Hakimiyyət yenə də əsas hədəfdən yayındı
Bir neçə gündür Rusiyanın Ermənistana 200 milyonluq güzəştli kredit ayırması, Ermənistanı müasir silah-sursatla təmin etməsi əsas mövzuya çevrilib. Amma hələ də hakimiyyət təmsilçiləri, saxta vətənpərvərlər, rejim mətbuatı susur və hadisəni gündəmdən çıxarmaq istəyirlər. Başqa vaxt ermənipərəst axtarışına çıxanlar, Rusiyanın erməni sevgisi qarşısında “ağ bayraq" qaldırıblar.
Amma uzun müddətdən sonra baş verənlərə XIN səviyyəsində cavab verilib.
“Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, bu qəbildən olan silah-sursat Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir. Işğal olunmuş ərazilərdə beynəlxalq hüquqa zidd olaraq, bu kimi silah-sursatın yerləşdirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərər yetirə bilər”- deyə XIN sözçüsü bildirib.
Həqiqətən də biabırçı mənzərədir. Ortada fakt var ki, Ermənistanı Rusiya silahlandırır. Bu fakt da var ki, Ermənistan Azərbaycanla müharibə şəraitindədir. Azərbaycan XIN-i isə bildirir ki, bu silah-sursatlar işğal olunmuş ərazilərdə yerləşdirilməməlidir. Guya, Ermənistan bu silahları Rusiyaya, Amerikaya, Fransaya qarşı istifadə etmək üçün alır. Bir halda ki, Ermənistan Azərbaycanla düşməndi, deməli, bu silahlar da Azərbaycana qarşı istifadə olunacaq. Daha sonra bildirilir ki, baş verənlər münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərər yetirə bilər. Təsəvvür edin ki, hadisə baş verib, sövdələşmə reallaşıb, Azərbaycan tərəfi isə ehtiyatlı “şərh”lər verir.
Göründüyü kimi, hakimiyyət bir dəfə də olsun Rusiyanın adını çəkə bilmir. Ermənistan bir dövlət kimi Rusiyadan silah ala bilər və buna heç kim mane olmur. Amma bu silahı və pulu Ermənistana Azərbaycan hakimiyyətinin səcdə etdiyi Rusiya verir.
Bir anlıq təsəvvür edin ki, Ermənistana qarşı eyni jesti Rusiya deyil, ABŞ və ya Almaniya edib. O zaman XIN arda-arda bəyanatlar yayardı, bu ölkələrin Azərbaycandakı səfirləri XIN-ə çağırılardı və ikitərəfli münasibətlərə yenidən baxılacağı bildirilərdi.
Qeyd edək ki, bir müddət öncə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə Azərbyacanda Türkiyə bayraqları endirildi və bu ölkəyə qarşı qeyri-rəsmi savaş elan olundu.
Amma daha ağır zərbələr və xəyanətlər Rusiyanın vasitəsilə həyata keçirilir və hakimiyyət mənasız açıqlamalar verir.
Rusiya Ermənistana “Isgəndər” raketləri verib Azərbaycanı hədəf seçdirir, Azərbaycanın xarici siyasətindən sorumlu olan orqan isə bu silahların harada yerləşdirilməsini müzakirə edir.
Reallıq budur ki, torpağı işğal edən də, işğalçıya bütün parametrlər üzrə yardım göstərən də Rusiyadır. Amma nə Novruz Məmmədovun “tvit”ləri gözə dəymir, nə deputatların alovlu anti-Rusiya çıxışları yoxdur, nə də ölkə başçısının Rusiyaya barmaq sılkələməsi müşahidə olunub.
XIN-in bəyanatından da görünür ki, bu hakimiyyət müstəqil siyasət yürüdə, baş verənləri öz adı ilə çağıra bilmir.
Ən maraqlısı isə budur ki, XIN rəsmisi məsələnin araşdırıldığını da söyləyib. Görəsən, araşdırılası nə var? Hər şey göz önündə deyilmi?
Silahı və pulu alan Ermənistan, silah və pul verən Rusiyadır. Indi ortaya mövqe qoymaq, qətiyyət göstərmək lazımdır. “Heç kim bizim işimizə qarışa bilməz? təbliğatını aparan hakimiyyət, bütün o pis işlərə qarışmış Rusiyanın cavabını versin.
Reallıq isə budur ki, hakimiyyət sona qədər susacaq və “böyük qardaş”a həmişəki kimi güzəştə gedəcək. Çünki, hakimiyyət heç vaxt həqiqi ermənipərəstləri hədəf seçmir.