Generalın oğlunu kim buraxdırdı: Şeyx, yoxsa atası?

21-08-2015, 08:42   


Tamerlan Əsədullayevin adam bıçaqladığına görə, 3 il şərti cəza almasının xahiş əsasında olduğu deyilir

Xəbər verildiyi kimi, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

JAM.AZ xəbər verir ki, Əsədullayevə 3 il şərti cəza təyin olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, T.Əsədullayev Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı “Senator” restoranında dava-dalaş salmaqda və həmin insident zamanı bir nəfəri bıçaqlamaqda ittiham olunurdu. Həmin qanlı dava aprelin 10-da bir neçə nəfərin iştirakı ilə baş vermiş, bu zaman bir nəfər bıçaqlanmışdı. Davanın iştirakçılarından biri general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev idi. O, hadisə yerindən qaçıb gizlənmiş, dava ilə bağlı Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsində təhqiqat başlanmışdı.

Onu da bildirək ki, bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyildi. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi. Belə ki, Bakıda, “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən post patrul polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər. Lakin generalın oğlu onlara tabe olmamış, polisləri söymüş və onları vuraraq hadisə yerindən uzaqlaşmışdı. Daha sonra yenidən geri qayıdan Tamerlan Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir etmişdi.

Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalmış və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa 27-ci polis bölməsinə aparmışdılar.

Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəmiş və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə, döyməyə başlamışdı.

Mətbuat yazmışdı ki, bu zaman döyülən polislərdən biri ağır xəsarət alıb. Hadisə ilə bağlı araşdırma başladılsa da iki gün sonra dayandırılıb.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Tamerlan Əsədullayevin azadlığa çıxmasında elə atası yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin də rolu olub. Belə ki, Paşazadə bacısı oğlunun həbsdə qalmasına razı olmayaraq, bununla bağlı müvafiq orqanlardan xahiş edib və təbii ki, onun sözünü yerə salmayıblar.

Bir başqa məlumata görə, general Əsədullayev də oğlunun azad olunması üçün lazımi adamlardan xahiş edib. Amma onun 4 ay həbsdə saxlanılması üçün xahişini də özü edibmiş. İddialara görə, general Əsədullayev bu addımı ona görə atıb ki, özünü sığortalaya bilsin. Çünki bu olaya qədər generalın başqa məsələlərlə də bağlı ciddi problemi var idi və onların həll edilməsi üçün çalışırdı.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.