Paşayevlər Naxçıvan qruplaşmasının jestini qəbul etmədi

8-07-2015, 08:17   
Paşayevlər Naxçıvan qruplaşmasının jestini qəbul etmədi

Siyavuş Novruzovun səsləndirdiyi təklifin pərdəarxası məqamları


Bir neçə gün əvvəl hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirmişdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva parlament seçkilərində YAP-ın namizədi ola bilər. O, iddia etmişdi ki, YAP-da Leyla Əliyevanın namizəd olması ilə bağlı yekdil fikir var. “Bu, bütün partiya üzvlərinin istək və arzusudur. Bu istək və arzular partiya rəhbərliyinə çatdırılacaq”,- deyə Siyavuş Novruzov vurğulamışdı.
Heydər Əliyev Fondu dərhal məsələyə reaksiya verərək Leyla Əliyevanın namizədliyini irəli sürəcəyi barədə məlumatların həqiqətə uyğun olmadığını bəyan etdi: “Leyla Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda incəsənət, sosial, ekoloji sahələrdə müxtəlif layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Lakin hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətə uyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”.
Siyavuş Novruzovun YAP-ın adından etdiyi bu təklifi və Heydər Əliyev Fondundan gələn sərt reaksiya müxtəlif mülahizələrə yol açıb. Şübhəsiz Leyla Əliyevanın parlament seçkilərində iştirakı barədə təklif Siyavuş Novruzovun özfəaliyyəti ola bilməz. Hər halda hakim partiyanın icra katibinin müavini təklifi YAP-ın adından irəli sürüb. Leyla Əliyevanın parlament seçkilərinə YAP-ın namizədi kimi qatılmasının hakim partiyanın istəyi olduğunu bəyan edib. Nəzərə alsaq ki, Ilham Əliyevin hakimiyyəti illərində YAP əvvəlki nüfuzunu və təsir imkanlarını itirərək formal təşkilata çevrilib, o zaman Siyavuş Novruzovun əslində hakimiyyətdəki qruplaşmalardan birinin təklifini ictimailəşdirib. Ilk baxışda onun Paşayevlərin maraqlarından çıxış etdiyi görünür. Axı söhbət Leyla Əliyevanın namizədliyindən gedir. Əslində belə deyil. Nə qədər qəribə görünsə də, Leyla Əliyevanın namizədlik məsələsi Paşayevlərin əzəli rəqibi olan Naxçıvan qruplaşmasının istəyidir. Siyavuş Novruzov özü də bu qruplaşmanın YAP-dakı təmsilçisidir.
Bəs Leyla Əliyevanın namizədliyi Naxçıvan qruplaşması üçün niyə əhəmiyyətli məsələyə çevrilib? Məlumatlara görə, Ramiz Mehdiyevin səhhətindəki problemlərlə əlaqədar bir müddət görünməməsi Naxçıvan qruplaşmasının xeyli zəifləməsinə səbəb olub. Paşayevlər isə əksinə daha da güclənib.
Onlar hətta bu ilki parlament seçkilərini öz nəzarətləri altında keçirməyə iddialıdır. Halbuki indiyə qədər seçkilərə nəzarət bilavasitə Ramiz Mehdiyevin vəzifəsi olub. Bildirilir ki, Paşayevlərin fövqəladə iqtisadi gücə malik olması hakimiyyətdəki digər qruplaşmalar, xüsusilə Naxçıvan qruplaşması ilə hesablaşmamasını şərtləndirib. Zəifləmiş Naxçıvan qruplaşması parlament seçkilərində Paşayevlərin hücumlarına hədəf olmamaq üçün (hər seçkidə olduğu kimi b dəfə də sözügedən qruplaşmalar arasında qarşıdurma olacağı gözləniləndir) Leyla Əliyevanın namizədliyi ilə bir növ rəqibinə jest edib. Lakin Heydər Əliyev Fondunun bəyanatı göstərir ki, Paşayevlər hər hansı jest qəbul etmək niyyətində deyillər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.