ABŞ-la münasibətlər gərgin olsa da, hakimiyyət Vaşinqtondan enerji layihələrində kömək istəyir
ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn iyulun 11-də dövlət başçısı Ilham Əliyevlə görüşüb. Görüş zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələr arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
“16 senatorun Əliyevə sərt məktubu”
Amma baş verənlər, verilən açıqlamalar onu deməyə əsas verir ki, hazırda ABŞ-la Azərbaycan arasında münasibətlər kifayət qədər gərgindir. Bunu bir neçə gün əvvəl on altı ABŞ senatorunun Bakıya ünvanladığı məktub da sübut edir. Məktubda Azərbaycandakı insan haqlarının durumu, demokratik dəyərlərin kobud sürətdə tapdanması qeyd olunur və Azərbaycan hakimiyyətinə açıq formada bildirilir ki, iki ölkə arasındakı əlaqələrin gələcək perspektivi məhz insan haqlarına hansı münasibətin sərgilənəcəyindən asılıdır. “Fundamental hüquqlara hörmət qoyun. Bununla ABŞ-Azərbaycan münasibətlərində mühüm maneəni aradan qaldırmış olarsınız”, deyə məktubda qeyd olunur.
ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən səfirliyinin də 16 senatorun məktubuna reaksiyası maraqlı oldu. “ABŞ senatorlarının Azərbaycan prezidenti Ilham Əliyevə göndərdikləri məktub özü hər şeyi deyir”.
Bunu virtualaz.org saytına 16 amerikalı senatorun Azərbaycanın dövlət başçısına göndərdikləri məktubu şərh edərkən ABŞ-ın Bakıdakı səfirliyindən deyiblər.
“Malinovskinin təxirə salınan səfəri”
Qeyd edək ki, A.Hokştayn Bakının qəbul etməyə razılıq verdiyi yüksək rütbəli amerikalı məmurdur. Belə ki, bundan öncə dövlət katibinin müavininin köməkçiləri, insan hüquqları və demokratiya məsələləri ilə məşğul olan Tomas Melia və Tom Malinovskinin səfərlərindən imtina edilib.
Bu, belə düşünməyə əsas verir ki, Bakı Avropa ilə müzakirə etmək istədiyi məsələləri - ticarət və energetka məsələlərini Vaşinqtonla müzakirə etmək niyyətindədir.
Eyni zamanda son zamanlar hakimiyyətin apardığı antiABŞ təbliğatı da diqqətdən qaçmamalıdır. ABŞ dövlət katibi Con Kerri Azərbaycanda dövlət çevrilişi planı hazırlamaqda ittiham olundu.
“Natiq Əliyevin Sekutadan dəstək istəyi”
Amma münasibətlərin gərgin olmasına baxmayaraq Azərbaycan rəsmisi Natiq Əliyev ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşdə ondan ölkəsinin Azərbaycanın enerji layihələrinə dəstək verməsini istəyir. Yəni mənzərə bundan ibarətdir ki, ABŞ-la münasibətlərin gərgin olmasına rəğmən hakimiyyət enerji sahəsində əməkdaşlığın davam etməsini istəyir. Bu baxımdan ABŞ-ın xüsusi elçisinin Azərbaycana səfəri maraq doğurur.
Ekspertlərin fikrincə, Azərbaycan hakimiyyətinin TAP-la bağlı narahatçılığı günü-gündən artır. Hətta Ilham Əliyev dəfələrlə bu məsələyə Avropanın çox da ciddi yanaşmamasından gileylənib. Üstəlik, bir neçə gün bundan əvvəl Yunanıstan bu proyektlə bağlı əlavə şərtlər irəli sürüb. Proyektin işə salınması 2019-cu planlaşdırıldığı halda hazırda layihənin 2021-ci ildə bitəcəyi haqda məlumatlar yayılır.
Etiraf etmək lazımdır ki, çox qəribə bir vəziyyət yaranıb. Azərbaycan hakimiyyətinin böyük ümid bəslədiyi bu proyektin reallaşması Avropa Birliyinin və ABŞ-ın ciddi iştirakı olmadan mümkün deyil. Vəziyyəti daha da gərginləşdirən amil hazırda Azərbaycan-ABŞ, Azərbaycan-Avropa Birliyi münasibətlərində olan çox ciddi problemlərdir. Azərbaycan hakimiyyəti sərt antiABŞ və antiAvropa mövqeyində durduğu və açıq şəkildə onlara qarşı sərt kampaniya apardığı vaxtda, belə çox böyük əhəmiyyətli proyektin reallaşmasına nail olmaq istəyir.
“Qərblə qarşıdurmanın acı nəticələri”
Bakı-Tbilisi-Ceyhanın reallaşdırılmasında ABŞ-ın müstəsna rol oynaması hamıya yaxşı bəllidir. Nazir Natiq Əliyev də bir neçə gün bundan əvvəl bu həqiqəti açıq şəkildə etiraf edib. Normal olmayan odur ki, Qərblə sərt qarşıdurma vəziyyətində olan hakimiyyət eyni zamanda proyektin reallaşmasında Qərbdən dəstək umur. Belə böyük əhəmiyyət kəsb edən layihənin reallaşdırılmasına nail olmaq üçün hakimiyyət antiQərb ritorikasından əl çəkib, normal əməkdaşlıq müstəvisinə keçməlidir. Əks halda proyektin reallaşması çətinliklə üzləşəcək.