Rusiyanın növbəti iflas projesi, yoxsa?..

17-08-2015, 07:45   
Rusiyanın növbəti iflas projesi, yoxsa?..
“Avrasiya Hərəkatı” təhlükəsi sovuşdumu? Fərrux Məmmədov: “Putin bu yolla Azərbaycana mesaj verir ki...”
Rusiyapərəst şəxslər tərəfindən ölkəmizdə “Avrasiya Hərəkatı” adlı qurumun yaradılması barədə öncəki saylarımızda məlumat vermişdik. Qurumun yaradıcılarından olan keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiya Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı İlqar Qasımovun bu quruma daha çox siyasi-hərbi keçmişi olan şəxsləri toplaması haqda da yazmışdıq.

Yarandığı ilk günlərdən Rusiyanın ölkəmizi təzyiq altında saxlamaq üçün “Avrasiya Hərəkatı”nı təsis etdiyi, bu yolla növbəti projesini gerçəkləşdirdiyi məlum oldu. Çünki qurumun tərkibinə baxdıqda hər şey çılpaqlığı ilə üzə çıxdı. Zaman-zaman şimal qonşumuz bu tipli qurumlar yaradıb.

Maraqlıdır ki, bu siyasət əsasən, seçkilər ərəfəsində gerçəkləşir. Bundan əvvəl də, 2013-cü ildə prezident seçkiləri öncəsi Moskvada Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilat yaradılmışdı. Sonradan “Milyarderlər İttifaqı” adlanan bu təşkilatın əsas məqsədinin Azərbaycanda hakimiyyət dəyişikliyi etmək olduğu sübut olundu. Lakin göstərilən müəyyən çabalar Azərbaycanı Rusiyanın təsiri altına düşməkdən xilas etdi.

RATİ ilə uğur qazanmadığını görən Rusiya indi də “Avrasiya Hərəkatı” ilə planlarını gerçəkləşdirmək istəyir. Azərbaycan müxalifəti və mətbuatı birmənalı olaraq, bu hərəkatın əleyhinə çıxaraq, həyata keçirilən iyrənc planları ifşa etdilər.



“Milyarderlər İttifaqı” kimi, “Avrasiya Hərəkatı”nın da fiaskoya uğradığı göz önündədir. Bu onların fəaliyyətindən açıq şəkildə görünür. NATO Əməkdaslıq İnstitutunun rəhbəri Fərrux Məmmədov “Yeni Müsavat”a açıqlamasında Rusiya yönümlü qurumların fəaliyyətinin daim uğursuzluqla nəticələndiyini bildirdi: “Rusiya yönümlü istənilən siyasi projelərin sonu hər zaman fiasko və uğursuzluqla nəticələnib. Buna misal olaraq, son dönəm ”Milyarderlər İttifaqı" adlanan qurumu göstərə bilərik. Rusiya üçün şəxslər, təşkilatlar heç zaman önəmli olmayıb. Onlarda dövlət maraqları deyil, şəxsi maraqlar daha çox üstünlük təşkil edir. Bu baxımdan yaradılan hər hansı Rusiya yönümlü təşkilatın perspektivi heç zaman olmur. “Avrasiya Hərəkatı” da həmin təşkilatlardan biridir, siyasi arenada mövcud olmayan, yaşlandıqları üçün Kislovodska və ya Esentukiyə istirahət paketini pulsuz almaq istəyən şəxslərin xəyalən qurduqları, əslinə qalsa, realda mövcud olmayan bir hərəkatdır. Adından bəlli olduğu kimi, hərəkat böyük bir enerji və fiziki güc tələb edir. Bütün bu işləri görmək üçün onlar bu yaşda deyillər. Bu kimi xəyal projelərinin gerçəkləşməsi mümkün deyil. Yolumuz avrointeqrasiyadır, NATO-ya inteqrasiyadır və Amerika ilə müttəfiqliyimizdir. Azərbaycanda rus və ya Rusiya yönümlü istənilən projenin həyata keçməsinə izin verməyəcəyik. Dövlətimizin müstəqilliyi və inkişafı bizim üçün prioritet məsələdir. Bu baxımdan Qərblə müttəfiqliyə önəm vermək gərəkdir".

Müsahibimiz hərəkatın yalnız kağız üzərində fəaliyyət göstərəcəyini də qeyd etdi: “Hərəkatın maksimum təşkilatlanma, iş görmə gücü sadəcə, kağız üzərində açıqlama və bəyanatdan ibarət olacaq. Real iş görmək mümkün deyil. Buna səbəb Azərbaycan cəmiyyətinin artıq oyanmasıdır. Rusiyanın son iki yüz ildən artıqdır ki ölkəmizə və milli kimliyimizə qarşı apardığı siyasətdən hər kəs məlumatlıdır. Gələcək nəsil onlara qarşı haqlı olaraq aqressiya ilə böyüyür. Bu baxımdan istənilən hərəkat və ya proje iflasa məhkumdur”.

F.Məmmədov hərəkatın təsisçilərindən də söz açdı: “Bu şəxslər barədə nəsə fikir söyləmək istəməzdim. Lakin onlara bir neçə məsləhət verməkdə fayda var. Onlara ilk növbədə Azərbaycan tarixini yaxşı oxumalarını tövsiyə edərdim. Şəxsi deyil, dövlət və millətin maraqlarını daha üstün tutmalarını bildirmək istərdim. Dövlətçiliyimiz üçün çalışsalar, daha yaxşı olardı. Bu gün üçün daha önəmli məsələdir. İllərcə ölkəmizi işğal edən, millətimizə, mədəniyyətimizə, tariximizə qarşı qətllər törətmiş bir dövlətə və onun maraqlarına xidmət etmək özü-özlüyündə utancdan başqa bir şey deyil”.

Siyasi şərhçi ölkəmizdə seçkilər ərəfəsində belə bir qurumların yaradılmasının səbəblərinə də toxundu: “Ölkə daxilində seçki öncəsi yaradılan qurumlar, Dağlıq Qarabağ ərazisində keçirilən diversiya əməliyyatları eyni nöqtəyə xidmət edir. Mahiyyət isə budur ki, siyasi təzyiq etmək və bununla dövlətimizi nəzarətdə saxlamaq, ”hər an işğal edə bilərəm" mesaji verməkdir. Bu əslində siyasi şantajdır. Çox təəssüflər olsun ki, bu cür qara və kirli oyunlarda məhz azərbaycanlılar iştirak edir. Lakin onlar unudurlar ki, müvəqqəti olaraq, onlardan istifadə olunacaq və atılacaqlar. Bunu gərək nəzərə alsınlar".

Müsahibimiz bu yolla Putinin Azərbaycan prezidentinə mesaj verdiyini söylədi: “Bu və ya bu cür təşkilatların yaranması müvəqqəti də olsa, ona işarədir ki, Rusiyanın ”beşinci kolon"u real olaraq mövcuddur. Bu, sadəcə, görünən tərəfdir. Bunlar vaxtı ilə xidmət ediblər və bu gün də etməkdə bu davam edirlər. Əslində Putinin mesajı İlham Əliyevə açıq şəkildə özünü göstərir. “Mənim mövcudluğum hər bir sahədə var və mən sənə sabah üçün böyük bir təhlükəyəm”. Bu təşkilatın təhlükəsinə gəlincə isə, hələ ki, konkret addımları yoxdur. Lakin unutmayaq ki, sel gəlməmişdən öncə çör-çöp gətirir. Bu, ilkin mesajdır. Əsas güc və təhlükə isə, daxilimizdə mövcuddur - gizli şəkildə. Burada Milli Təhlükəsizlik Nazirliyinə çox iş düşür. Düşünürəm, bu qurum lazımi addımları atır və təhlükəsizlik sahəsində də atmaqda davam edəcək".

Cavanşir ABBASLI/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.