktoru, 1997-ci ildə "Azərnəqliyyat" Dövlət Konserninin avtonəqliyyat müəssisəsinin direktoru, "Baktrans" Səhmdar Cəmiyyətinin sədri, 1998-2000-ci illərdə isə "Azərtrans" nəqliyyat ekspeditor şirkəti baş direktorunun müavini vəzifələrində çalışıb. Hazırda Ucar rayonunun millət vəkili olan Elton Məmmədov məhz qardaşı Ziya Məmmədovun sayəsində nəqliyyat sahəsinin bir hissəsini nəzarətə götürməyə və bu sektorla əlaqəli geniş biznes qurmağa müvəffəq olub". Bakı-Balakən-Qaqabçöl istiqamətində hərəkət edən marşrut xəttinin Elton Məmmədovun nəzarətində olduğunu iddia edən məlumatlı şəxs bildirir ki, deputatın nəqliyyat sektoru ilə bağlı biznesini onun Rövşən və Qasım adlı adamları idarə edir: "Hazırda Bakı-Balakən-Qaqabçöl istiqamətində hərəkət edən 99 -- 699 dövlət nömrə nişanlı avtobusu xətdən çıxaran Elton Məmmədov özünə məxsus avtobusla əvəzləyib. Deyilənlərə görə, Milli Məclisin deputatı qüvvədə olan qanunvericiliyə məhəl qoymadan biznes fəaliyyəti ilə məşğul olur. Onun işlərinə isə Rövşən və Qasım adlı adamları nəzarət edir. Bundan başqa, o, qardaşının nəqliyyat naziri vəzifəsində çalışmasından istifadə edərək bir sıra beynəlxalq marşrutları da nəzarətinə almağa nail olub. Deyilənlərə görə, hazırda Elton Məmmədova məxsus olan, lakin onun yaxın adamlarının adına rəsmiləşdirilmiş şirkət həm beynəlxalq, həm də şəhərlərarası sərnişin daşımaçılığını həyata keçirir. Deputat Elton Məmmədov ara-sıra həmin şirkətə baş çəkir və işlərin gedişatı ilə maraqlanır".
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Elton Məmmədovun təsisçisi olduğu "Bakı XXI Əsr" MMC-nin sifarişi ilə inşa olunub və bu MMC tərəfindən idarə edildiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, kompleksin daxilində başqa obyektlərlə yanaşı, "Bakı XXI Əsr" MMC adlı yanacaqdoldurma, avto yuma və təmir məntəqələri də fəaliyyət göstərir: "Deyilənlərə görə, irili-xırdalı bütün maşınların, avtobusların sürücülərinə tapşırıq verilib ki, avtonəqliyyat vasitəsinin təmiz olub-olmamasından asılı olmayaraq, hər gün avtovağzala girərkən Elton Məmmədovun təsisçisi olduğu MMC-nin ofisinə onların həmin avtoyuma məntəqəsində yuduzdurulmasına dair qəbz təqdim etsinlər. Bu qəbzin qiyməti isə 9 manatdır. Lakin sürücülərə qoyulan haqq bununla bitmir. Onlardan həmçinin hər reys öncəsi MMC-yə məxsus yanacaq doldurma məntəqəsindən 30 litr yanacaq dolduraraq, onun qəbzini ofisə təqdim etmək tələb olunur. Bundan əlavə, taksi və avtobus sürücüləri rayonlara çıxarkən hər reys öncəsi ofisə bir neçə manat ödəyirlər. Bu isə sürücülərdə ciddi narazılıq yaradıb. Əsasən də onlar kompleksin ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətindən narazıdırlar. Sürücülərin sözlərinə görə, həmin yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyəti çox aşağıdır. Keyfiyyətsiz yanacaq isə avtomobillərin mühərrikində, digər detallarında ciddi problemlər yaradır, sürücüləri əlavə xərcə salır. Bir sözlə, Elton Məmmədov nəqliyyat sektorunun əhəmiyyətli bir hissəsini inhisara aldığından bu sahədə öz qaydalarını tətbiq edir". \\gundelik-baku.com\\
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.