Ermənistanda etirazların yeni dalğası başlayır Canlı

3-07-2015, 06:08   


«Talana son!» Təşəbbüs Qrupu iyulun 4-də hamını Gümrünün mərkəzi meydanına çağırdı

Elektrik enerjisi tariflərinin bahalaşdırılmasına etiraz olaraq Ermənistanda iyunun 19-dan başlayan etirazlar davam edir. Etirazçıların böyük əksəriyyəti evlərinə qayıtsa da, paytaxtdakı «Baqramyan» prospektində hələ də aksiyaçılar gözə dəyir. Baxmayaraq ki, bir neçə gündür polis paytaxtın mərkəzini nəqliyyatın sərbəst hərəkəti üçün boşaltmaq çağırışları edir.

«Prospekti tərk etməyəcəyik»

İrəvan polis rəisinin müavini Valeriy Osipyan bildirib ki, paytaxt sakinlərinin bu məqamı nəzərə almasını istəyirlər: «Bizim vətəndaşlar hər zaman qanuna tabe olublar. Ümid edirik ki, prospekti tam açacaqlar. Əksəriyyət artıq ərazini tərk edib və aksiyalarda iştirak etmir. Qanunun imkan verdiyi şəkildə ictimai asayişi bərpa edəcəyik».
Etirazçılardan David Sanasaryan bildirib ki, hökumət qarşısında qoyduqları tələblərin hamısı yerinə yetirilməyənə qədər prospekti tərk etməyəcəklər. Əsas tələbləri də elektrik enerjisi tariflərinin endirilməsi, 23 iyunda aksiyaçılara güc tətbiq edən polislərin cəzalandırılmasıdır: «Sayımızın az və ya çox olmasından asılı olmayaraq, sona qədər meydanda qalıb mübarizəmizi davam etdirəcəyik».

Rəis müavini ərik yeməyi məsləhət gördü

İyunun 30-dan paytaxt İrəvanda iki gənc aksiyaçı – Arutyun Arutyunyan və Qayk Parikyan aclığı davam etdirir. Rəis müavini Valeriy Osipyan gənclərlə söhbət aparıb. Osipyan onların səhhəti ilə maraqlandıqdan sonra aksiyanı dayandırmağa çağırıb. Rəis müavini gənclərə «Heç olmasa ərik yeyin, dünyanın hər yerindən bizim ölkəmizə ərik yeməyə gəlirlər» deyərək zarafat da edib. Arutyunyan bildirib ki, aclığa konkret məqsədlə başlayıblar və hədəflərinə çatmamış aksiyanı dayandırmayacaqlar.

Aclıq edənlər xəstəxanaya aparıldı

Lakin «Azadlıq» radiosunun erməni bürosu axşam saatlarında aksiyaçıların aclığı dayandırdığı barədə məlumat yayıb. Məlumata görə, aclıq edən gənclər aksiyanı dayandıraraq xəstəxanaya aparılıblar. Aksiyaçıların özlərini pis hiss etdiyi, onlarından birinin qarın nahiyəsində güclü ağrıların olduğu bildirilir.
«Talana son!» qrupunun fəalları isə iyulun 4-ü saat 18.00-da hamını Gümrünün mərkəzi meydanına ictimai müzakirələrdə iştiraka çağırıblar. Müzakirələrin məqsədi növbəti addımları planlaşdırmaqdır. Fəallar hüquqşünasların və iqtisadçıların iştirakının xüsusən vacib olduğunu bəyan ediblər.
Xatırladaq ki, Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının 17 iyun tarixli qərarına əsasən, elektrik enerjinin tarifləri təxminən 16 faiz artırılıb. Avqustun 1-dən Ermənistan istehlakçıları istifadə edilən elektrik enerjisi üçün əvvəlkindən daha çox pul ödəməli olacaqlar. «Talana yox!» Təşəbüs Qrupu artıq bir neçə gündür ki, buna etiraz olaraq aksiyalar təşkil edir. İyunun 23-də səhər saatlarında polis güc tətbiq edərək «Baqramyan» prospektində etirazçıların piketini dağıdıb. Nəticədə 30-a yaxın insan xəsarət alıb, 250-ə yaxın etirazçı həbs olunub.
Bundan sonra etirazlar bir az da alovlanıb.
İyunun 27-də prezident Serc Sarkisyan Ermənistan Elektrik Şəbəkələri şirkətində auditin keçirilməsinə və proses başa çatana qədər elektrik enerjisi tariflərinin qaldırılması qərarının dondurulmasına qərar verib. Qərara əsasən, bu müddət ərzində Elektrik Şəbəkələri şirkətinin itkilərini Ermənistan hökuməti ödəyəcək. Sarkisyanın bu bəyanatı etirazçıların ilk uğuru kimi qiymətləndirilsə də, «Talana yox!» Təşəbbüs Qrupu aksiyaların davam etdirilməsinə qərar verib. Mitinqçilər qiymət artımı barədə qərarın ləğvi televiziya ilə elan olunmayanadək meydanları tərk etməyəcəklərini bildiriblər.

Etirazçılar niyə azaldı?

Sonrakı günlər nümayişçilər iki cəbhəyə bölünüb. Onların bir qismi paytaxtdakı «Azadlıq» meydanına toplaşıb, bir qismi isə «Baqramyan»da qalmağa davam edib. Bu həftənin əvvəlində nümayişçilər qərara alıblar ki, küçə etirazlarını dayandırıb mübarizənin yeni formasına başlasınlar. Son üç gündə etirazçıların sayı getdikcə azalıb. Yerli mətbuat yazır ki, onların əksəriyyəti prezident Sarkisyanın son çıxışından razı qalıblar və tələblərinin yerinə yetirildiyini düşünürlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.