«Stratfor» Mərkəzi: «Qafqazda tezliklə mühüm dəyişikliklər baş verəcək»
Hikmət Hacızadə: «Rusiyanın Azərbaycanda hərbi baza yaratmaq niyyəti təhlükəsizlik tədbirləridir»
“Stratfor” Mərkəzi bir neçə il əvvəl Qafqazdakı geostrategiyanın maraqlı detallarını açıqlayıb. Mərkəzin açıqlamalarının fonunda Rusiyanın Azərbaycanda yeni hərbi baza yaratmaq istəyi aydın görünür.
“Stratfor” qeyd edir ki, Ukraynada münaqişənin gərginləşdiyi bir məqamda Rusiya-Qərb qarşıdurması keçmiş sovet periferiyasında da güclənməkdədir. Mərkəz maraqlı məlumatla bölüşüb. Belə ki, bir neçə gün əvvəl Gürcüstanın müdafiə naziri Tina Xidaşeli Pentaqonda ABŞ müdafiə naziri Eşton Karterlə görüşüb. Görüşdə avqustun sonuna yaxın Gürcüstanda NATO təlim mərkəzinin açılması razılaşdırılıb. Məhz bu görüşdən bir gün öncə məlumatlar yayılıb ki, Rusiya 2017-ci ildə Azərbaycanda yeni hərbi baza tikməyi planlaşdırır.
“Stratfor”a görə, bütün bunlar Qafqazda tezliklə mühüm dəyişikliklərin baş verəcəyini göstərir.
Yazıda o da vurğulanır ki, Qərb Rusiyaya çox əl-ayaq açmağa imkan verməz. Ukraynada Avromaydan hadisələrini dəstəkləyib, Rusiyanın Krımı ilhaqından sonra Mərkəzi və Şərqi Avropada hərbi iştirakını artırıb, keçmiş sovet məkanında bir sıra ölkələrlə təhlükəsizlik əməkdaşlığını genişləndirib.
Politoloq Hikmət Hacızadə hesab edir ki, Azərbaycanda Rusiya bazasının yaradılması ilə bağlı məlumatlar çoxalırsa, deməli, bu istiqamətdə nəsə var. “Stratfor”un araşdırmasının və bəzi reallıqları ortaya qoymasının təsadüfi olmadığını deyən H.Hacızadənin fikrincə, baş verənlər onu deməyə əsas verir ki, ən azı danışıqlar prosesi gedir: “Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Azərbaycanda hərbi baza yaratmaq niyyəti hələ 4-5 il çəkəcək. Bu müddət isə Rusiyanın hazırkı rejimi üçün uzun tarixdir. Hələ bilinmir Rusiya hakimiyyəti üzləşdiyi beynəlxalq təzyiqlərə bu qədər müddət davam gətirəcək, yoxsa yox. Amma yəqin ki, Rusiyanın bu planlarının müqabilində Azərbaycan Qarabağı istəyəcək. Belə bir oyun gedir”.
Rusiyanın Azərbaycanda hərbi baza yaratmaq niyyətinin hansı səbəblərdən qaynaqlandığına gəlincə, H.Hacızadə vurğuladı ki, bu, Rusiyanın təhlükəsizlik tədbirləridir: “Kremlə görə, Rusiyanın tutduğu ərazilərə NATO raketləri gəlməyəcək. Amma bu çıxış yolu deyil”.
Azərbaycanın geosiyasi mövqeyinin əlverişli olduğunu deyən H.Hacızadə bildirdi ki, Rusiyanın məqsədi regionda daha da möhkəmlənməkdir.