Türkiyədə müvəqqəti hökumət «şoku»

27-08-2015, 07:07   


MHP-çi deputat partiya qərarına qarşı çıxaraq Davudoğluna «hə» dedi

Seçim hökumətinin ilk nazirləri və baş nazirin müavini bəlli oldu

Seçim hökumətini qurmaq vəzifəsini prezident Rəcəb Tayyib Ərdoğandan təhvil alan Türkiyə baş naziri Əhməd Davudoğlu dünən qaydaya uyğun olaraq CHP-dən 5, MHP və HDP-dən ayrı-ayrılıqda 3 deputata nazir postunu təklif etdi. Baş nazirin siyahısındakı şəxslər bunlar idi: CHP-dən - Ərdoğan Toprak, Gülsün Toke, Ilhan Kesici, Dəniz Baykal, Tekin Bingöl; MHP-dən Əhməd Tanrıqulu, Tuğrul Türkeş, Meral Akşenər, HDP-dən Müslüm Doğan, Levent Tüzel, Əli Heydər Konca.

Bu deputatların təklifə cavab vermək üçün 24 saat vaxtları var idi. CHP və MHP seçim hökumətində təmsil olunmayacağını əvvəlcədən açıqlasa da, Davudoğlu elan etdi ki, cavabdan asılı olmayaraq bu təklifi etmək qanunun tələbidir.

Seçim hökumətini qurmaq üçün Davudoğlunun 5 gün vaxtı var. CHP və MHP-dən olan deputatlardan rədd cavabı gələcəyi təqdirdə, boş qalan yerlərə tərəfsizlər arasından nazirlər seçiləcək. Bu o deməkdir ki, seçim hökumətini yalnız iki partiyadan - AKP və HDP-dən olan nazirlər idarə edcək. Ümumilikdə 26 nazirdən ibarət olacaq yeni hökumətdə AKP 11, HDP 3 nazirlə təmsil olunacaq. Üç nazir (ədalət, nəqliyyat və daxili işlər naziri) Konstitusiyanın tələbinə uyğun olaraq müstəqillərdən seçiləcək.

“Satılmayacağımı bilirdilər”


Davudoğlunun məlum təklifindən çox keçməmiş qarşı tərəfdən cavablar gəlməyə başladı. Deputatların təklifi düşünmək üçün bir gün vaxtları olsa da, onlardan bir çoxu gözləməyə ehtiyac duymadı.

Baş nazirin təklifinə ilk cavabı MHP-çi deputat Meral Akşenər verdi. Akşenər Davudoğlunun təklifini rədd etdiyini açıqladı. O, hələ bir neçə gün əvvəl bildirmişdi ki, AKP ona bu təklifi etməyə cəsarət etməyəcək. Çünki onu satın ala bilməyəcəklərini yaxşı bilirlər.

MHP-nin digər deputatı Kənan Tanrıqulu da Davudoğluna rədd cavabı verdi.

CHP-nin keçmiş sədri Dəniz Baykal “partiya əxlaqına uyğun addım atacam” deməklə təklifdən imtina etdiyinə işarə vurdu.

CHP sədrinin müavini Ərdoğan Toprak da təklifə rədd cavabı verərək partiyasının prinsiplərinə sadiq olduğunu bəyan etdi.

CHP-çi deputat Ilhan Kesici də partiyanın qərarına uyğun addım atacağını deməklə təklifə rədd cavabı verdiyini göstərdi.

CHP-nin digər deputatı Tekin Bingöl də təklifdən imtina etdi.

Ə.Toprak və T.Bingöl imtinalarının səbəbi ilə bağlı yazılı açıqlama da yaydılar: “Demokratiya tariximizdə ilk dəfə olaraq seçki sonrası hökumət qurulmadığı üçün heç bir iqtidara sahib olmayan müvəqqəti hökumət qurulacaq. 60 gün ərzində birilərinin siyasi ehtiraslarına xidmət edəcək iqtidarın bir parçası olmaq istəmirik. Biz hər şeydən əvvəl Türkiyəni düşünüb millətə xidmət edirik. Ona görə də heç bir məsuliyyəti olmayan, heç bir vəzifəni yerinə yetirməyən müvəqqəti hökumətdə CHP-nin təmsil olunmasını istəmirik”.

3 nazirlik HDP-yə verildi

Davudoğlunun təklifinə ilk müsbət cavab HDP-dən gəldi. Və bununla da Türkiyədə noyabrın 1-nə - erkən seçkiyə qədər fəaliyyət göstərəcək müvəqqəti seçim hökumətinin ilk nazirləri bəlli oldu. Bunlar HDP-dən olan millət vəkilləri - Müslüm Doğan, Levent Tüzel və Əli Heydər Koncadır. Hər 3 deputat baş nazirin təklifini qəbul etməklə nazir postuna sahiblənmiş oldu.

Müxalifətçi deputatdan gözlənilməz qərar

Günün ən gözlənilməz addımı isə MHP-çi deputat Tuğrul Türkeşdən gəldi. Türkeş bəyan etdi ki, baş nazir Əhməd Davudoğlunun seçim hökumətində təmsil olunmağa razıdır. O, bu addımı ilə Davudoğlunun təklifini qəbul edən ilk müxalifətçi oldu və qərarı Türkiyə ictimaiyyətində şok effekti yaratdı. Ona qədər HDP-çilərdən başqa yeni hökumətdə təmsil olunmağa heç bir deputat razılıq verməmişdi. Davudoğlu isə bu qərarına görə Tuğrul Türkeşə təşəkkür etdi. Qeyd edək ki, T.Türkeş MHP-nin qurucusu AlparslanÿTürkeşin böyük oğludur.

T.Türkeşin hökumətin təklifini qəbul etməsi MHP-də ciddi narazılığa səbəb oldu. MHP sədrinin müavini Semih Yalçın Türkeşi ən qısa zamanda istefa verməyə çağırdı: “Partiyaya istefa məktubunu göndərsin. Əks halda, MHP-dən uzaqlaşdırılacaq”. Istefa çağırışına qarşı tərəfdən heç bir reaksiya gəlməməsi MHP-ni hərəkətə keçirdi. Türkeşin partiyadan çıxarılması üçün MHP-nin Intizam Komissiyasına müraciət olundu.

MHP seçim hökumətində təmsil olunmayacağını əvvəldən bəyan etmişdi. Türkeşin partiyanın bu qərarına qarşı çıxması MHP-ni olduqca pis vəziyyətə saldı.

Dünən o da bəlli oldu ki, Tuğrul Türkeşə baş nazirin müavini vəzifəsi veriləcək.

Tuğrul Türkeşin gündəmə bomba kimi düşən məlum addımı dünən gün ərzində sosial şəbəkələrdə də geniş müzakirə olundu. Bir çox istifadəçi T.Türkeşin vaxtilə AKP və Ərdoğan əleyhinə səsləndirdiyi fikirləri paylaşdı.

Baxçalıdan reaksiya

Günün sonunda isə MHP sədri Dövlət Baxçalının məsələyə münasibəti bəlli oldu. Baxçalı açıqlamasında Türkeşi dolayı yolla xəyanətdə günahlandırdı: “Tarix xəyanəti də, sədaqəti də gələcəyin hafizəsinə həkk edir. Tarix sürprizlərlə doludur. Kimisinə gülərək yol açar, kimisinə pis üzünü göstərib yolunu bağlayar. Qazandığını zənn edib əslində məğlub olanlar tarixin bu pis üzünü görərlər. Vətən bizim üçün həm tarixdir, həm də alın yazısıdır. Vətən ancaq layiqli könüllərdə namus timsalı olar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.