NATO-nun Gürcüstanda açılan təlim mərkəzi Azərbaycan ordusunun da gücləndirilməsinə kömək edəcək; Putinin bölgədə Qərbə atdığı “əlcəyi”, Qərb nəhayət, götürdü
NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana böyük əhəmiyyət verilən səfəri baş tutdu. Gözlənildiyi kimi, iki günlük səfər çərçivəsində baş katib Gürcüstanın siyasi-hərbi rəhbərliyinə daxil olan şəxslərlə, NATO-nun çevik qüvvələri üçün hazırlanan rotanın zabit və əsgər heyəti ilə görüşdü, ən önəmlisi, qonşu ölkədə alyansın ortaq təlim mərkəzinin açılmasında iştirak elədi. Səfər zamanı həmçinin Gürcüstanın NATO-ya üzvlük perspektivi və regional təhlükəsizlik məsələləri müzakirə olundu.
Stoltenberqin Tiflis ziyarəti, şübhəsiz, bir neçə mühüm aspektdən və onların mümkün nəticələri baxımından diqqət çəkir. Əvvəla, bu, NATO rəhbərinin Gürcüstana, deməli, həm də strateji əhəmiyyətli Cənubi Qafqaz bölgəsinə SSRİ dağılandan sonra ilk səfəri idi. İkincisi, bölgədə ilk dəfə olaraq alyansın təlim mərkəzi açıldı ki, bu da alyansın Rusiya sərhədlərinə doğru irəliləmək niyyətinin ciddiliyini nümayiş etdirdi - hansı məsələ ki, Kremli daim bərk qıcıqlandırıb və narahat edib.
Alyans baş katibinin səfəri, üstəlik, Rusiya-Qərb (NATO) münasibətlərinin kifayət qədər gərgin, hətta bir sıra analitiklərə görə, müharibə qoxusu verən qarşılıqlı münasibətləri dövrünə təsadüf edirdi. Sirr deyil ki, Moskva bu səfərin baş tutmaması üçün əlindən gələni etdi, bir sıra önləyici, təhdid xarakterli addımlara getdi, Abxaziya və Cənubi Osetiyada, Ermənistanda özünün hərbi mövcudluğunu artırmaqla yanaşı, seriya hərbi təlimlər keçirdi və keçirməkdə davam edir, Bakı-Supsa neft kəmərinin bir hissəsini ələ keçirdi, hazırda isə birtərəfli qaydada Abxaziya dəmiryolunu təmir edib işə salacağı ilə Tiflisi şantaj eləməkdədir.
Kremlin son “preventiv” addımları Rusiya prezidenti Vladimir Putinin 2013-cü ilin dekabrında Ermənistana səfəri zamanı Rusiya bazasının yerləşdiyi Gümrüdən (Putinin Ermənistan səfəri məhz bu şəhərdən başlamışdı!) verdiyi bir bəyanatı yada salır. Putin demişdi ki, “Rusiya Güney Qafqazda həmişəlik qalacaq”.
Belə bir bəyanat sözsüz ki, öncəliklə ABŞ-a, NATO-ya ünvanlanmışdı və Qərbə faktiki “əlçək atmaq” mənasına gəlirdi. Artıq həmin əlcək NATO tərəfindən götürülmüş sayıla bilər. Hər halda, əksər siyasi müşahidəçilər o qənaətdədir ki, Gürcüstanda təlim mərkəzinin açılışı ilə Şimali Atlantika bloku da Cənubi Qafqazda “həmişəlik qalmaq” əzmini nümayiş etdirib.
***
Beləliklə, NATO öz sərhədlərini bir az da Rusiyaya tərəf sürüşdürmüş oldu, ona daha da yaxınlaşdı və indi daha böyük coğrafiyada Rusiya ilə qonşu-həmsərhəddir faktiki. Aydındır ki, bu proses Moskvanın qətiyyən ürəyincə deyil. Çünki Rusiya yaxşı fərqindədir ki, blok bölgənin “Qərb qapısı” sayılan Gürcüstanın ardınca qonşu Azərbaycanda möhkəmlənməyə can atacaq və Ermənistana da “qarmaq atacaq”. Bunun təzahürləri də artıq ortadadır.
Məsələn, salamnews-un yeni açılacaq NATO-Gürcüstan birgə mərkəzinin Azərbaycanla hansı istiqamətdə əməkdaşlıq edəcəyi barədə sualına alyansın mətbuat xidmətindən belə cavab verilib.
Sitat: “Biz Gürcüstanla birgə sözügedən mərkəzin Gürcüstana, müttəfiq ölkələrə və digər həmkarlara necə fayda verməsini müəyyən etmək üçün birgə işləyirik. Mərkəz tam istismara verildikdən sonra orada müttəfiq ölkələrin və Azərbaycan kimi NATO-ya tərəfdaş ölkələrin ordularının Gürcüstan ordusu ilə birgə hazırlanmasına kömək edəcək”.
Ayrı sözlə, Brüssel Azərbaycanın Silahlı Qüvvələrinin də Türkiyə və Gürcüstan kimi alyansın standartları əsasında formalaşmasını istədiyini gizlətmir. Bu isə ən yaxın perspektiv üçün həm də Rusiyanın Azərbaycan kimi mühüm silah alıcısını itirməsi anlamına gəlir. Yəni Kremlə geostrateji itkilərlə yanaşı, sanksiyalardan və rublun devalvasiyasından əziyyət çəkən onun kasad büdcəsinə maddi itkilər də vəd olunur.
Bu yerdə bir daha xatırladaq ki, cari ilin əvvəlində ABŞ Senatının qəbul elədiyi sənədlə Gürcüstan, Ukrayna və Moldova ABŞ-ın NATO-dan kənar hərbi müttəfiqləri elan edilib. Bundan əlavə, sənədə əsasən, Azərbaycan da öz təhlükəsizliyini təmin eləmək üçün Amerikaya hərbi kömək üçün müraciət edə bilər (Ermənistana belə bir şans tanınmayıb).
Regionumuza, onu təzədən şəkillənməsinə yönəlik belə çoxşaxəli, strateji əhəmiyyətli fəaliyyət planı böyük ehtimalla, ən əvvəl NATO-nun regiondakı əsas ötürücü dövləti və müttəfiqi Türkiyənin köməyi ilə irəli aparılacaq. Zatən, proses neçə gedir də - artıq müdafiə nazirləri səviyyəsində Bakı-Ankara-Tiflis hərbi əməkdaşlıq formatı mövcuddur, ortaq hərbi təlimlər (xüsusən də Azərbaycanla) həyata keçirilir və s.
***
Ötən sayımızda vurğuladığımız kimi, son günlər Qərb üçün strateji önəm daşıyan qaz kəmərlərində (Bakı-Tiflis-Ərzurum) intensivləşən, Kremlin də barmağının olduğu istisna edilməyın partlayışlar (Rusiya belə partlayışlarda “Türk axını”na rəqib sayılan "Transxəzər" qaz kəmərlərinin əngəllənməsi baxımından maraqlıdır) Qərbin əsas hərbi-siyasi qurumu kimi NATO-nun bölgəyə daha yaxın məsafədə qərar tutmasını labüd edir.
Bu yöndə siqnallar gəlməyə başlayıb. Qalır indi NATO timsalında Qərbin yeni mesaj-siqnallarına şimal qonşumuzun hansı reaksiyanı verməsi. /musavat.com/