Türkiyə səfərini təxirə salan İran XİN başçısı Cavad Zərifin Moskvaya “zərif gedişi”nin pərdəarxası; bölgədə dost-müttəfiqlərin təzədən qruplaşması prosesi başlayıb; Rusiya oyunları öz saatı ilə idarə eləməyə çalışır...
Bu gün - avqustun 17-də Rusiya və İran xarici işlər nazirləri - Sergey Lavrov və Cavad Zərif Moskvada görüşəcək. Onlar ikitərəfli əlaqələri, Tehranın nüvə proqramı ətrafındakı son vəziyyəti və Suriya mövzusunu müzakirə edəcəklər. Musavat.com-un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmisi bildirib.
Moskva danışıqları ABŞ Konqresi üzvlərinin İranla “altılıq” arasında Vyana anlaşmasını müzakirə eləməsi fonuna təsadüf edəcək. Amerika qanunvericiləri sentyabradək sənədi ya bəyənməli, ya da rədd etməlidirlər.
“Tərəflər Vyana anlaşması da nəzərə alınmaqla, əsas diqqəti ikitərəfli münasibətlərin bundan sonrakı inkişaf perspektivinə, həmçinin, qlobal və regional gündəmin aparıcı mövzularına, o sırada Suriya böhranına yönəldəcək” - Rusiya XİN-in rəsmi məlumatında belə deyilir.
Yada salaq ki, Zərifin Türkiyəyə ötən həftə - bir neçə gün öncə nəzərdə tutulmuş səfəri qəfildən təxirə düşmüşdü. Situasiyanın ən diqqətçəkici məqamlarından biri də, bizcə, elə budur - qonşu Türkiyəyə ziyarəti alınmayan İran baş diplomatının cəmi 3-4 gün sonra problemsiz-filansız Rusiya paytaxtına yollanması. Halbuki, Tehran Zərifin Ankara səfərinin baş tutmamasını “texniki problemlə” - səfər proqramının sıxlığı ilə əlaqələndirmişdi. Görəsən, bu “sıxlıq” nə əcəb Moskva səfərinə təsir göstərməyib?
***
Əlbəttə ki, siyasi təhlilçilər izahı başqa yerdə axtarırlar. Məsələ ondadır ki, Türkiyə və İran arasında ziddiyyətli məsələlərdən biri məhz Suriya, Bəşər Əsədin taleyi ilə ilgilidir. Ankara Əsədi hər hansı keçid hökumətinin tərkibində görmədiyi halda (bu həm də Qərbin mövqeyidir), İran - əksinə, Əsədsiz Suriyada dinc nizamlanmanı təsəvvür eləmir. Moskva da Tehranla hələ ki, eyni mövqedədir.
Zərifin böyük önəm verilən Türkiyə ziyarəti isə ən əvvəl Suriyaya dair İranın yeni planı ilə bağlı olub. Görünür, bu plan Ankarada elə də isti qarşılanmayıb, paralel surətdə Moskvanı narahat edib. Təsadüfi deyil ki, Lavrov-Zərif görüşünün əsas müzakirə mövzusu Suriya böhranından çıxış yolu olacaq.
Bu arada Kreml də problemin öz maraqları çərçivəsində həlli və ən önəmlisi, qlobal məsələlərdə böyük oyunçu imkanlarını itirmədiyini Qərbə göstərmək üçün bəzi addımlar atıb. O sırada Suriyanın mötədil müxalifətinin təmsilçiləri ilə Rusiya elçisi bu günlərdə bir neçə görüş keçirib. Şübhə yox ki, Moskva və Tehran bir daha bu məsələlərlə bağlı öz mövqelərini uzlaşdırmağa çalışacaq, necə deyərlər, saatların əqrəblərini tutuşduracaq.
Moskva səfəri ərəfəsində isə rəsmi Tehran öz mövqeyini yenidən, aydın şəkildə ortaya qoyub. İran Xarici İşlər nazirinin müavini Əmir Abdullahiyan deyib ki, Suriya məsələsində tək həll yolu siyasi cəhdlərdir" və əlavə edib ki, İran Suriyada təhlükəsiz bölgənin yaradılmasını bu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qiymətləndirir. “Problemə beynəlxalq hüququ pozmadan həll yolu tapılmalıdır”, - deyə Abdullahiyan bildirib.
Buradan bir daha qənaət hasil olur ki, Cavad Zərifin Türkiyə səfərinin təxirə salınmasının arxasında texniki deyil, geosiyasi səbəb dayanıb və ən çox da Suriya ilə ilgili olub. Söz düşmüşkən, Rusiya da İran kimi Suriyanın şimalında ABŞ və Türkiyənin təhlükəsiz zona yaratmaq ideyasının əleyhinədir.
***
Beləcə, 14 iyul Vyana anlaşmasından sonra Moskva və Tehranın yolları ayrılmağa üz tutmuş kimi görünsə də, əslində onlar arasında kifayət qədər strateji əhəmiyyətli, Qərbin və Türkiyənin əleyhinə olan ortaq məsələlər və təmas nöqtələri qalır. O da aydın görünür ki, İranın Türkiyə, bütövlükdə Qərblə münasibətlərindəki fikir ayrılıqlarından Rusiya maksimum faydalanmağa və Tehranla Qərb arasında ənənəvi gərgin ritorikanın saxlanmasına çalışır. Bu isə ona ilk növbədə Avropanın neft-qaz bazarına Tehranın girişini əngəlləmək üçün hava-su kimi gərəkdir.
Demək, “kart”a Azərbaycanın da enerji maraqları, o cümlədən TANAP-ın taleyi qoyulub, çünki İran Kremlin marağında olmayan bu layihəyə qoşulmaq, hətta NABUCCO-nu diriltmək istəyini artıq bəyan edib. Eyni zamanda özünün nəhəng qaz ehtiyatlarının Avropaya nəqli üçün Azərbaycan və Türkiyənin mövcud və yeni infrastrukturlarından istifadə etmək niyyətini gizlətməyib.
Sözsüz ki, Tehran Kremlin yaxın və uzaq hədəflərini yaxşı anlayır. Onu da yaddan çıxarmaq olmaz ki, Qərb Rusiya neftindən imtina ssenarisi barədə də ciddi düşünməyə başlayıb və bu ssenari reallaşarsa, Rusiya iqtisadiyyatının “fatihəsi” oxunacaq. Rusiya isə dünya bazarında İranın həm də ciddi neft rəqibidir.
Odur ki, Cavad Zərifin Moskvaya “zərif gedişi”nin birmənalı olaraq Kremlin aktivinə yazılacağını indidən söyləmək çətindir. Hər halda, bölgədə böyük geosiyasi proseslər və oyunlar (kombinasiyalar) təzə-təzə başlayıb. Bu proseslərdən, təbii ki, hamı ən çox siyasi və iqtisadi mənfəət götürməyə çalışır - o cümlədən cənub qonşumuz.
Ancaq siyasət mümkün olanı reallaşdırmaq bacarığıdır. Bu mənada bölgəmizdə dost-müttəfiqlərin təzədən qruplaşdırılması da istisna deyil. Söhbət həm də İrandan və İrana münasibətdən gedir.
Siyasət şöbəsi//musavat.com/