Rusiya imkanı çatan bütün həmsərhəd regionlarda əsas rəqiblərinə və “şıltaq” qonşularına güc nümayiş etdirir; Moskva Azərbaycanda hərbi baza tikməyə hazırlaşır?..
Ötən həftənin nədənsə az diqqət çəkən, lakin kifayət qədər mühüm olaylarından biri də Xəzərdə Kremlin təşəbbüsü ilə Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi dəniz donanmaları gəmilərinin iştiraklı ilə keçirilən təlimlər oldu. Rəsmi məlumatlara görə, təlimlərdə məqsəd Xəzəryanı ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək idi.
Lakin aydındır ki, söhbət hansısa əməkdaşlıqdan yox, “əməkdaşlıq” adı altında şimal qonşumuzun növbəti dəfə akvatoriyada “əzələ nümayiş” etdirməsindən gedirdi. Kimə, yaxud kimlərə? Əlbəttə ki, ən əvvəl Rusiyanın hazırda gərgin münasibətlərdə olduğu Qərbə - ABŞ və NATO-ya, ardınca isə regionun “şıltaq” ölkələrinə və rejimlərinə. Çünki Rusiya ilə Qazaxıstan və Azərbaycanın, hətta İranın hərbi donanmalarının gücləri müqayisəyə belə gəlməz.
Xəbər verildiyi kimi, artıq rus hərbi gəmiləri Bakı sahillərini tərk edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiyanın Xəzər Dəniz Donanmasının “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb. Yada salaq ki, gəmilər Bakı sahillərinə avqustun 13-də yan almışdı.
***
Yerli siyasi ekspertlər də əmindirlər ki, sanksiyalar altında sıxılan Rusiya belə taktiki manevrlərlə əslində zəif durumda olmadığını, əksinə, Qərblə hərbi-siyasi rəqabət qabiliyyətini saxladığını nümayiş etdirməyə çalışır. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, bunu Kremlin son addımları bir daha sübut edir (axar.az): “Biri Xəzərdə başa çatan təlimlərdir. İkinci addım: Rusiyanın Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Çirkov deyib ki, bu ilin sonunadək Xəzəryanı dövlətlərin Hərbi Dəniz Donanması və Hərbi Dəniz Qüvvələri komandanları komitəsi yaratmaq barədə müzakirələr aparılacaq. Rusiya bu məqsədlə Azərbaycan, Qazaxıstan və İranla məsləhətləşmələrə 2015-ci ilin iyulundan başlayıb. Və üçüncü addım - Rusiya hərbi gəmiləri növbəti dəfə Bakıdakı limanda lövbər saldılar. Bunlar ”Mahaçqala" və “Volqodonsk” kiçik artilleriya hərbi gəmiləri və “Anatoloiy Qujvin” kiçik hidroqrafik gəmisi idi".
Politoloq hesab edir ki, Rusiya hərbi gəmilərinin tez-tez Bakı dəniz limanına gəlməsi siyasi mesaj xarakteri daşıyır: “Bu dəfə hidroqrafik gəminin Azərbaycana gəlməsi sual doğurur. Çünki hidroqrafik gəmilər adətən kəşfiyyatla məşğuldur”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya bu addımlarını Xəzərsahili ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə atdığını bəyan edir: “Əslində isə Kremlin iki məqsədi var: birincisi, bununla ABŞ-a mesaj göndərir ki, Pentaqon Xəzər hövzəsində hərbi fəallıq haqqında düşünməsin, burada Rusiyanın hərbi hegemonluğunu qəbul etsin. İkinci məqsəd isə odur ki, əməkdaşlıq etdiyi Xəzərsahili ölkələrin özləri Qərbin hərbi strukturları ilə əməkdaşlıqdan çəkinsinlər”.
Təhlilçi rəsmi Bakının Rusiyadan silah aldığını, Xəzərdə birgə hərbi təlimlərdə iştirak etdiyini, bununla belə, Rusiyanın müdafiə sistemindən ehtiyat etdiyini bildirir: “Çünki Rusiya Azərbaycan torpaqlarını işğal edən Ermənistana silah verməkdə davam edir. Bu məqsədlə hətta İrəvana 200 milyon dollar kredit verib. Rusiya ordusu Cənubi Osetiya üzərindən Bakı-Supsa neft kəmərinin bir hissəsi üzərində nəzarəti də ələ keçirib. Bu da Bakıya mesajdır. Digər tərəfdən, Rusiya Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan üzərindən Avropaya daşınmasını da əngəlləyir. Bu isə Türkmənistan və Azərbaycanın maraqlarına cavab vermir. Bu səbəblərə görə də regional təhlükəsizlik və boru xətlərinin qorunması məsələsində Azərbaycan ABŞ və NATO ilə əməkdaşlığa üstünlük vermək məcburiyyətindədir”.
***
Yəni daha bir (üçüncü) ciddi mesaj Xəzərin karbohidrogen ehtiyatlarının gələcək istismarı ilə bağlıdır. Təsadüfi deyil ki, az öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi TANAP-ı nəzərdə tutaraq birbaşa Bakı və Aşqabada ünvanlı, şantaj mahiyyətli belə bir açıqlama vermişdi ki, transxəzər qaz kəmərinin inşası mütləq digər sahilyanı dövlətlərlə də razılaşdırılmalıdır. Bu, isə faktiki surətdə elə Moskvadan icazə istəmək anlamına gəlir.
Beləcə, Kreml öz “qaz qonşuları”nı həm təhdid edir, hədələyir, həm də guya onlarla əməkdaşlığa can atır. Həm Azərbaycana, həm də işğalçı Ermənistana silah verir, ancaq eyni zamanda onları müharibədən çəkinməyə çağırır, təki ikisinin də Moskvadan asılılığı zəifləməsin. Paralel olaraq, o, Güney Qafqazın üç ölkəsində daxili durumu nəzarətdə saxlamağa, özünün bu ölkələrdəki “5-ci kolon”çularını fəallaşdırmağa səy edir.
Bu, elə “qamçı və kökə” siyasətinin davamıdır ki, var. Ancaq müşahidələr göstərir ki, bir azdan Kreml “kökə”yə də lüzum duymayacaq. Təhlükəlisi həm də budur. Çünki özünün də bir azdan “kökəyə” ehtiyacı yaranacaq. Ayrı sözlə, günün birində Kremlin sırf hərbi ritorikaya keçəcəyi istisna edilməməlidir.
***
Maraqlıdır ki, bu arada Rusiyanın tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşdığı barədə sensasiyalı məlumat yayılıb. Virtualaz.org-un xəbərinə görə, məlumatı Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı yayıb. Telekanal bildirir ki, hazırda Rusiya istənilən hava hücumundan müdafiə olunmağa imkan verən “qalxana” malikdir. “Nebo-U” və “Voronej-DM” radiolokasiya stansiyaları, habelə Avropada raketdən müdafiə sisteminin qorxulu yuxusu olan S-400 “Triumf” zenit-raket kompleksləri bu qalxanın-Rusiyanın Hava Hücumundan Müdafiə qoşunlarının zərbə gücünü təşkil edir.
Telekanal daha sonra bildirir: "“Voronej” stansiyalarının yenilərinin quraşdırılması davam edir. Özü də təkcə Rusiyada yox. Planlaşdırılır ki, 2017-ci ildə Azərbaycanda Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzində “Voronej-DM” tipli yeni RLS-in tikintisi başlayacaq. Yeni stansiya müstəsna olaraq Rusiyanın tabeçiliyində olacaq və bu da imkan verəcək ki, Armavirdəki RLS-in “əlinin çatmadığı” sahələr də izlənilsin".
Xatırladaq ki, “Daryal” tipli Qəbələ RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. Bununla da Azərbaycanda Rusiyanın sonuncu hərbi obyekti də bağlanmış oldu və Rusiyanın ölkəmizdə hərbi iştirakı sona çatdı. Çatdımı?
***
Qeyd edək ki, hələlik nə rəsmi Bakı, nə də Müdafiə Nazirliyi məsələyə reaksiya verməyib. Belə bir niyyət varsa, onun nəyin qarşılığında reallaşacağına aydınlıq gətirilməyib. İstənilən halda bir daha aydın olur ki, Rusiya öz periferiyası boyu, ələlxüsus da strateji əhəmiyyətli Xəzər hövzəsi və Güney Qafqazda hərbi cəhətdən möhkəmlənmək, hətta yeri gələndə bundan ötrü bağlanan hərbi bazalarını təzədən açmaq və ötən saylarımızın birində qeyd elədiyimiz kimi, bölgəyə hərblə qayıtmaq planlarından əl çəkməyib. Şübhə yox ki, Kreml bu məqsədlərə çatmaq üçün bütün ənənəvi və sınanmış vasitələrin arsenalından istifadə edəcək.
Siyasət şöbəsi /musavat.com/