YAP-da "seçki davası" davam edir; partiyanın hətta ünlü simaları da namizədlik barədə bir söz deyə bilmirlər
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov az əvvəl bəyan etmişdi ki, hakim partiyanın parlament seçkilərində iştirak edəcək namizədlərinin ilkin siyahısı artıq hazırdır. “Azadlıq” isə Siyavuş Novruzovun bu iddiasının əsassız olduğunu, hakim partiya daxilində parlament seçkilərilə bağlı gərginliyin yarandığı barədə məlumat yaymışdı.
Həmin məlumatda o da qeyd olunurdu ki, əslində YAP-ın namizədlərlə bağlı iki siyahısı var. Siyahının biri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə, digəri isə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədova məxsusdur. Əli Əhmədovla Ramiz Mehdiyev arasında uzun müddətdir ki, ziddiyyətlər var. YAP icra katibinin Paşayevlərin çətiri altına keçməsi və hakim partiyanı bu qruplaşmanın iradəsinə tabe etdirmək istiqamətində səylər göstərməsi onu Ramiz Mehdiyevin hədəfinə gətirib. Hazırda Ramiz Mehdiyevin YAP-dakı kontingenti Əli Əhmədovla hesablaşmır. YAP-ın icra katibi isə onları ram etmək üçün bütün gücünü səfərbər edib.
Avqustun 12-də isə Əli Əhmədov YAP Gənclər Birliyinin üzvlərilə görüşüb. Onun bu görüşü Ramiz Mehdiyevə əzələ nümayişi kimi qiymətləndirilir. Və bütün bunlar Siyavuş Novruzovun iddialarını alt-üst edir. YAP-çı deputat deyilənlərin həqiqət olmadığını iddia edə bilər. Amma məsələ burasındadır ki, hətta YAP-ın ağır artileriyaları seçkilərdə iştirakla bağlı qəti fikir söyləyə bilmirlər. Məsələn, YAP-çı deputatlar Hadı Rəcəbli, Eldar Ibrahimov, Imamverdi Ismayılov namizəd olmaq barədə hələ qərar vermədiklərini bildiriblər. Hadı Rəcəbli “Report”a açıqlamasında deyib ki, namizəd olub-olmayacağı üzv olduğu partiyanın qərarından asılıdır: “Bu mənim istəyimdən asılı olan məsələ deyil. Mən partiya üzvüyəm və partiyanın qərarına tabe adamam. Əgər YAP adımı namizədlər siyahısına daxil edərsə, yenidən namizəd olacam. Məsləhət olmasa namizədliyimi irəli sürməyəcəm”.
YAP Idarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar Ibrahimov da deyib ki, namizədliyi üzv olduğu partiyanın qərarından asılıdır. Namizədlik məsələsinə YAP qərar verir. Kimlərin o siyahıda olması məsələsini partiya həll edir. Əgər yenidən namizəd olmağım məsləhət görülərsə, o zaman namizdəliyimi verəcəm. Məsləhət olmasa o zaman heç nə etməyəcəm".
YAP-ı təmsil edən deputat Imamverdi Ismayılov da söyləyib ki, əvvəlki seçkidə olduğu kimi, bu dəfə də partiyanın qərarına uyğun hərəkət edəcək: “Mən hər zaman partiyanın qərarına uyğun addım atmışam. YAP məsələhət bilib, namizədliyimni irəli sürmüşəm. Bu dəfə də belə olacaq. Namizəd olub-olmayacağım haqda qərarı partiya verəcək”.
Seçkiyə bitərəf kimi qatılsa da, hər də YAP tərəfindən dəstəklənən, faktiki olaraq ümumi siyahıda yer alan deputat Madər Musayev də deyib ki, namizəd olub-olmamaqla bağlı qərar vermək hələ tezdir: “Bu barədə danışmaq hələ tezdir. Hələ seçkiyə var. Zamanı gəldikdə qərar verəcəm və bunu ictimaiyyətə açıqlayacam”.
Hər halda Eldar Ibrahimov, Hadı Rəcəbli kimi YAP-çıların qəti fikir söyləyə bilməməsi hakim partiyada vəziyyətin daha acınacaqlı olduğunu göstərir.