Mehmet Şahin: "Terror təşkilatları eskort qadın kimidir, ara-sıra ehtiyacınız olanda çağırıb istifadə edərsiniz"
Türkiyədə nüfuzlu beyin mərkəzlərindən biri olan Strateji Düşüncə İnstitutunun Yaxın Şərq Araşdırmaları bölməsi və onun rəhbəri Mehmet Şahin regionu yaxşı tanıyan mütəxəssis olmaqla yanaşı, eyni zamanda hazırkı hakimiyyətin Yaxın Şərq siyasətinin formalaşmasında rolu olan, necə deyərlər “mətbəxə yaxın” olan bir mütəxəssisdir. Onunla söhbətdə məhz Ankaranın başlatdığı antiterror əməliyyatlarının hədəfi, regiondakı son duruma Ankaranın baxışını soruşduq:
- İki həftə öncə Türkiyə böyük bir antiterror kampaniyası başlatdı. Hazırda həm İŞİD, həm də PKK-ya qarşı əməliyyatlar davam edir. Kənardan sanki Türkiyənin yeni bir xarici və təhlükəsizlik siyasəti həyata keçirdiyi hiss olunur. Yeni bir plandırmı bu?
- Məncə də, bəli, elədir.
- Bu plan nələri əhatə edir?
- Yaxın Şərq siyasi baxımdan dünyanın ən dinamik bölgəsidir. Dinamik bölgədə statik bir xarici siyasət yürütsəniz məğlub olarsınız. Bölgədəki çox dramatik dəyişiklikləri göz önünə alaraq ya xarici siyasətinizi təftiş edərsiniz, ya da yeni şərtlərə görə siyasət yürüdəsiniz. Mənə görə, dəyişikliyin olduğunu sübut edən ən əsas fakt ABŞ-la əldə olunan razılaşmadır. Məhz bu anlaşmadan sonra Türkiyə İŞİD və PKK-ya qarşı antiterror əməliyyatlarına başladı.
- ABŞ və Türkiyə arasında bəhs etdiyiniz anlaşma nələri əhatə edir?
- Əlbəttə, hələ detallar tam bəlli deyil, düşünürəm ki, yaxın zamanlarda detallar üzə çıxacaq. Ancaq mənim düşüncəmə görə, bu anlaşmaya birincisi, Yaxın Şərqdə ABŞ və Türkiyənin terrora qarşı birgə mübarizəsi daxildir. Baxın, indi PKK deyir ki, Amerika kürdləri satdı. Amerikalılar çox praqmatikdirlər və öz maraqlarına baxarlar. Onların maraq anlayışı çox açıqdır, hətta ABŞ prezidenti and içəndə Amerikanın maraqları üçün çalışacağını bəyan edir. ABŞ üçün PKK kimi təşkilatlar aralıq məqsədlər üçün istifadə olunan təşkilatlardır. Yəni məsələn, birini cəzalandırmaq istəyəndə bu cür təşkilatlardan istifadə edir. Terror təşkilatları eskort qadın kimidir, ara-sıra ehtiyacınız olanda çağırıb istifadə edərsiniz.
Fəqət, ona qarşılıq NATO üzvü kimi bir müttəfiq və qarşıdakı dönəmdə İŞİD kimi bir terror təşkilatı ilə mübarizə var. Bu təşkilat sadəcə İraq və Suriyanın içində deyil, Əfqanıstan, Pakistandan Qafqaza, Qərbdə isə Fəsə qədər olan geniş bir coğrafiyaya yayılıb. İŞİD real bir terror təşkilatı olmaqla yanaşı, eyni zamanda bir zehniyyətdir. Belə bir terrorla mübarizə üçün PKK ilə ittifaq daha uyğundur, yoxsa Türkiyə kimi güclü bir ölkə ilə birləşmək? Təbii ki, Türkiyə ilə ittifaq ABŞ üçün daha uyğun idi.
Anlaşmanın ikinci maddəsi İncirlik hərbi hava bazasının terrora qarşı mübarizədə istifadə olunması idi. Çünki uzun dönəmli mübarizədə bu bazadan çox istifadə olunacaq. Artıq dünən xəbər verdilər ki, ilk pilotsuz silahlı təyyarə İncirlik bazasından havaya qalxıb İŞİD mövqelərini vurub.
“Vaşinqton-Ankara anlaşması bölgədə yeni situasiyanın yaranmasına səbəb olacaq”
Üçüncü maddə “təlim-təchiz” proqramıdır. Dördüncü isə təhlükəsiz bölgənin yaradılması olub. Düşünürəm ki, ABŞ və Türkiyə arasında anlaşma bu maddələri nəzərdə tutur. Bəlkə də bu gün siyasi hakimiyyət bəzi səbəblərdən bunu açıqlamır, amma bu anlaşmanın Yaxın Şərqdəki köklü problemlərə də təsir edəcəyini düşünürəm. Məsələn, Suriyanın gələcəyi, Əsəd rejiminin taleyi məsələsinə təsir edə bilər. Və ya Türkiyə-Misir münasibətlərinə təsiri olacaq; yaxud da İsraillə münasibətlərə təsir edəcək. Müşahidə edirsinizsə, son dönəmlərdə Türkiyə-İsrail arasında kəskin çıxışlar yoxdur. Bu mənada Ankara-Vaşinqton anlaşması çox önəmli idi.
Bildiyiniz kimi, bundan əvvəl İranda və Qərbdə belə bir analizlər vardı ki, İran və “altılıq” ölkələri anlaşdılar, Qərb Yaxın Şərqi İrana verdi. Amma bu mümkün olası bir iş deyil. Yalnız İrana deyil, qərblilər, Amerika Yaxın Şərqi nə Səudiyyə Ərəbistanına, nə Türkiyəyə, Nə İrana, nə də Misirə verməzlər. Bu, önəmli bir bölgədir.
Bir qayda formalaşdırdılar, Yaxın Şərq siyasəti bu xəttin üzərində qurulub. Sadəcə bir ərzində baş verən hadisələri söyləyim. Əvvəlcə “altılıq” ölkələri ilə İran arasında anlaşma əldə olundu, Türkiyə ilə anlaşma əldə olundu, yəni belə desək, Amerika Türkiyə ilə nikahını təzələdi. Bir neçə gün öncə amerikalılar Misirə getdilər, 6 ildən sonra Misirlə Amerika arasında strateji dialoq toplantısını bərpa etdilər və F-16-lar da daxil olmaqla, Misirin indiki hakimiyyətinə hər cür dəstəyi verəcəklərini söylədilər. Üçüncü önəmli məsələ isə budur ki, 2 gün əvvəl Con Kerri körfəz ərəb dövlətlərinin yüksək rəsmiləri ilə bir araya gəldi. Və o toplantıda körfəzin təhlükəsizliyi mövzusunda anlaşma əldə olunduğunu bəyan etdilər.
- Mehmet bəy, ABŞ və Türkiyə arasında 4 mövzuda anlaşmanı qeyd etdiniz. Terrora qarşı birgə mübarizə, İncirlik bazası, “təlim-təchiz” proqramı və “təhlükəsiz bölgə”. Bu bəndlərdə Türkiyənin maraqlarını təmin edən hansılardır, yəni Ankaranın qazancı hardadır?
- Türkiyənin bu anlaşmada ən böyük qazancı terrorla mübarizədir.
- PKK, yoxsa İŞİD terroru ilə?
- İkisi ilə də. Bilirsiniz niyə? Çünki uzun zaman Türkiyəni İŞİD-ə bağladılar. “Türkiyə İŞİD-i qoruyur, dəstəkləyir, əlaqələri var” və sair sözlər dedilər. Hətta utanmasalar İŞİD-i Türkiyə qurdu deyərdilər. Burda məsələ odur ki, bu gün Türkiyənin sərhədlərinə baxdıqda İraq və Suriya sərhədlərində iki böyük terror təşkilatı var. Onlardan biri beynəlxalq terror təşkilatı adlandıra biləcəyimiz İŞİD-dir. Çünki fərqli ölkələrə yayılmış və fərqli ölkələrdən gələnlərin birləşdiyi bir qruplaşmadır. Digəri isə Türkiyənin 1984-cü ildən bəri mübarizə apardığı PKK terror təşkilatı və ona birləşən qruplardır. İraq və Suriyada qeyri-sabit vəziyyətin davam etməsi bir həqiqəti üzə çıxarır. Bu da ondan ibarətdir ki, yeni terror təşkilatları ortaya çıxa bilər. Bu terror qrupları ilə Türkiyənin təkbaşına mücadilə etmək gücü varmı? Əlbəttə, yox. Edə bilər, amma bu mübarizə onu çox zəiflədər.
- Amma o da var ki, Vaşinqton, eləcə də Almaniya kimi ölkələr Ankaranın PKK-ya qarşı əməliyyatını dəstəkləmədiyini bəyan edib.
- Onu belə deyək. Vaşinqton Türkiyəyə açıq dəstək verməsə də, terrora qarşı mübarizəsinin önünü açıb, PKK-ya qarşı mübarizəsinin haqlı olduğu söyləməsi dəstək deyilmi?
- Ərdoğan və Obama arasında anlaşmalı telefon danışığından sonra Türkiyə antiterror əməliyyatlarına başladı. Bunun ardınca Suriya mövzusunda bölgədə hərəkətlilik yaşandı. Dünən Tehranda Suriya və İran xarici işlər nazirləri ilə Rusiya XİN müavini birgə görüş keçirdi. Eyni zamanda mətbuatda İranın BMT-yə Suriya böhranının həlli ilə bağlı yeni plan təqdim etməsi haqda xəbərlər yayıldı. Türkiyədə bu hərəkətlilik necə qarşılanır?
- Bu bir prosesdir. Bildiyiniz kimi, Rusiya Lavrov vasitəsilə öz mövqeyini ortaya qoyub. İran və Rusiya bölgədəki yeni anlaşmadan sonra vəziyyətin onların ziyanına cərəyan etdiyini gördükləri üçün yeni həll planı ortaya qoyublar. Onlar deyir ki, İŞİD-ə qarşı mübarizə üçün Suriya və İraq ordusunu dəstəkləyək. Soruşmaq lazımdır: indi İraqda ordu varmı, qaldımı? “Həşdi Şabilər”, yoxsa “Həşdi Vatanilər”mi İraq ordusu? İraqda ordu qalmadı. Yaxud İŞİD-ə qarşı PKK, yoxsa Bərzani savaşacaq? Və ya Suriyada öz xalqını qətlə yetirən Əsədimi nəzərdə tutursunuz? Bu mənada Rusiya və İranın hərəkətliliyi Amerikanın sonra bir həftədə Yaxın Şərqdəki müttəfiqləri ilə əldə etdiyi anlaşmalara qarşı əks-hücum kimi qəbul olunmalıdır.
- Necə düşünürsünüz, Suriya mövzusunda Amerika və Rusiya arasında anlaşma əldə olunacaqmı? Yeni İran planına əsasən atəşkəsin elan olunması, milli birlik hökumətinin qurulması, yeni konstitusiyanın hazırlanması nəzərdə tutulur.
- Türkiyə buna etiraz etmir. Əsəd və ətrafındakılar kənara çıxarsa, hər kəs siyasi həll prosesini dəstəkləyir. Ancaq Suriyada yüz minlərlə insanın ölümünə səbəb olmuş Əsədin yenidən keçici hökumətdə təmsil olunmasını nə Türkiyə, nə Qətər, nə Səudiyyə Ərəbistanı, də digər ərəb ölkələri dəstəkləməz.
- Türkiyə Suriyanın şimalına ordu yeridib “təhlükəsiz bölgə” yaradacaqmı?
- “Təhlükəsiz bölgənin” yaradılması istiqamətində fəaliyyətin olması dəqiqdir. Bu barədə anlaşmanın olduğu aşkardır.
- Bir başa canlı hərbi qüvvə müdaxiləsi olacaq?
- Ünsürlər dəyişə bilər. Mənim bildiyim qədəri ilə burda “təlim-təchiz” proqramı işləyəcək. Yəni burda birbaşa Türkiyə əsgərinin Suriyaya daxil olmasına gərək yoxdur. Sizin əsgəriniz kimi davranan hərbçilər varsa, mütləq Türkiyə vətəndaşının ora göndərilməsinə gərək yoxdur. Mənim bildiyim qədəri ilə ən son olaraq 5 min türkmən döyüşçünün birləşdiyi “Türkmən ordusu” yaradılır. Burda həm də İraqdan alınmış dərs də rol oynayır. Çünki bildiyiniz kimi, İraqda türkmənlər uduzan bir icma olub. O bölgədə türkmənlərin təlim alıb bölgədə təhlükəsizliyi təmin etməsi mümkündür. Bildiyiniz kimi, o bölgə bayır-bucaq türkmənlərinin sıx yaşadığı bölgədir. Ümumilikdə 100-110 km uzunluğunda bir ərazidən söhbət gedir. Burada hansısa təhlükə yaranarsa, o zaman ora hava zərbələrinin həyata keçirilməsi ilə bağlı Amerika ilə Türkiyənin anlaşdığı məlum olur. Bu təhlükə istər İŞİD-dən, istər PYD-YPG-dən, istərsə də Əsəddən gəlsin, fərq etmir.
Bu plan İran və Rusiyanı narahat edir. Çünki bu bölgənin yaradılması iki gücü zəiflədəcək. Birinci İŞİD zəifləyəcək, İŞİD-in zəifləməsi isə Əsədin xeyrinə deyil. İŞİD Əsədi gücləndirən bu faktordur. İŞİD Əsədi leqalladırmaqla yanaşı, eyni zamanda onunla savaşan müxalifləri öldürür.
“Amerika Yaxın Şərqi nə Səudiyyə Ərəbistanına, nə Türkiyəyə, nə İrana, nə də Misirə verməz”
Eyni şəkildə PYD-YPG də Əsədə xidmət edir. Bir qədər əvvəl Saleh Müslim bəyan etdi ki, Suriya ordusuna qatıla bilərlər. Amma buna qədər də kürdlər Əsədin ordusu kimi hərəkət etdilər. Hələ xeyli əvvəl bu anlaşma vardı. Bunun vasitəçisi isə Təlabani idi. PYD-nin ilk olaraq təzyiq altına aldığı partiyalar Mustafa Bərzaniyə yaxın kürd partiyaları idi.
- Baş nazir dedi ki, Türkiyə ordusu PKK təslim olana qədər mübarizə davam edəcək. Bəs, sizcə bu savaş nə zamana qədər davam edəcək? Türkiyə ordusu Kandil dağını tamamilə alt-üst edə biləcəkmi?
- İrqçilik bitməyən bir xəstəlikdir. Bu xəstəlik Qiyamətə qədər davam edəcək. Önəmli olan odur ki, Türkiyə bu problemi idarə olunan vəziyyətə gətirərsə, zəiflədərsə çox yaxşı olardı. Çünki Yaxın Şərqdə kürd geopolitikası yalnız Türkiyəyə problem yaratmır. Yalnız Türkiyənin daxilində olsaydı, bunu həll etmək daha asan olardı. Amma artıq bu, regional və beynəlxalq bir problemə çevrilib. Bu cür problemləri tez bir zamanda həll etmək cəhdləri bir az sadəlövhlük olardı. Türkiyə terror təşkilatlarının yola gətirəcəyi zəif ölkə deyildir.
Türkiyə bu əməliyyatları davam etdirəcək. 2012-ci ildə də bu cür əməliyyatlar həyata keçirildi. Mənim gördüyüm qədəri ilə Türkiyə islahatları davam etdirəcək, ancaq eyni zamanda mümkün olduğu qədəri ilə PKK-ya qarşı əməliyyatları da sürdürəcək. İndi PKK Türkiyədən əməliyyatları dayandırmasını istəyir.
Səbəbi də odur ki, PKK öz silahlı gücünü Suriyada yeni bir bölgə yaratmağa yönləndirsin. Suriyada gücləndikdən sonra isə yenidən Türkiyəyə dönəcəklər. Türkiyə isə bunun qarşısını almaq üçün tədbir görür. Onu da unutmaq lazım deyil ki, bu gün İranın PKK-ya dəstəyi olsa da, sabah kürd geopolitikası ona da toxunacaq.
- Yəni belə görünür ki, Yaxın Şərq siyasətində dəyişiklik gözlənilmir?
- Dəyişən bir neçə faktor var. Türkiyə Qərblə ittifaqını təzələdi və bu anlaşmanın yalnız Türkiyə deyil, bütövlükdə Qafqazlar da daxil olmaqla, bütövlükdə bölgədə dəyişikliyin əsasını qoyacağını düşünürəm.
Kənan Rövşənoğlu, Ankara/musavat.com/