Türk ordusu türkmənlərlə Suriyaya girdi

21-08-2015, 21:45   

«Independent»: «Bu addım kürdlərlə etnik qarşıdurmanı təhlükəli nöqtəyə gətirə bilər»

Britaniyanın «Independent» qəzetinin yazdığına görə, Türkiyə Suriyada azad zonanın yaradılması istiqamətində ilk addımlarını atmağa başlayıb. Bu addımlardan biri türkmənlərin Türkiyə-Suriya sərhədində yerləşən Azez şəhəri ətrafına yerləşdirilməsi və onların Suriyaya girişinin təmin edilməsidir.
Məqalə müəllifi yazır ki, Türkiyə ordusu türkmən döyüşçüləri zirehli avtomobillərlə müşayiət edərək Bab Əl Salam üzərindən Azezə gətirib. Və bu şəhərdə türkmənlərə düşərgə qurmağa kömək edib: «Bab Əl Salam Kilisdəki Öncüpınar sərhəd qapısının Suriya hissəsində yerləşir. Türkmən qüvvələrin bölgəyə yerləşdirilməsi Suriyadakı dörd il yarımlıq daxili savaş dövründə ilk bu tip müdaxilədir. Türkiyənin bu addımı kürdlərlə etnik qarşıdurmanı təhlükəli nöqtəyə gətirə bilər. Türkmən liderlər minlərlə türkmənin Suriyanın şimalındakı evlərindən kürd döyüşçülər tərəfindən zorla çıxarıldığını deyirlər. Həmçinin onlardan bəzilərinin İŞİD-in nəzarətindəki bölgələrə getmək məcburiyyətində qaldığını da bildirirlər».
«Independent» yerli şuranın keçmiş üzvlərindən Əhməd Əl-Hacın fikirlərinə də öyrənib: «Ötən ay Rakkanın şimalında yüksək rütbəli bir hərbiçi türkmənlərə bildirmişdi ki, çıxıb getməsəniz, evlərinizin və məktəblərinizin koordinatlarını İŞİD əleyhinə yaradılmış koalisiya qüvvələrinə verəcəyik. Təhdidlər işə yaradı və insanlar evlərini tərk edib getdilər. Türkmənlər deyirlər ki, iyunun sonlarından başlayaraq 5 min insanı Hammam Türkmən Səməlli bölgəsindən çıxarıblar. Ona yaxın ərazilərdə də 8 min türkmən evini tərk etməyə məcbur qalıb. İddialara görə onlar Rakkaya tərəf yollanıblar».
Müəllifin qənaətinə görə, türkmənlər azad zona ideyasını dəstəkləyirlər. Məsələn, Suriya Türkmən Parlamentinin başqanı Əbdürrəhman Mustafa bunu çox önəmli fürsət adlandırıb. O bildirir ki, təhlükəsizlik bölgəsinin yaradılması üçün iki ildir çağırış edirlər. Dediyinə görə, bu addım vaxtında atılsaydı, insanlar Suriya lideri Bəşər Əsədin bombaları altında ölməzdilər. Üstəlik İŞİD və YPG kimi, terror təşkilatları gündəmdə olmazdı.
Türkiyənin qeyri-sabit Suriya siyasətinə toxunan qəzet britaniyalı diplomatın fikirlərinə də yer ayırıb: «İŞİD-ə qarşı mübarizədə türklərin dəstəyi çox vacib idi. Türkiyənin bunun qarşılığında tələb etdiyi də kürdlərə qarşı əməliyyatlar oldu. PKK-nın hücumları oda benzin tökür».
Diplomat hesab edir ki, türkmənlərin Azez bölgəsinə göndərilməsi etnik müstəvidə gərgin olan vəziyyəti yumşalda bilməyəcək.
Gültəkin
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.