AKP ilə MHP-çi deputat arasında hökumət sövdələşməsi

28-08-2015, 03:36   

Tuğrul Türkeşin 1 milyon borcunun olduğu və Ərdoğanla gizli anlaşdığı bildirilir

HDP-çilərdən biri qərarını dəyişdi, Davudoğluna «yox» dedi

Türkiyəni noyabrın 1-dək idarə edəcək müvəqqəti hökumətin qurulması üçün son üç gün qalıb. Seçim hökumətini formalaşdırmaq vəzifəsini üzərinə götürən baş nazir Əhməd Davudoğlu bu günlər ərzində Nazirlər Kabinetinin yeni tərkibini müəyyən etməlidir. Davudoğlu avqustun 26-da CHP-dən 5 (Ərdoğan Toprak, Gülsün Toke, İlhan Kesici, Dəniz Baykal, Tekin Bingöl), MHP-dən 3 (Əhməd Tanrıqulu, Tuğrul Türkeş, Meral Akşenər), HDP-dən də 3 (Müslüm Doğan, Levent Tüzel, Əli Heydər Konca) deputata nazir postunu təklif edib.
Bu deputatlardan 6-sı - Ərdoğan Toprak, İlhan Kesici, Dəniz Baykal, Tekin Bingöl, Əhməd Tanrıqulu, Meral Akşenər təklifə dərhal rədd cavabı verərək seçim hökumətində təmsil olunmayacaqlarını bildiriblər.

«AKP-nin qurduğu hökumət xalqa heç nə verə bilməz»

HDP-çi deputatlar isə tam tərkibdə təklifə razılıq versələr də, dünən onlardan biri – Levent Tüzel yeni hökumətdə təmsil olunmaq istəmədiyini açıqlayıb. Tüzel seçim hökumətini «savaş hökuməti» adlandıraraq onun tərkibində yer almaq istəmədiyini deyib: «Bu hökumətdə təmsil olunmağı doğru saymıram. Bunu baş nazirə də çatdıracam. Kifayət qədər vaxt olduğu halda AKP ikinci bir partiyaya hökuməti qurmaq vəzifəsini vermədi. Bu vəzifənin yenidən Əhməd Davudoğluna həvalə olunması AKP-nin ənənəvi siyasətinin tərkib hissəsidir. Bu hökumətin də formalaşdırılması 13 illik AKP siyasətinə uyğun olaraq antidemokratik şəkildə həyata keçirilir. Nazir postunu tutacaq adamları partiyaların özlərinin müəyyənləşdirməsinə belə, imkan vermədilər. Daxildə və xaricdə savaş hökuməti quran Ərdoğanın və AKP-nin quracağı iqtidar Türkiyədəki insanlara heç nə verə bilməz. Bu da əvvəlkilər kimi azadlıqlara və xalqa qarşı basqı hökuməti olacaq».
Davudoğlunun təklifini qəbul edən yeganə müxalifətçi deputat - MHP-çi Tuğrul Türkeşlə bağlı iradlar isə dünən də səngiməyib. Xatırladaq ki, Türkeş MHP-nin qərarının əksinə gedərək seçim hökumətində təmsil olunmağa razılıq verib. MHP bu hökumətdə təmsil olunmayacağını əvvəldən bəyan etmişdi. Və Türkeşin partiyanın bu qərarına qarşı çıxması MHP-ni olduqca pis vəziyyətə saldı. Məsələ ictimailəşəndən dərhal sonra Türkeşin partiyadan çıxarılması üçün MHP-nin İntizam Komissiyasına müraciət olundu.
MHP-nin qurucusu Alparslan Türkeşin böyük oğlu olan T.Türkeşin bu addımını partiyanın sədri Dövlət Baxçalı da sərt tənqid edib. Baxçalı «Alparslan Türkeşin sümükləri sızlayır» deyərək oğul Türkeşi MHP prinsiplərinə xəyanət etməkdə günahlandırıb.

1 milyonluq borc, 400 minlik avtomobil...

Gündəmi ələ alan Tuğrul Türkeşlə bağlı dünən Türkiyə mətbuatında sensasion iddialar səsləndirilib. Bu iddialara görə, Türkeş AKP hökuməti ilə əvvəlcədən sövdələşibmiş: «MHP sıralarında gəzən söhbətlərə görə, Tuğrul Türkeşin 1 milyon lirə borcu var. Buna baxmayaraq, Türkeşin oğluna 400 min lirə dəyərində «Jeep» markalı avtomobil aldığı iddia olunur. Başqa bir iddiaya görə, CHP-nin keçmiş sədri Dəniz Baykaldan sonra Tuğrul Türkeş də prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. İndi MHP-də ən çox bu suallara cavab axtarırlar – Türkeşin 1 milyon lirə borcunun olduğu doğrudurmu? Ərdoğanla görüşündə ona nə vəd edilib? Oğluna 400 min lirə dəyərində avtomobil alıbmı? Borcu həqiqətən varsa, bu avtomobili necə alıb?».
Mətbuatın yazdığına görə, Ərdoğanla Türkeşin görüşü gizli şəraitdə, MHP başqanından xəbərsiz keçib. Sonradan bundan xəbər tutuan Dövlət Baxçalı isə əvvəlcə MHP-dən xəbərsiz görüş keçirən o ismi axtardığını və müəyyən edən kimi tədbir görəcəyini bildirmişdi. Həmin vaxt adının bu məsələdə hallandırılmasına etiraz edən Türkeş isə Ərdoğanla görüş keçirməsi barədə xəbərləri yalanlamışdı. Lakin iddialara görə, MHP-də Türkeşin şəxsi avtomobili ilə axşam saatlarında Ərdoğanın olduğu iqamətgaha girdiyi ilə bağlı videogörüntü var. Bu görüntülər hələ ki ictimaiyyətə təqdim olunmur. O da bildirilir ki, Baxçalı MHP-nin deputat sayının 79-a düşərək azalmasını və HDP-dən geri qalmasını istəmədiyi üçün bu xoşagəlməz olayı ictimailəşdirməyib və Türkeşi partiyadan xaric etməyib. Baxçalının qarşısını kəsən məqamlardan biri də T.Türkeşin MHP qurucusunun övladı olması olub. Davudoğlunun təklifini qəbul edəndən sonra isə Baxçalı Türkeşin partiya sıralarından uzaqlaşdırılmasına rahat şəkildə qərar verib.

«Yazıqlar olsun!»

Türkeşə tək partiyasından yox, ictimaiyyətdən də kəskin etirazlar gəlməkdə davam edən. Məlum xəbər yayılandan bəri sosial şəbəkələrdə günün əsas qəhrəmanına çevrilən Tuğrul Türkeş istifadəçilər tərəfindən sərt tənqidlərə məruz qalır.
Dünən isə vətəndaşlardan biri Türkeşə Əhməd Davudoğlu ilə görüşdən çıxandan sonra etiraz edib. Adəm Durkut adlı bu şəxs Türkeşə «yazıqlar olsun!» deyərək məlum qərarına görə onu qınayıb: «Mən Alparslan Türkeşin mənəvi oğluyam. Oğluma da Türkeşin adını vermişəm. Hər gün Türkeşin məzarını ziyarət edirəm. Türkeşin övladlarının bizə əmanət olduğunu düşünürdüm. Bu olaydan sonra çox məyus oldum. Lənət oxuyuram».
Onu da qeyd edək ki, iddialara görə, AKP hökuməti Türkeşə baş nazirin müavini vəzifəsini verməyi planlaşdırıb.
Gültəkin
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.