Valideyn həm yüksək təhsil haqqını, həm də kirayə pulunu ödəməlidir
Dəfələrlə təhsil mövzusunda yazılar yazmışıq və bu sahədəki ağır problemlərə işıq salmışıq. Amma hökumətimiz neqativ tendensiyalara qarşı həmişəki kimi dözümlüdür.
Məsələ təkcə təhsil səviyyəsinin aşağı düşməsində, kütləvi savadsızlığın hökm sürməsində deyil. Həm də təhsilalanların üzləşdiyi problemlər yetərincədir. Həmişə olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanı keçirildi və 10000-lərlə abituriyent tələbə adını qazandı. Şübhəsiz, bu tələbələrin 60-70 faizi ödənişli əsaslarla oxuyacaq. Əvvəlki yazılarımızda təhsil haqlarının yüksək olması, 10000-lərlə tələbənin bu səbəbdən ali məktəbi yarımçıq qoyması haqda yazmışdıq. Amma tələbələrin ağır xərcləri bununla da yekunlaşmır. Bildiyiniz kimi, Bakı şəhərində kirayə bazarının əsas müştəriləri tələbələrdi. Ekspertlərin açıqlamalarına görə, artıq kirayə bazarında qiymətlər artmağa başlayıb. Çünki, tələbələr tədris ilinin başlaması ilə əlaqədar ev axtarışına çıxıblar. Deməli, ağır təhsil haqları, gündəlik tələbatla yanaşı ailələr kirayə pulu da ödəməlidir. Göründüyü kimi, olduqca ağır vəziyyətdi və 250-300 manat əmək haqqı alan ailə başçısı üçün bu xərcləri ödəmək olduqca çətindir. Belə çıxır ki, valideyn övladını oxutmaq üçün bütün zəruri ehtiyaclardan imtina etməli, borca girməli və övlad ali məktəbi qurtarana qədər dərd çəkməlidir.
Hansıki, bütün Universitetlərin tələbə yataqxanaları olmalı və bu xərcləri dövlət ödəməlidir. Amma Avropa Oyunlarına 8 miylard xərcləyən, hər il Gül bayramına 10 milyonlar səpələyən, dünyanın müxtəlif yerlərində məktəb, park, muzey, bağça tikən hökumət bir neçə milyon xərcləyərək bu problemi həll etmək istəmir. Əvvəllər yataqxanalarda məcburi köçkünlər məskunlaşırdı. Ancaq bu da hökumətə bəraət qazandırmır. Çünki, 10-larla Heydər Əliyev mərkəzi, parklar, şirkətlər tikənlər, müəyyən ərazilərdə yataqxanalar da tikə bilərdilər. Indi yataqxanada məskunlaşan məcburi köçkünləri şəhərdən kənarda məskunlaşdırıblar. Amma bu yataqxanaları yenidən təmir etmək, yaxud yeni binalar tikmək nəzərdə tutulmur. Əksinə, həmin yataqxanaların yerində biznes obyektləri, hansısa göydələnlər tikmək planı var.
Göründüyü kimi, hakimiyyət təhsilin inkişafı, tələbənin rahatlığı üçün heç bir zəruri addım atmır. Nə təhsil kreditlərinin tətbiqi, nə təhsil haqlarının azaldılması, nə tələbə yataqxanalarının tikilməsi istiqamətində iş aparılmır. Sadəcə olaraq uzun illər boş-boş danışıqlarla vaxt aparırlar. Məqsədli şəkildə ailələr müflisləşdirilir. Halbuki 250-300 manat kirayə pulu verən tələbə həmin məbləği zəruri ehtiyaclarına sərf edə bilər.
Məsələ burasındadır ki, bu problemi həll etmək hökumət üçün çox sadə işdir. Əcnəbi müğənniyə hədiyyə edilən vəsaitlə bu problemi əsasən həll etmək olar.