Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.
Turqay Mikayılovun qohumu Bahar Mikayılova açıqlamasında deyib ki, hadisə iyulun 23-də baş verib: “Hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Həmin kənd sakinləri onu saxlayaraq, Ermənistan sərhədçilərinə təhvil veriblər. Onlar isə Turqayı İrəvana aparıblar. Turqay artıq 17 gündür ki, Ermənistanda həbsxanada saxlanılır".
B. Mikayılova deyib ki, T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və İrəvanda ona 2 ay saxlanılacağını dediklərini bildirib.
T. Mikayılovun ailəsi hadisə ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarını məlumatlandırıblar. Hüquq-mühafizə orqanlarından ailəyə T. Mikayılovun qaytarılması üçün danışıq aparıldığı bildirilib.