Uorlik: «Işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır, bölgəyə sülhməramlılar yerləşdirilməlidir»
Fuad Qəhrəmanlı: «Ilham Əliyev hakimiyyəti yaranmış fürsətləri öz iqtidar maraqları naminə əldən verir»
Son zamanlar Qarabağ problemi ətrafında baş verənlər maraq doğurur. Beynəlxalq təşkilatların problemin sülh yolu ilə həlli istiqamətində səylərinin artdığı müşahidə olunur. Eyni zamanda bu səylərin fonunda Azərbaycanın haqlı mövqeyinin altı cızılır, ölkəmizin ərazi bütövlüyü tanınmaqla yanaşı, Ermənistanın işğal altında olan əraziləri boşaltmalı olduğu vurğulanır. Əslində bu baxımdan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin söylədiklərini məntiqi nəticədə saymaq olar. Amma hər bir halda onun bəyanatı danışıqlar prosesində dönüş sayıla biləcək qədər maraq doğurur.
“Işğal edilmiş ərazilər kompleks tənzimləmə çəçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik “Vedomsti” qəzetinə verdiyi müsahibəsində bildirib. “Burada əsas olan bir elementin və ya bir tənzimləmə prinsipinin üzərində durmamaqdır. Ərazilər qaytarılmalıdır, amma başqa amillər də mövcuddur. Ona görə də biz hər zaman kompleks tənzimləmədən danışırıq ”siz yalnız bir aspekti götürərək məhz onun tənzimləmə əsası olduğunu iddia edə bilməzsiniz. Biz sülh yolu ilə həll etməni hərtərəfli nəzərdən keçirməliyik", - diplomat deyib.
Onun sözlərinə görə, razılaşdırılan atəşkəsə tam olaraq riayət edilmir.
“Bu, bizdə narahatlıq yaradır. Amma Dağlıq Qarabağ münaqişəsinin dinc yol ilə həlli mümkündür”, - o deyib.
Azərbaycan tərəfindən iri silah partiyalarının alınmasından danışarkən, həmsədr hər iki tərəfin - həm Ermənistanın, həm də Azərbaycanın öz təhlükəsizliyini təmin etmək haqqı olduğunu vurğulayıb, bununla əlaqədar biz onların niyə silaha ehtiyacları olduğunu və müxtəlif mənbələrdən silah aldıqlarını anlayırıq: “Eyni zamanda, narahatçılıq, əsasən də təmas xəttində, eləcə də Azərbaycan-erməni sərhəddində silahlanmanı gücləndirir. Bizi, eləcə də hərbi tarazlıq məsələsi narahat edir. Iki ölkə arasında qarşıdurmalar əvvəlki kimi mövcuddur. Ona görə də biz, hərbi qüvvə nisbətində üstünlüyü bu və ya digər ölkənin istifadə etməsinə səbəb olmasını istəmirik”.
Amerikalı həmsədrin bu cür açıqlama ilə çıxış etməsi necə dəyərləndirilməlidir? Azərbaycan tərəfi bu açıqlamadan çıxış edərək hansı addımları atmalıdır?
Özü də belə bir açıqlama Azərbaycan hakimiyyətinin müharibə ritorikasının gücləndiyi, iqtidar mətbuatında “Rusiyanın Azərbaycanın ildırım sürətli müharibəsinə göz yumacağı” ilə bağlı təbliğatının aparıldığı dönəmə təsadüf edir.