Əli Əhmədov Siyavuş Novruzovu oyundankənar vəziyyətə salıb; YAP-ın icra katibi oliqarxlara da əzələ nümayiş etdirdi

19-08-2015, 07:28   
Əli Əhmədov Siyavuş Novruzovu oyundankənar vəziyyətə salıb; YAP-ın icra katibi oliqarxlara da əzələ nümayiş etdirdi

YAP-ın mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin hakim partiyanın icra katibi, baş nazirin müavini Əli Əhmədovu boykot etməsi barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, “Yeni Azərbaycan” qəzeti Əli Əhmədovun YAP-ın Bakı rayonları, həmçinin Sumqayıt və Abşeron rayonlarının yerli təşkilatlarının nümayəndələri ilə keçirdiyi görüş barədə bir cümlə belə yazmayıb.

Maraqlıdır ki, bu məlumatdan sonra “Yeni Azərbaycan”ın yadına həmin tədbir düşüb və qəzetin dünənki sayında Əli Əhmədovun görüşü barədə yığcam xəbər dərc edilib. Görünür, hakimiyyət YAP-dakı gərginliyin bu qədər çılpaqlığı ilə biruzə verilməsini istəmirlər. Lakin hakim partiyada gərginlik var və günü-gündən vəziyyət daha da kritik xarakter alır. YAP-ın sözçüləri hakim partiyada Paşayevlərlə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nüfuz savaşını pərdələməyə çalışsa da, mümkün olmur. Məsələn, seçkilə bağlı keçirilən görüşlərdən aydın görünür ki, YPP-da ikitirəlik var. Görüşlərdə əsasən Əli Əhmədov və dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı iştirak edir. Həm Əli Əhmədov, həm də Mübariz Qurbanlı məmurdur. Lakin hansısa səbəbdən onlar vəzifələrini unudub YAP-da görüşlər keçirməklə məşğuldur. Halbuki bu görüşləri YAP icra katibinin müavini Siyavuş Novruzov keçirə bilər. Bunun üçün onu vaxtı kifayət qədərdir. Lakin Siyavuş Novruzov Ramiz Mehdiyevə yaxın şəxs sayıldığı üçün oyundankənar vəziyyətə salınıb. Ona yalnız quru açıqlamalar vermək hüququ tanınıb. Mümkündür ki, bir qədər sonra Siyavuş Novruzovun açıqlama vermək hüququ da əlindən alınsın.

Digər maraqlı məqam isə Əli Əhmədovun Qəbələ və Qubada görüşlər keçirməsidir. Rayonlar arasında ilk olaraq Qəbələ və Qubanın seçilməsi təsadüfi deyil. Qəbələ fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Quba isə nəqliyyat naziri Ziya Məmmədovun nəzarətindədir. Parlament seçkiləri ilə bağlı hakimiyyətin üzləşdiyi problem isə təkcə YAP-da iddiaların çox olması ilə bağlı deyil. Həm də Kəmaləddin Heydərovla Ziya Məmmədov kimi oliqarxların bu dəfəki seçkilərdə daha çox yer qazanmaq iddiasında olmaları ilə bağlıdır. Qəbələ və Qubada keçirilən görüş bu oliqarxlara bir növ mesajdır. Yəni, bu rayonlardan da namizədliyini irəli sürəcək şəxslər YAP tərəfindən müəyyənləşməlidir. Ən pis halda YAP-ın xeyir-duası alınmalıdır.

Parlament seçkilərilə bağlı əldə etdiyimiz maraqlı məlumatlardan biri də nurçularla əlaqədə ittiham olunan deputatlarla bağlıdır. Məlumatda bildirilir ki, bu dəfə adı “nurçu qalamaqalı”nda keçən deputatlara mandat verilməyəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.