Xaricilərə 4, öz vətəndaşımıza 29 faiz

14-07-2015, 08:07   
Xaricilərə 4, öz vətəndaşımıza 29 faiz

Samir Əliyev: «Neft Fondu vəsaitlərini daxilə yatırarsa, banklar və vətəndaşlar daha ucuz kredit əldə edər, neft pulları daxili iqtisadiyyatın inkişafına yönələrdi»



Azərbaycanda bank faizlərinin yüksək olması iqtisadiyyatın inkişafının qarşısını alan əsas faktorlardan biridir. Bu faizlə götürülən kredit sahibkarın biznes qurmasına ciddi əngəl törədir.
Ölkənin baş bankirinin bank rəhbərlərinə verdiyi tövsiyələrdən biri də istehlak kreditlərinin faizinin aşağı salınması ilə bağlı olub. E.Rüstəmov təklif edib ki, istehlak kreditləri üçün maksimum 29 faiz təyin edilsin. Hazırda böhranlı durumda olan Azərbaycan iqtisadiyyatında elə sahə yoxdur ki, bank kreditlərinin yüksək faizlərini ödədikdən sonra qazanc əldə edə bilsin.
Amma bu istiqamətdə ciddi təzad ortadadır. Neft Fondu sahib olduğu aktivləri xaricdə daha aşağı faizlə xarici banklara yatırıb. Həmin maliyyə vəsaitlərinin il ərzində gətirdiyi mənfəət 3-5 faiz arasında dəyişir. Daşınmaz əmlakın idarə olunmasından isə əldə edilən illik gəlir 14 faizi keçmir. Belə olan halda isə sual yaranır. Neft Fondu sahib olduğu maliyyəni daxildə öz vətəndaşlarımıza niyə daha aşağı faizlə vermir?
Əslində bu sualın cavabı elə hökumətin yürütdüyü iqtisadi siyasətin mahiyyətini təşkil edir. Cavab çox sadədir. Ölkə daxilindəki iqtisadi vəziyyət sahibkarlığın inkişafı üçün əlverişli olmadığından müvafiq olaraq kreditlərin qaytarılmasını da risk altına atır. Ona görə daha aşağı faizlə xarici banklarda maliyyə yatırmaq həmin vəsaiti daxilə yönəltməkdən daha səmərəli sayılır. Hər ötən gün problemli kreditlərin faizlərinin artması buna əyani sübutdur.


Iqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycan banklarının reytinqi aşağı olduğu üçün xaricdən yüksək faizlərlə kredit almasının fonunda, Neft Fondunun xarici banklara aşağı faizlə maliyyə yatırması dəfələrlə müzakirə mövzusu olub: “Yaranmış situasiyanın mənfi və müsbət tərəfləri var. Neft Fondu Azərbaycan banklarına vəsait yerləşdirərsə, xarici banklardan fərqli olaraq daha yüksək faiz əldə edə bilər. Ikinci müsbət məqam ondan ibarət olardı ki, banklarımız zəruri kredit resursu ilə təmin edilmiş olardı. Yəni banklar daha ucuz kredit əldə edə bilər. Daha bir müsbət məqam isə Azərbaycanın əldə etdiyi neft pullarının elə öz iqtisadiyytımıza yönəlməsiylə bağlıdır. Azərbaycanın pulları başqa banklarda istifadəsiz qalınca bunu iqtisadiyyata yönəltmək daha doğru olardı”.
S.Əliyev bildirdi ki, amma Neft Fondunun vəsaitlərini daxilə yatırmasının mənfi məqamları da ola bilərdi. Çünki Azərbaycan bankları xarici banklar qədər etibarlı deyillər: “Xarici banklar kifayət qədər reytinq almış banklardır. Burada reytinq məsələsi ortaya çıxır. Mən Fondun vəsaitlərinin bir hissəsinin ölkə iqtisadiyyatına yönəldilməsinin tərəfdarıyam. Amma mövcud şəraitdə bunun tərəfdarı deyiləm. Çünki Neft Fondunun vəsaitləri bank sektoruna yönəldilsə, bank sektorunun mövcud problemləri ona gətirib çıxaracaq ki, bu vəsaitlər ayrı-ayrı oliqarxlara yönələcək. Yənə də insanlar pulsuz qalacaq. Biz görürük ki, büdcədən ayrılan kreditlər heç də hamı üçün əlçatan deyil”.
S.Əliyev vurğuladı ki, vəsaitlərin yatırılması prosesinin şəffaflığı məsələsi də əsas problemlərdən biri olaraq qalır. Ekspertin sözlərinə görə, daha bir problem Azərbaycan iqtisadiyyatının gücü ilə bağlıdır: “Bu gün Azərbaycan iqtisadiyyatı həmin pulları həzm etmək iqtidarındadırmı? Düşünürəm ki, iqtisadiyyat həmin vəsaitləri həzm edə bilməyəcək. Bizdə əsas inkişaf edən neft sektorudur. Bu vəsaitlərin ölkəyə gəlməsi inflyasiya yarada bilər. Ona görə bu məsələ ilə bağlı konkret fikir söyləmək çətindir”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.