Artıq elə bir mərhələ yetişib ki, ehtimallar irəli sürməyə, proqnozlar verməyə ehtiyac qalmayıb. Çünki, Azərbaycandakı indiki və gələcək vəziyyəti dəqiq qiymətləndirmək mümkündür. Təkcə statistik rəqəmlərin müqayisəsi kifayət edir ki, ölkənin hansı sürətlə uçuruma getdiyini dərk edəsən.
Heç kimə sirr deyil ki, Azərbaycan hakimiyyəti uzun illər neft pulları hesabına çatışmazlıqları gizlədə bilib və süni inkişaf mənzərəsi yaradıb. Indi isə neft pulları ilə fironluq etmək dövrü arxada qalıb. Çünki, indi neftin bareli 140 dollar yox, 50 dollardı. Daha yırtıq-yamağı örtmək üçün “örtük” kifayət eləmir. Onu da qeyd edək orta aylıq əmək haqqının 457 manat olması da neft pullarının hesabına müəyyənləşib.
Azərbaycan vətəndaşının aldığı əməkhaqqı heç vaxt əlavə dəyər yaratmayıb. Vətəndaş ən zəruri ehtiyaclarını kredit hesabına ödəyib. Yəni, insanların avtomobil, mənzil, soyuducu, telefon alması qazandığı pul hesabına olmayıb. Uzun və ya qısa müddətli kredit borcunun altına girməklə insanlar zəruri ehtiyaclarını ödəyib. Məsələ burasındadır ki, indi əvvəlki imkanlar da tükənir və kütləvi yoxsullaşma prosesi gedir. Yəni, hakimiyyətin uzun illər boyu süni göl yaradıb və bunu dəniz kimi qələmə verib. Indi isə bu gölə “su” axmır və quruma baş verir.
2015-ci ilin I yarısında Azərbaycan bankları istehlak kreditinin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,6 faiz artırıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun aylarının yekunlarına həsr olunmuş hesabatında deyilir. Hesabata əsasən, istehlak kreditlərinin bankların kredit qoyuluşlarının ümumi həcmində payı 38,9 faiz və ya 7,88 milyard manat təşkil edib.
Müqayisə üçün deyək ki, ötən ilin yanvar-iyun aylarında istehlakçı kreditlərinin payı 40,7 faiz və ya 6,8 milyard manat təşkil edib.
Bankların ümumi kredit portfelində xüsusi çəkisinə görə, ikinci yerdə ticarət və xidmət sahəsi (14,2 faiz və ya 2,89 milyard manat), üçüncü yerdə tikinti və daşınmaz əmlak sektoru (13,8 faiz və ya 2,79 milyard manat) gəlir.
Hesabat dövründə Azərbaycan iqtisadiyyatının real sektorunun kreditləşməsinin ümumi həcminin 10,7 faizi və ya 2,17 milyard manatı sənaye və istehsal sahəsinə yönəldilib.
Bu dövrdə nəqliyyat və rabitə sahəsinin payına 4,4 faiz və ya 894,9 milyon manat, kənd təsərrüfatı və təkrar emal sahəsinə 4,6 faiz və ya 937,9 milyon manat, energetika, kimya və təbii resurslara 1,4 faiz və ya 280,2 milyon manat düşüb.ÿ
Göründüyü kimi əhali sürətlə borclanmaya gedir və bütün sahələrdə bu neqativ tendensiya müşahidə olunur. Ticarətlə məşğul olan da, daşınmaz əmlak alan da, təhsil haqqını ödəyən də banklardan asılı vəziyyətdə qalıb
Başqa bir məqam bundan ibarətdir ki, Azərbaycanı düşdüyü çətin vəziyyətdən kənd təsərrüfatının hesabına xilas etmək olar. Ekspertlər də hesab edir ki, kənd təsərrüfatının inkişafı həm əlavə dəyər yarada bilər, həm də iqtisadiyyatın şaxələnməsini təmin edər. Amma statistik rəqəmlər də göstərir ki, kənd təsərrüfatının kreditləşməsini ümumi həcmi 1 milyarda da çatmır.
Onu qeyd etmək yerinə düşər ki, Azərbaycanın neftsiz ixracatı 1.8 milyard təşkil edir. Gürcüstanda bu rəqəm 3 milyard, Ermənistanda isə 1.4 milyard təşkil edir. Aparılan yarıtmaz siyasət sayəsində böyük potensiala malik olan Azərbaycanın neftsiz ixracatı təxminən Ermənistanla eyniləşib.
Belə bir vəziyyətdə utanmadan inkişafdan, hakimiyyətin uğurlu siyasətindən söhbət açılır. Ölkəyə 10 il ərazində 100 milyardan artıq neft pulları daxil olsa da, 2.5 milyon vətəndaş kredit girovluğundadır.
Bir daha aydın olur ki, Azərbaycan hakimiyyəti iqtisadiyyatın real inkişafı üçün heç bir addım atmayıb. Ölkəni taleyi neftdən asılı vəziyyətə salınıb ki, bu da öz fəsadlarını verməkdədir.