Hazırda isti yay günlərini yaşayırıq. Müqəddəs Ramazan ayı da bu günlərə təsadüf etdiyindən şou-əhlinin əksəriyyəti işlərini dayandıraraq, istirahətə üz tutub. Lakin onların arasında hələ də yaradıcılığını davam etdirən, məclis aparanlar da var.
Hər kəsə məlumdur ki, Ramazan ayının keçirilməsinə baxmayaraq, Azərbaycanın bəzi rayon və kəndlərində toylar çalınır, məclislər təşkil edilir.
Bu səbəbdən də müğənnilərin hazırda hansı işlə məşğul olduqları barədə maraqlandıq.
Məlum oldu ki, müğənni Röya Ayxan hazırda Türkiyə dövlətində yarımçıq qalmış işləri ilə bağlı çalışır. Bu barədə onun köməkçisi Kənan musavat.com-a bildirib.
Köməkçisinin sözlərinə görə, Röya hələ ki, bir ay da işləməyi düşünür: “Əslində razılaşmaya əsasən işləri çoxdan təhvil verməli idik. Lakin ölkədə keçirilən I Avropa Oyunları ilə əlaqədar bəzi mahnıların oranjimanı, yazılması dayandırılımışdı. Bu səbəbdən də müğənni hazırda yarımçıq qalan işlərin bərpası ilə məşğuldur. İşləri təhvil verməyənəcən istirahətə yollanmağı düşünmürük”.
Gitaraçı Rəmiş (Rafiq Hüseynov) isə Azərbaycanın çox gözəl guşələrindən birində tək olaraq istirahət etməyə üstünlük verib.
Bu barədə ifaçının həyat yoldaşı Gülü xanım bildirib: “Ümumiyyətlə, Rəmiş heç vaxt Ramazan ayında toy və məclislərə getmir. Hazırda Bakıda deyil və Azərbaycanın çox gözəl güşələrinin birində dincəlir. Səhhəti də qaydasındadır”.
Aşıq Zülfiyyə isə bu yay böyük sevinclə nənə olacağı günü gözləyir.
Onun sözlərinə görə, bu səbəbdən heç bir iş və ya istirahət barəsində düşünmür: “Gəlinim yaxın vaxtlarda ana olacaq. Ailəmizdəki hər kəsin başı bu məsələyə qarışıb. Yəqin ki, yay istirahətimiz barədə sonra planlaşdıracayıq”.
Müğənni Manaf Ağayev qızmar yay günlərinə baxmayaraq, səsyazma studiyalarında çalışdığını deyib: “Ramazan boyunca toylara getmirəm. Hazırda isə səsyazma studiyalarında yeni mahnılarım üzərində işləyirəm”.
Musa Musayev və Təranə Qumral cütlüyü isə qədim Gəncənin Göygöl istirahət mərkəzində dincəlir: “Ramazanda bir toya və bir neçə məclisə sifariş aldıq. Çəkilişlərə də dəvət alırıq, lakin çalışırıq ki, hər şeydən qaçıb yaxşıca istirahət edək. Əsasən Göygöldə dincəlirik, elə bütün yayı orda keçiməyi düşünürük”.
Müğənni Mətanət İskəndərli isə mətbuata açıqlamasında bildirib ki, artıq yay istirahətindən qayıdıb. Belə ki, müğənni dədə-baba yurdu olan Xızıda dincəlib.
Xalidə Gəray