Səhiyyə nazirinin sirli yüksəlişinin gizlinləri
Son günlər Azərbaycan səhiyyəsi ölkə mediasının əsas mövzusuna çevrilib. Bütün tənqidlərin qarşılığında səhiyyəmizin rəhbəri “Şöhrət” ordeni ilə mükafatlandırıldı. Səhiyyə naziri Oqtay Şirəliyev sələfi Əli İnsanov qədər güclü fiqur sayılmasa da hakimiyyət düşərgəsində toxunulmaz şəxslərdən hesab olunur. Nazir təyin olunmasından sonra həyata keçirdiyi tədbirlər nəticəsində ölkənin səhiyyə sistemini öz əlində cəmləşdirməyi bacaran O.Şirəliyev bu
rentabelli sahəni digər məmurlar üçün əlçatmaz edib. Hətta ən qüdrətli oliqarx-məmurların belə çəkindiyi O.Şirəliyevin gücü nədədir? Bu dəfəki yazımızda bu və digər sualların cavabını tapmağa və O.Şirəliyevi daha yaxından tanımağa çalışacağıq.
Sirli Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev haqqında hansısa özəl məlumatı əldə etmək kifayət qədər çətindir. Səhiyyə Nazirliyinin rəsmi saytında onun haqqında heç bir məlumat yerləşdirilməyib. Bir neçə mənbəyə baş vursaq da O.Şirəliyevin tərcümeyi-halını əldə edə bilmədik. Odur ki, qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlarla kifayətlənməli olduq. Həmin məlumatlarda isə qeyd olunur ki, O.Şirəliyevin nəsli əslən Cənubi Azərbaycandandır. Onun ailəsi Cənubi Azərbaycandan köçdükdən sonra Göyçay rayonunda məskunlaşıb.
Nazirlə bağlı maraqlı məqamlardan biri də onun məşhur Paşayevlər ailəsi ilə qohumluq münasibətində olmasıdır. Deyilənlərə görə, O.Şirəliyevin nazir postuna təyin olunmasında da bu faktor həlledici amillərdən biri kimi çıxış edib. Belə ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovun həbsə alınmasından sonra o zaman Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsini tutan O.Şirəliyev üçün yüksəliş şansı yarandı və bu şansdan maksimum yararlanmağı bacardı.
Hakim ailənin həkim yaxını
O.Şirəliyev heç bir hakim qruplaşmada təmsil olunmur. Hakim dairələrdə o birmənalı olaraq hakim ailənin yaxın adamı kimi dəyərləndirilir. Təbii ki, belə bir imic onun xeyrinə işləyir və bir-birilə ziddiyyətdə olan qruplaşmalardan heç biri səhiyyə naziri ilə üz-üzə gəlmək istəmir. Elə buna görə də O.Şirəliyev bütün qruplaşmalar tərəfindən eyni dərəcədə qəbul edilir. Hətta səhiyyə nazirinin bir sıra addımları kimlərinsə maraqlarına zərbə vursa belə heç kim onunla açıq mübarizəyə girməyə cürət etmir.
Rəhbərlik etdiyi səhiyyə sisteminin şəriksiz ağası olan O.Şirəliyev heç bir hakim qruplaşmanı onun biznes sahəsində layihələr həyata keçirməsinə izn vermir. Bütün dövlət və özəl tibb ocaqlarına nəzarəti əlindən saxlayan səhiyyə naziri ayrı-ayrı məmurlara məxsus olan tibb müəssisələrini də sıradan çıxartmağı bacarıb. Məlumat üçün bildirək ki, onun nazir təyin olunmasına qədər bir çox məmurlar səhiyyə sistemində də “kök atmağa” nail olmuş və paytaxtda bir neçə özəl klinikalar açdırmışdılar. Onun inadlı mübarizəsindən sonra isə həmin klinikaların ya fəaliyyəti dayandırılmış, ya da onun üzərindəki sərəncam hüququ O.Şirəliyevə keçmişdir.
Çiçəklənən dərman biznesi
O.Şirəliyevi dərman biznesinin şəriksiz lideri də adlandırmaq olar. Qeyd edək ki, dərman satışı ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyinin sərtləşdirilmiş qaydaları mövcuddur və apteklərin açılmasından tutmuş fəaliyyətinə qədər bütün prosedurlar tam inhisardadır. Əldə etdiyimiz məmatlara görə, dərman satışı üçün lisenziyanın alınmasına görə 30-40 min ABŞ dolları məbləğində rüşvət tələb olunur.
Dərman satışı ilə bağlı lisenziyaların dövlət qiyməti isə 5500 manat dəyərində göstərilir. Xatırladaq ki, Azərbaycanda qeydiyyatdan keçən dərmanların böyük əksəriyyəti Rusiya, Ukrayna, Almaniya və digər Avropa ölkələrindən idxal olunur. Həmin dərmanların ölkəyə gətirilməsi işinə də nazirin şəxsən rəhbərlik etdiyi bildirilir. Əgər bir neçə il bundan qabağa qədər hansısa şəxslər və ya firmalar da xaricdən dərman gətirə bilirdilərsə artıq bunun qarşısı alınıb. Dərman biznesindən kifayət qədər böyük paralar qazanan səhiyyə nazirinin digər böyük gəlir mənbələrindən biri də xəstəzanaların ərzaq təminatıdır. 2008-ci il fevralın 1-dən dövlət xəstəxanalarında tibbi xidmətin pulsuz olması haqda sərəncamdan sonra bu sahəyə büdcədən ayırmalar kifayət qədər artmış və bu da öz növbəsində yeyintinin miqyasının böyüməsinə yol açmışdır.
Xəstəxanalarda ərzaq maxinasiyası
Səhiyyə Nazirliyi iddia edir ki, Azərbaycandakı bütün xəstəxanalarda pasiyentlərə səhər, günorta və axşam yeməyi verilir. Amma biz də yad planetli deyilik və Azərbaycan xəstəxanalarında pulsuz yeməyin verilməsinin nadir hadisə sayıldığını gözəl bilirik. Heç kimə sirr deyil ki, xəstələrin yanına yaxınları yemək gətirməsə onlar sadəcə olaraq aclarından ölərlər. Əslində isə xəstəxanaların ərzaqla təmin olunması üçün dövlət büdcəsindən vəsait ayrılır. Xəstələrin qida rasionuna gəlincə isə onlara çörək, çay, müxtəlif yeməklər, ümumiyyətlə, meyvəyə qədər hər şeyin verilməli olduğu halda, xüsusi profilli xəstəxanaları çıxmaq şərtilə çox yerdə buna riayyət olunmur. Əslində burada bütün günahı xəstəxanaların üzərinə yıxmaq da düzgün olmazdı. Çünki xəstələrin ərzaqla təmin edilməsi məqsədilə büdcədən ayrılan vəsaitlərin heç 10 faizi xəstəxanalara verilmir. Həmin pullar elə nazirlikdəcə bölüşdürülür. 2007-ci ildə xəstəxanaların ərzaq təminatına 6 milyon manat vəsait ayrılıb. Bu məbləği yetərli hesab etməyən nazir sonrakı illərdə vəsaitin artırılmasına nail olsa da bu özünü xəstəxanaların təminatında göstərmədi. Hızırda respublikada fəaliyyət göstərən əksər xəstəxanalarda xəstələrin qida rasionu ilə bağlı ciddi problem var. İndi bir xəstə üçün ərzaq norması xəstəxanalar üçün gündə təxminən 20 qəpik həcmində müəyyənləşdirilib. Amma reallıq ondan ibarətdir ki, bir xəstəni gündə üç dəfə yeməklə təmin etmək üçün ən azı 3 manat vəsait ayrılmalıdır. Səhiyyə Nazirliyi isə bu 3 manatı xəstələr üçün çox görür.
Şirəliyevin minnətli “pulsuz tibbi xidməti”
“Bütün tibb müəssisələrində əhaliyə göstərilən zəmanətli tibbi xidmət, müayinələr və dərman preparatları pulsuzdur”. Bu və ya buna oxşar məhmunda elanlar bütün dövlət xəstəxanalarında elə qapının girişindəcə asılsa da bunun nağıl olduğuna heç kim şübhə etmir. Azərbaycan vətəndaşlarının tibbi yardım almaq hüququ yalnız qanunlarla təmin olunub. Reallıqda isə heç bir dövlət müəssisəsində pulsuz tibbi xidmət almaq mümkün deyil.
Məlumat üçün bildirək ki, inkişaf etmiş Avropa ölkələrdə səhiyyə xidmətlərinin pulsuz olmasına rast gəlinmir. Həmin ölkələrdə yalnız müəyyən kateqoriyalı insanlar üçün güzəştlər nəzərdə
tutulur və həmin güzəştlər doğrudan da tətbiq edilir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Qanunvericilikdə istisnasız olaraq bütün vətəndaşlar üçün pulsuz tibbi xidmət nəzərdə tutulur və göstərilən səhiyyə xidmətinə görə istisnasız olaraq hər kəsdən pul alınır. Bir
halda ki, qanunda nə yazılmasından asılı olmayaraq vətəndaşa pulsuz səhiyyə xidməti göstərilmir, o zaman daha yaxşı olmazdımı ki, pasiyent rüşvət formasında verdiyi pulu rüsum şəklində xəstəxanalara ödəyəydi və heç olmasa risqli qruplara daxil olan xəstələrin müalicəsini dövlət
təkcə kağız üzərində yox, elə reallıqda özürinə götürəydi? Təbii ki, bu variant O.Şirəliyevin minnətli “pulsuz tibbi xidməti”ndən daha optimal variant ola bilərdi.
Səhiyyə nazirinin xobbisi
Aldığımız məlumatlarda səhiyyə nazirinin spirtli içkilərə hədsiz meylli olduğu bildirilir. Onun ən sevimli məşğuliyyətinin isə qiymətli suvenirlər toplamaq olduğu bildirilir. O.Şirəliyev eyni zamanda ev heyvanlarının həvəskarı kimi də məşhurdur. Nazirin xüsusilə cins itlərə maraq
göstərdiyi və bağında bir neçə cins itinin olduğu söylənilir. Texnologiyanın son nailiyyətlərinə biganə qalan O.Şirəliyevin sərbəst şəkildə kompüterlə işləyə bilmədiyi də daxil olan məlumatlar
arasındadır./cumhuriyyet.az/