Qəzet YAP-ın icra katibinin keçirdiyi görüş barədə bir cümlə belə yazmayıb
Yeni Azərbaycan Partiyasında (YAP) qarşıdan gələn parlament seçkilərilə bağlı gərginlik kritik həddə çatıb. Artıq partiyada qütbləşmə aydın şəkildə görünür. YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovla Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin hakim partiyada nüfuz savaşı, seçkilərlə bağlı namizədlərin müəyyənləşdirilməsini çətinləşdirib.
“Azadlıq” hələ ötən saylarında məlumat vermişdi ki, YAP-ın icra katibi Siyavuş Novruzovun partiyanın ilkin siyahısının hazır olması barədə dedikləri əsassızdır. Hər halda YAP-ın tanınmış simaları belə namizəd olub-olmayacaqlarını bilmirlərsə, deməli, ümumiyyətlə siyahı barədə hələ söhbət getmir.
Məlumatlara görə, Əli Əhmədov YAP-da yalnız Paşayevləri dəstəkləyənlərin seçkilərdə iştirakına nail olmağa çalışır. Lakin YAP-da Ramiz Mehdiyevin tərəfdarları da kifayət qədərdir. Ötən həftə Əli Əhmədov YAP-ın gəncləri ilə görüşməklə bir növ Ramiz Mehdiyevə əzələ nümayiş etdirmiş oldu. Bunun cavabı gecikmədi. Əli Əhmədovun YAP-ın Bakı rayonlarının, Sumqayıtın və Abşeronun yerli təşkilatlarının üzvləri ilə keçirdiyi görüş barədə “Yeni Azərbaycan” qəzeti bir cümlə belə yazmayıb. “Azərbaycan” qəzetində isə “Azərtac”ın yaydığı məlumat verilib. “Azərbaycan” qəzetilə bağlı məsələ aydındır. Bu qəzet YAP-ın orqanı deyil. Amma “Yeni Azərbaycan” qəzeti hakim partiyanın mətbuat orqanıdır. Bu qəzetdə YAP adına keçirilən əhəmiyyətli tədbir barədə bir cümlə belə yazılmaması kifayət qədər maraqlıdır. Bəzi mülahizələrə görə, Əli Əhmədovun keçirdiyi görüşə “Yeni Azərbaycan”da yer ayrılmamasının Ramiz Mehdiyev faktoru ilə bağlıdır. Ramiz Mehdiyevin bu qəzetə təsir imkanları güclüdür. Ona görə də belə ehtimallar var ki, “Yeni Azərbaycan” PA-dan gələn tapşırıq əsasında Əli Əhmədovu boykot edib. Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinə də təsir imkanları var. Sual oluna bilər ki, bəs orada niyə Əli Əhmədovun keçirdiyi görüş barədə yazıya qadağa qoyulmayıb. Yuxarıda qeyd etdik ki, “Azərbaycan” qəzetində “Azərtac”ın görüşdən hazırladığı yığcam reportajı dərc olunub. Digər tərəfdən bu çaşdırıcı addım da ola bilər. Əgər “Azərbaycan” qəzeti də bu xəbəri dərc etməsəydi, o zaman qadağanın birbaşa Ramiz Mehdiyevdən gəldiyinə heç bir şübhə qalmazdı. Amma indi bu yalnız ehtimal kimi irəli sürülür.