İmtahanda yüksək nəticə qazanmağın sirri nədir? - Abituriyentlər üçün önəmli məsləhətlər...

2-07-2015, 13:11   
İmtahanda yüksək nəticə qazanmağın sirri nədir? - Abituriyentlər üçün önəmli məsləhətlər...
Ali məktəblərə qəbul imtahanlarına start verilməsi ilə abituriyentlərin imtahan həyəcanı da başlayır. İmtahan həyəcanı təkcə Azərbaycanda deyil, əksər ölkələrdə abituriyentlərin əsas problemidir. Bir çox hallarda yetərincə bilik səviyyəsi olan şagirdlər belə həyəcan səbəbindən yetərincə nəticə göstərə bilmirlər.

Musavat.com bunu nəzərə alaraq, imtahan öncəsi abituriyentlərə ekspert məsləhətlərini təqdim edir.

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, hazırda abituriyentlərin ən böyük problemi odur ki, onları həddindən artıq məsuliyyətlə yükləyirlər: “Bizdə belə bir qəribə tendensiya var ki, abituriyent valideyinin, müəlliminin, qohum əqrəbasının, dostlarının qarşısında belə, məsuliyyət daşıyır. Bir gəncin alim məktəbə qəbul olunub-olunmaması bütün bir nəslin problemi kimi qarşılanır. Valideyn də tez-tez xatırladır ki, “Biz sənə bu qədər xərc çəkmişik, sən universitetə qəbul olmasan, camaat nə deyər, qohumların üzünə necə baxarıq?” Mənim tövsiyyəm odur ki, imtahan verəcəklərini heç kimə, kənar adamlara deməsinlər, əgər qəbul olunsalar, bu, gözəl bir sürpriz olacaq, olunmasalar da bunu heç kim bilməyəcək. Belə olanda abituriyentlərin qorxusu, həyəcanı da az olur. Qəbul imtahanından şou yaradıb, uşaqları da incitmək lazım deyil. İmtahan öncəsi şəkər tərkibli qidalar qəbul etmək, açıq havada olmaq, normal yuxu rejimində olmaq zehnin fəaliyyətinə yaxşı təsir edir. Yaxşı olar ki, imtahana bir gün qalmış ümumiyyətlə, kitab açmasınlar. Əgər imtahan zamanı həyəcandan əl əsirsə, dərin-dərin nəfəs alıb, bir qədər saxlayıb, buraxmaq lazımdır. Bu cür nəfəs məşqləri həyəcanı azaldır”.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov isə imtahan ərəfəsində abituriyentlərin qidalarına da önəm vermələrini tövsiyyə edir: “Beynin daha aktiv iştirakı üçün fosforlu qidalar qəbul etmək faydalıdır. Bu baxımdan dəniz məhsulları ilə qidalanmaq lazımdır. Abituriyentlər çalışsınlar ki, imtahana gedərkən mədələrini ağır yeməklərlə yükləməsinlər. Qırmızı ət məhsulları gec həzm olunur və yuxu gətirir. İmtahana gedərkən mədə-bağırsaq sisteminin rahatlığı beyninin normal fəaliyyəti üçün vacibdir. İmtahan ərəfəsində mövsümi meyvə və tərəvəzdən bol-bol istifadə etmək lazımdır. Meyvə şirəsi olduqca faydalıdır. Ətli və xəmir xörəkləri yemək tövsiyyə olunmur. Meyvə və tərəvəzlərin təzəsini yemək lazımdır. Turşular və mürəbbələrdən qaçmaq lazımdır. Kofedən, çaydan qaçmaq lazımdır. Yaşıl çay içmək daha faydalı olar. Kofe yaddaşı dağıdır, fikri cəmləşdirməyə qoymur”.

İmtahan həyəcanını azaltmağın yolları barədə ekspertlərin də ümumiləşmiş fikirləri var.

Abituriyentlər üçün həmin məsləhətləri təqdim edirik:

1. İmtahana yaxşı hazırlaşın: İmtahan həyəcanı ilə başa çıxmanın əsas yolu imtahana kifayət qədər yaxşı hazırlaşmaqdır. İmtahan hazırlıqlarını son günə saxlamaq qayğılarınızı artıracaq.

2. Optimist olun, pis fikirləri özünüzdən uzaqlaşdırın: İmtahan qorxusu səbəbindən mənfi düşüncələriniz arta bilər. Mənfi düşüncələrdən xilas olmağa çalışın, optimist olun. "Daha çox çalışmalıydım", "Bilmədiyim suallar çox olacaq" kimi düşüncələr sizə faydalı olmaz. Bu səslərə "dur" deyin və "Bu imtahan üçün yetərincə hazırlaşdım", "Yaxşı nəticə göstərəcək qədər biliyim var" və ya da "Yaxşı yaza bilməsəm belə, bu, dünyanın sonu deyil" kimi alternativ düşüncələrə fokuslaşın.

3. Müvəffəqiyyətli olduğunuzu xəyal edin: Yaxşı idmançılar yarışda müvəffəqiyyətli olduqlarını xəyal edərlər. Siz də bunu imtahan həyəcanını azaltmaq üçün edə bilərsiniz. İmtahanda yaxşı nəticə əldə etdiyinizi xəyal etmək gerçək həyatda da bunu reallaşdırmanıza yardım edəcək.

4. Həyəcanı atmanın yolları: İmtahan zamanı həddindən artıq həyəcan hiss edirsinizsə, dərindən nəfəs alın, nəfəs məşqləri edin, əzələ gərginliyini azaldan hərəkətlər edin.

5. Xəstələnməməyə çalışın: Ard-arda verdiyiniz imtahanlar, gərgin dərs ilində sağlamlığınıza laqeyd qala bilərsiniz. Lakin nizamlı olaraq idmanla məşğul olmaq, kifayət qədər yuxu yatmaq və yaxşı qidalanmaqla sizin üçün ən vacib məqamda xəstələnməyi önləyə bilərsiniz. İmtahan günü yaxşı qidalanın və süni enerji artıran maddələrdən istifadə etməyin. Çünki bu, həyəcanınızı artıra bilər.

6. İmtahan verəcəyiniz yerə vaxtından əvvəl gəlin: Çalışın imtahana son anda girməyəsiniz. İmtahan vaxtından 10-15 dəqiqə əvvəl gəlib, mühitlə tanış olmaq həyəcanınızı da azaldacaq. Gecikmək isə həyəcanınızı daha çox artıracaq. Ətrafınızda da həyəcanlı insanlar varsa, onlarla çox söhbət etməməyə çalışın.

7. İmtahan zamanı diqqətinizi maksumum toplayın: İmtahan əsnasında diqqətinizin tamamilə test kitabçasınında olmasına diqqət edin. Əgər həyəcanınız buna imkan vermirsə, dayanın və diqqətinizi toplayın. Zehninizi rahatladın. İmtahan müddətindən doğru yararlanın. Yanınızda saat götürün və vaxtaşırı zamana nəzarət edin. İmtahana başlamazdan öncə imtahan kitabçasını bütövlükdə gözdən keçirin və təlimatları iki dəfə oxuyun. Ən asan sualdan başlayın, çətinlik çəkdiyiniz sualları sona saxlayın.

8. Bir az həyəcan sizi uğura apara bilər: İmtahan zamanı əvvəl bir az həyəcanınızın olması son dərəcə normaldır və hətta yaxşıdır. Əgər heç həyəcan hiss etmirsinizsə, əlinizdən gələnin ən yaxşısını edə bilməniz üçün bir motivasiya olmayacaq”.

Nərgiz Liftiyeva
musavat
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar