Tehran anlaşması Azərbaycanla İsraili yaxınlaşdırır - ilginc gəlişmə

24-07-2015, 07:43   
Tehran anlaşması Azərbaycanla İsraili yaxınlaşdırır - ilginc gəlişmə
Bakı-Təl-Əviv münasibətlərində yeni mərhələ; İran üzərindən sanksiyaların götürülməsi Bakının Qərb üçün önəmini azaltsa da, yəhudi dövləti üçün əksinə, artırıb; hakimiyyətin ABŞ və Avropaya qarşı ritorikasında yumşalmanın daha bir mühüm səbəbi; Qarabağ məsələsi üçün təzə şərt yetişə bilər...


İsrail parlamentində (Knesset) iki gün öncə İsrail-Azərbaycan Parlamentlərarası Qrup yaradılıb. Məlumata görə, qrup Azərbaycanın dostlarından və lobbistlərindən sayılan sabiq xarici işlər naziri Aviqdor Libermanın rəhbərliyi altında təşəkkül tapıb.

Məsələ ilə bağlı çıxışı zamanı Liberman Azərbaycanın ölkəsi üçün vazkeçilməz strateji önəmini, əvəzsiz coğrafi durumunu və iqtisadi potensialını xüsusi qeyd edib. O, həmçinin iki dövlət arasında ticari əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və İsrailin neftə tələbatının 65%-nin Azərbaycanın hesabına ödəndiyini xatırladıb. Bunun ardınca “şiə Azərbaycanında tarixən yəhudilərin heç vaxt sıxışdırılmadığına” diqqət yönəldib.
ARAYIŞ üçün: bu, o Libermandır ki, cəmi 3 ay öncə, xarici işlər naziri olarkən erməni “soyqırımı” iddialarını birmənalı surətdə rədd edərək, Türkiyə və Azərbaycana ciddi reverans eləmiş, tarixi bir mesaj vermişdi (Saxta iddiaların İrəvandakı 100 illik törəninə də İsrail qatılmayıb).




Oded Yusif


Başqa bir deputat Oded Yusif isə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovu İsrailə dəvət olunmasını təklif edib.



Öz növbəsində “Azİz” beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak çıxışında deyib: “1991-ci ildə müstəqillik qazanan Azərbaycan öz qonşusu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal edib və illədir öz nəzarətində saxlayır. İşğal altındakı ərazilər İsrailin ərazisindən də böyükdür”. Deputat Bakının uydurma “erməni soyqırımı” məsələsinin Knessetdə hər hansı formada müzakirəsini çox ağrılı qəbul etdiyini də bildirərək, imkan daxilində buna yol verməməyə çağırıb.
Çıxışlar zamanı iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıqla bağlı nəsə deyilməsə də, fakt budur ki, son illər bu sahədə də inkişaf kifayət qədər qabağa gedib. Təkcə onu demək kifayətdir ki, İsrail Azərbaycanın əsas silah satıcılarından biridir. Lakin belə görünür, rəsmi Təl-Əviv bununla kifayətlənmək niyyətində deyil və bütün sahələr üzrə əlaqələri dərinləşdirmək, keyfiyyətcə daha yüksəyə qaldırmaq kursu götürüb. İsrail-Azərbaycan Parlamentlərarası Qrup yaradılması buna bariz sübutdur.



*****
Son gəlişmələr İranla “Altılıq” ölkələri arasında iyulun 14-də imzalanmış Vyana anlaşmasından sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Məlumdur ki, İsrail rəhbərliyi həmin anlaşmanı özünə qarşı təhlükə sayır, çünki hesab edir ki, İran bununla, sadəcə, vaxt udacaq və heç vaxt nüvə silahı yaratmaq ideyasından əl çəkməyəcək. Bunun bariz təsdiqi kimi isə Tehranın Vyana sənədindən sonra da yəhudi dövlətinə aqressiv münasibətinin dəyişmədiyi göstərilir.

Odur ki, rəsmi Təl-Əviv yeni situasiyadan çıxış edərək, “kontir-tədbirlər” barədə düşünməyə başlayıb. Söhbət öncəliklə İsrail ətrafında etibarlı “təhlükəsizlik kəməri” yaratmaqdan gedir. Bu isə ABŞ-la yanaşı, Türkiyə, Azərbaycan, Misir və Səudiyyə Ərəbistanı hesabına mümkündür.

Sadalanan dövlətlərin hamısı Azərbaycana dost-tərəfdaş ölkələrdir. Ehtimal böyükdür ki, İsraillə Türkiyə arasında diplomatik əlaqələrin tam bərpası üçün az öncə başlamış danışıqlar da qardaş ölkədə yeni hökumət qurulandan sonra sürətlənəcək. Bunu artıq Vaşinqtonla yanaşı, koalisiya hökumətinə qoşulacaq ortaqlar (MHP, CHP) də arzulayır və həm də çoxdan.

* * * * *



Doğrudur, İsraillə ifrat yaxınlaşma müəyyən mənada Azərbaycanın ziyanına da ola bilər. İş ondadır ki, sanksiyalar götürüldükdən sonra Bakı İranın böyük neft-qaz layihələrində iştirak eləmək niyyətindədir. İstisna deyil ki, yəhudi dövləti ilə isti münasibətlər bu planlara müəyyən əngəllər yaratsın, hərçənd İran da Azərbaycanın düşməni, təcavüzkar Ermənistanla illərdir geniş işbirliyindədir.

Başqa yandan, İsraillə münasibətlərin daha yüksək səviyyəyə qaldırılması ordumuzun döyüş qabiliyyətinin artırılması və beynəlxalq miqyasda Qarabağ məsələsinə yəhudi lobbisinin dəstəyini təmin eləmək baxımından az əhəmiyyət daşımır. Belə bir dəstək eyni zamanda bu lobbinin ciddi təsir imkanları olduğu ABŞ-la Bakı arasında kolliziyaların yaşanmaması üçün gərəkli ola bilər. Unutmaq lazım deyil ki, beynəlxalq erməni diasporu həm də Qarabağ məsələsinə görə daim Vaşinqtonla Bakının arasını vurmağa çalışır.

Pozitiv haldır ki, rəsmi Bakı da bu digər amilləri, o cümlədən Vyana anlaşmasından sonra Qərb üçün Azərbaycanın strateji önəminin azala biləcəyi ehtimalını ciddiyə alaraq ABŞ və Avropa ilə münasibətlərdə sərt ritorikadan imtina eləməyə başlayıb. Çünki prezident İlham Əliyevin də vurğuladığı kimi, “biz real dünyada yaşayırıq” və bunu nəzərə almağa borcluyuq.
Real dünyada isə bizə dost əlini uzadan İsrail də var.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.