Azərbaycana və Türkiyəyə qarşı hiylə planı; Moskva ot basmış Abxaziya dəmiryolunu işə salmaq üçün boşuna hərəkətə keçməyib; işğalçı ölkənin blokadasını götürmək üçün Ankara ilə ortaq və əlverişli fürsəti qaçıran Kreml bölgəyə nəzarət uğrunda yeni ssenari axtarışındadır; Rusiya böyük müharibəyə hazırlaşır?..
Qərb ötən həftəsonu Rusiyaya qarşı sanksiyaları genişləndirdi. Getdikcə daha sürətlə küncə sıxılan şimal qonşumuz isə buna effektli cavab üsulları axtarmaqdadır. Rusiya ilk növbədə öz perimetri boyu hərbi-siyasi mövcudluğunu gücləndirməklə əsla zəifləmədiyini, əksinə, yeni-yeni ərazilər tuta biləcəyini göstərməklə həm daxili narazılığı səngitməyə, həm də dünyanı xofda saxlamağa və Qərbin onunla hesablaşmasına çalışır.
Sözsüz ki, Kremlin xüsusi diqqət ayırdığı əsas coğrafiya NATO ərazisi sayılmayan “Yaxın xaric” ölkələridir. Moskva burada Qərbə qarşı özünü daha komfortlu hiss edir, çünki Qərbin, NATO-nun əli obyektiv səbəblərdən bu məkana hələ çatmır. Odur ki, Rusiya belə bir perspektivin olmaması üçün ön hazırlıqları gücləndirməkdədir. Güney Qafqaz, onun iki müstəqil ölkəsi - Gürcüstan və Azərbaycan belə hazırlıq ssenarilərində, təbii ki, ilk sıralarda gəlir.
Bu arada kifayət qədər mötəbər mənbələr rus əsgərlərinin İrəvana quru yolunun açılması üçün hərəkətə keçdiyi haqda məlumat yayıb. Söhbət 20 ildən çoxdur işlək vəziyyətdə olmayan və ot basmış, Ermənistanla Rusiyanı birləşdirən Abxaziya dəmiryolundan gedir.
Xəbərə görə, Rusiyanın işğalçı qüvvələrinin 800-ə yaxın hərbçisi artıq Abxaziya dəmiryollarının təmizliyinə başlayıblar. Bu barədə mətbuata separatçı qurumun nümayəndəsi İqor Marqaniya söyləyib. Onun sözlərinə görə, dəmiryolları Abxaziyadan tranzit keçidlərin yenidən bərpası üçün hazırlanır. Abxaziya Nəqliyyat İdarəsinin rəisi Zurab Xacimba isə bildirib ki, yolu kapital təmir məqsədi ilə, “Abxaziyadan tranzit yolunun bərpası üçün” təmizləyirlər.
* * * * *
Qeyd edək ki, bir neçə il öncə Gürcüstan mətbuatı ölkənin keçmiş Baş naziri Bidzina İvanişvilinin Moskva ilə Abxaziyadan keçən dəmiryolunun açılması üçün gizli danışıqlar apardığı haqqında xəbər yaymışdı. Lakin az sonra, həmçinin, rəsmi Bakının təzyiqi ilə Tiflis məlumatı təkzib etdi və plandan vaz keçdi.
Bu ilin əvvəlində isə prezident Vladimir Putin Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun bərpasının vacib olduğunu bildirmişdi. Gürcü ekspertlər isə Abxaziya dəmiryolu ilə bağlı Tiflislə Moskva arasında gizli anlaşmanın ola biləcəyini mümkün sayırlar.
“Bu - Gürcüstan siyasətinin Rusiyaya münasibətdə ən pis nəticəsidir. Ruslar bizim hökumətin icazəsi-filanı olmadan qatarları ərazimizdən keçirmək niyyətindədirlər. Buna gizli razılığın verilməsinə təəccüblənməyə də dəymir” - qeyd edib ekspertlərdən biri. Başqa bir gürcü ekspert isə Kremlin dəmiryolu ilə bağlı hərəkətliliyini Qafqazda növbəti güc nümayişi kimi qiymətləndirib.
Maraqlıdır ki, Abxaziya dəmiryolunun sürətli bərpası ilk dəfə 2008-ci ilin avqust müharibəsi ərəfəsinə təsadüf edib, o zaman yoldan ağır texnikanın çatdırılması üçün istifadə edilib. İndi də “5 günlük müharibə”nin 7-ci ildönümü ərəfəsində analoji “təmizlik” aparılmasına start verilib. Təsadüfmü?
Yəqin ki, yox. Belə təəssürat yaranır ki, Rusiya Gürcüstan ərazisində (təkcə Gürcüstanmı?) nə istəyir, onu da edir. Necə ki, az öncə Bakı-Supsa neft kəmərinin bir hissəsini işğalçı rus əsgərləri nəzarətə götürmüş, bununla da Kreml Tiflisə, Bakıya, Qərbə qarşı əlində yeni şantaj rıçaqının olduğunu nümayiş etdirmişdi.
* * * * *
Beynəlxalq hüququ, ölkələrin ərazi bütövlüyü prinsipini tanımayan Moskvanın Tiflisə qarşı təhdid-şantaj siyasəti və təzyiqləri, deyəsən, nəticə verməkdədir. Bu xüsusda diqqət çəkən məqamlardan biri də budur ki, Abxaziya dəmiryolunun açılacağı barədə xəbərlərlə təxminən eyni vaxtda Gürcüstan baş naziri İrakli Qaribaşvili bəyan edib ki, onun ölkəsi Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmayacaq.
“Biz sanksiyalara qoşulmaq niyyətində deyilik. Bundan ötrü çoxlu səbəb var. Biz Gürcüstanla Rusiya arasında mövcud əlaqələrə çox həssas yanaşırıq. Mən ticarət əlaqələrinin bərpasını nəzərdə tuturam” - jurnalistlərlə söhbətində Qaribaşvili deyib.
“Bilirsiniz ki, illər öncə məhz Saakaşvilinin düşünülməmiş siyasəti nəticəsində hər hansı dialoq pozulub və bizim məhsullarımıza embarqo qoyulub. Biz özümüzün konstruktiv və praqmatik siyasətimiz sayəsində, dinc danışıqlarla bu bazarı yenidən qaytara bildik. Və biz buna önəm veririk”, - deyə baş nazir ardınca əlavə edib.
Belə bir bəyanat dəmiryolunun açılması ilə bağlı gizli sövdələşmənin mövcudluğu yönündə səslənən iddiaları gücləndirir.
* * * * *
Sözügedən dəmiryolunun əhəmiyyətinə gəlincə, şübhəsiz, bu, ən əvvəl satellit Ermənistanla Rusiya arasında quru əlaqələrini genişləndirəcək və daha etibarlı edəcək, işğalçının blokadasını zəiflədəcək. Eyni zamanda Rusiyanın Ermənistanda hərbi cəhətdən güclənməsinə və möhkəmlənməsinə gətirəcək, Gümrü hərbi bazasının daha da modernləşdirməsini təmin eləmiş olacaq.
Nəticədə İrəvan Qarabağ danışıqlarında bir az da güzəştsiz mövqe tutacaq və problemin həlli uzanacaq, demək, Azərbaycan və Ermənistana Moskvanın nəzarət imkanlarının ömrü də uzanacaq. Rusiya, üstəlik, NATO üzvü Türkiyənin sərhədləri yaxınlığında fors-major vəziyyətlər üçün strateji üstünlük əldə edəcək, son vaxtlar “ipə-sapa yatmayan” və təzədən Qərbə (ABŞ-a) meyillənmədkə olan Ankaraya qarşı yeni təhdid faktoru ortaya çıxmış olacaq...
* * * * *
Təsadüfi deyil ki, Gürcüstanda “5 günlük müharibə”nin 7-ci ildönümü ilə bağlı Rusiya baş naziri (o vaxt prezident idi) Dmitri Medvedyevin açıqlamasından bir daha qənaət hasil olur ki, Moskva postsovet məkanında istənilən ərazini Rusiyaya qatmağa normal baxır və az qala bunu halal haqqı sayır. Elə isə o zaman kim qarantiya verə bilər ki, Abxaziaya, Cənubi Osetiya və Krımın ardınca şimal qonşumuz keçmiş SSRİ respublikalarından başqa birisinin ayrılmaz parçasını da özünə zorla birləşdirməyəcək, yaxud forpost Ermənistana quru yolu açmaq üçün Gürcüstanın razılığı oldu-olmadı, onun hüquqi sərhədləri daxilindəki Abxaziya dəmiryolunu işə salmaq üçün ərazi “təmizlətməyəcək”?
Əgər uzaq ABŞ kimi superdövlətin yüksək çinli generalları da bəyan edirlərsə ki, ölkəyə əsas xarici təhlükə Rusiyadan gəlir, o zaman qonşuluqdakı Gürcüstan və Azərbaycan kimi balaca postsovet ölkələrinin hansı real təhlükə ilə üz-üzə olduğu dəqiqləşər. Təhlükə, əlbəttə ki, böyük və realdır.
Moskvanın Qarabağ məsələsinin həllində Türkiyə ilə birgə unikal şans yarandığı halda da, hətta Avrasiya Birliyinə qoşulacağı ilə bağlı Bakının mesajı fonunda da məsələdə heç bir təşəbbüskarlıq və konstruktivlik göstərməməsi ona dəlalət edir ki, Kreml postsovet məkanında nə Tiflisə, nə də Bakıya hansısa güzəşti, qarşılıqlı addımı ağlına gətirmir və yaxın hədəflərinə çatmaq üçün ənənəvi, kobud güc (müdaxilə) siyasətinə, yaxud ən yaxşı halda “yumşaq güc”ə və “5-ci kolon” amilinə üstünlük vermək niyyətindədir.
Siyasət şöbəsi//musavat.com/