General oğluna ittiham

18-08-2015, 07:56   
General oğluna ittiham

«Nəvəmin həbsini Cavanşir Məmmədovun oğlu Ramil Məmmədovla qardaşı oğlu Indar Məmmədov təşkil edib»

“Nəvəm Fərid Azayev Daxili Işlər Nazirliyində yüksək vəzifə tutan general Cavanşir Məmmədovun oğlu Ramil Məmmədovun və qardaşı oğlu Indar Məmmədovun sifarişilə həbs edilib”. Bu sözləri ölkə başçısı Ilham Əliyevə müraciətində Baş Dövlət Yol Polis Idarəsinin keçmiş əməkdaşı Fərid Azayevin babası Xanhüseyn Məmmədov yazıb.

O, müraciətin bir surətini də “Azadlıq”a göndərib. Bundan əvvəl isə Fərid Azayevin atası Isif Azayev ölkə başçısına müraciət etmişdi. Qeyd edək ki, Fərid Azayev həbs edilənə qədər həm də Polis Akademiyasında təhsil alırmış. Ona Cinayət Məcəlləsinin 144.2.1(iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1(bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham verilib. Atası onun həbsi barədə ölkə başçısına müraciətində yazıb: “Xətai rayon Polis Idarəsinin 35-ci Polis Bölməsinin əməliyyatçıları 2014-cü il dekabr ayının 21-dən 22-nə keçən gecə saat 03:00-da Fərid Azayevi həbs ediblər. Guya oğlum bir qrup şəxslə əlbir olaraq Sevinc Məmmədova və Şəfəq Beydullayeva adlı şəxsləri oğurlayaraq onlara qarşı seksual xarakterli hərəkətlər edib. Bu tamamilə saxta ittihamdır. Mənim oğlum orda olmayıb. Bunun şahid ifadələri də təsdiq edir. Fəridin qardaşı Faiq 2014-cü ilin dekabr ayının 21-dən 22-sinə keçən gecə avtomobili idarə edərkən maşına könüllü olaraq iki qız mindirib. Bunu Həsənov Akif Abdulla oğlu və həyat yoldaşı Abdullayeva Kifayət Qasım qızı təsdiq edir. Akif Həsənov istintaqa ifadəsində deyib ki, həyat yoldaşı ürək xəstəsi olduğundan gecələr onunla gəzintiyə çıxır. Dekabrın 21-22-nə keçən gecə də həyat yoldaşı ilə gəzintiyə çıxıbmış. Həmin vaxt Faiqi görüb. Faiqi tanıyırmış. Ona görə də onunla hal-əhval tutub. Həmin vaxt görüb ki, iki qız şən əhval ruhiyyədə avtomobilə mindilər. Akif Həsənovun həyat yoldaşı da deyilənləri təsdiq edir.

Faiq həmin qızlarla yarım saat gəzəndən sonra gətirib qızları düşürüb. Qızlar ona “bizim vaxtımızı almısan pul ver? deyə pul tələb ediblər. Bunu Hüseynov Ramil Hüseyn oğlu və Əliyev Məhərrəm adlı şəxslər də görüb və ifadələrində təsdiq ediblər. Daha sonra qızlar ”pul vermədin gör indi başınıza nə oyun açağacıq" deyərək gediblər. Bütün bu ifadələr sübut edir ki, həmin gün avtomobili Fərid yox, Faiq idarə edib. Digər tərəfdən Faiqin əməlində hər hansı cinayət tərkibi yoxdur. Bu necə adam oğurlamaqdır ki, şəhərdə gəzdirib sonra qapısında düşürürsən? Digər tərəfdən oğurlanan adam niyə gülə-gülə, şən əhval-ruhiyyədə maşına minir ki?"

Isif Azayevin sözlərinə görə, bu qanunsuzluqları edən Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emzar Qocayev və onun havadarlarıdır: “Emzar Qocayev gürcüstanlıdır. Istintaqın rəisi Cəfər Cəfərov da onların yerliləridir. Eyni zamanda Fəridə şər atan Məmmədova Sevinc və Şəfəq Beydullayeva da gürcüstanlıdır. Ona görə də onlar birləşib məqsədli və sifariş əsasında oğluma belə bir tələ qurublar. Emzar müəllim bir neçə yerdə ağzından qaçırıb ki, bu qanunsuzluqları mənə həyata keçirməyə Bakı şəhər Prokurorunun müavini Azər Əsgərov və Cəfər Cəfərov göstəriş veriblər”.

Fərid Azayevin babasının sözlərinə görə isə zərərçəkənlərdən biri polisə ifadəsində yazıb ki, ona və digər zərərçəkənə Cavanşir Məmmədovun oğlu Ramil Məmmədovla qardaşı oğlu Indar Məmmədov təzyiq edib. Onlardan tələb olunub ki, Fərid Azayevin əleyhinə ifadə versinlər. Xanhüseyn Məmmədov qeyd edib ki, işi aparan müstəntiq Emzar Qocayev Cavanşir Məmmədovla həmyerlidir. O, həmçinin qeyd edib ki, Ramil Məmmədov Korrupsiyaya Qarşı Mübarizə Idarəsində müstəntiq, Indar Məmmədov isə 35-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir.

Xanhüseyn Məmmədovun dediklərilə bağlı DIN-nin də mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun cavabı belə oldu: “Azərbaycan hüquqi dövlətdir. Burada kimsə kiminsə həbsini təşkil etmir və edə bilməz. Hər kəs törətdiyi cinayətə görə məhkəmənin hökmü ilə layiqli cəzasını alır”.

P.S. Yazıda adıçəkilən digər şəxslərində mövqelərini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.