Əliyev ABŞ-dan kömək gözləyirsə...

6-07-2015, 09:28   
Əliyev ABŞ-dan kömək gözləyirsə...

AntiABŞ təbliğatının məqsədi nədir?

Həqiqətən də YAP hakimiyyətinin yürütdüyü siyasət absurdlar toplusudur. Bir tərəfdən Avropa Oyunları keçirib, o biri tərəfdən Avropanı söyürlər. Bir tərəfdən dini tolerantlıqdan danışıb, o biri tərəfdən ilahiyyatçıları şərləyib həbs edirlər. Bir tərəfdən korrupsiyaya qarşı mübarizə elan edirlər, o biri tərəfdən korrupsionerlərə ödül verirlər.
Son günlər isə ABŞ-la bağlı paradoksal vəziyyət daha da geniş vüsət alıb. Demək olar, hər gün telekanallar, hökumət mətbuatı, deputatlar ABŞ haqqında ən ağır ittihamlar səsləndirir, ABŞ hökumətini ermənipərəst adlandırır, bu ölkədə insan haqlarının olmadığını sübut etməyə çalışırlar. Üstəlik, ABŞ əleyhinə dinləmələr keçirilir və bu dövlətin ölkəmizdəki inkişafa paxıllıq etdiyi bildirilir.
Bugünlərdə isə ölkə başçısı Ilham Əliyev Barak Obamaya təbrik məktubu göndərib. ABŞ-ın müstəqillik günü münasibətilə göndərilmiş məktubda deyilir: “Hörmətli cənab Prezident! Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələr hərtərəfli və dinamik inkişaf yolu keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Avropanın və bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəmiz, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımız, eləcə də dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız bu münasibətlərin bariz nümunələridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə bizim böyük ümidlərimiz var.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah arzulayıram".
Görəsən Ilham Əliyev hansı dostluqdan danışır? Gecə-gündüz ABŞ-la bağlı video süjetlər hazırladıb, ölkə ictimaiyyətini ABŞ-a nifrət ruhuna kökləmək hara, dostluq-qardaşlıq hara.
Bir halda ki, Qarabağ münaqişəsinin həllində ABŞ-ın xidmətlərinə ehtiyac duyursuz, o zaman ABŞ-la düşmənçiliyin məqsədi nədir? ATƏT-in Bakı ofisini bağlayıb, ATƏT-in Minsk qrupunun həmsədrinə təşəkkür etmək nə deməkdir?
Bəli, iki ölkə arasındakı bütün pərdələri cırıb, barışmağa üz yeri saxlamayıb, sonra birgə əməkdaşlıqdan danışırlar. Indi biz Əliyevin hansı sözünə inanaq. Məktubdakı tərfilərə, yoxsa mətbuatdakı, televiziyadakı təhqirlərə?
Göründüyü kimi, hakimiyyətin sabit xarici siyasət kursu yoxdur. Hisslərlə, hikkəylə, şəxsi maraqlara uyğun siyasət yürüdüləndə, nəticə belə olur.
Hakimiyyət özü də başa düşür ki, antiABŞ kampaniyası uğur gətirə bilməz. Amma avtoritar təfəkkür, hakimiyyətdə qalmaq həvəsi, daha çox qazanmaq ehtirası demokratik islahatların qarşısını alır. Həm də hakimiyyət bilir ki, Qərbin tələbləri haqlıdır. Ona görə də daxili auditoriyaya hesablanmış antiQərb kampnaiyası xaricə üz tutanda “biz dostuq” şüarı ilə əvəz olunur.
Əgər Azərbaycan hakimiyyəti monolit olsaydı və ciddi siyasət yürüdülsəydi, Ilham Əliyevin bu təbrikindən sonra antiABŞ kampaniyası dayandırılardı. Amma nəticə göstərir ki, tənzimlənmiş siyasi kurs yoxdur. Yəni bir tərəfdən söyüb, o biri tərəfdən tərifləyirlər. Hökumət uzunmüddətli siyasi xətt müəyyənləşdirə bilmir və özünü gülünc vəziyyətə salıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.